Elə belə edirsən ki, ağzına daş basırlar da və yaxud Tengiz bəyin oduna yanan məşqçi

620

Deyəsən, Tengiz bəyin, apa-nın əməkdaşı Tengiz Məmmədovu deyirəm e… Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevlə ədavəti var? Yəqin, ədavəti olmasaydı, hər dəfə bu kişiyə sonradan problem yaradacaq suallarla müraciət etməzdi.

Bəli, bu günlərdə Tengiz bəy Böyükağa müəllimin qapısını yenə döyüb, onu bir zamanlar çalışdığı “Neftçi” ilə bağlı sorğu-suala çəkib. Böyükağa müəllim də onun “fel”inə uyaraq elə cavablar verib ki, inanmıram, indən belə onu “Neftçi”nin bazasına yaxın qoyarlar. İşdi-şayəd, bu məsələ gündəmə gəlsə, şəxsən mən son mövsümdə əliboş qalmış, yəni çempionluğu və kuboku əldən vermiş, elə bu səbəbdən baş məşqçi Arif Əsədovu özündən uzaqlaşdırmış “Neftçi”nin rəsmilərinin tərəfində olacağam.
Baxın görüm, gözü hələ də “Neftçi”də qalmış bizim çox hörmətli Böyükağa müəllim bu klub haqqında nələr deyir. Deyir ki, bəs bu gün “Neftçi” başdan-ayağa problemdir: “Təxminən 1 il bundan əvvəl mən komandanı təhvil vermişəm”. Hətta deyib ki, hazırda bu komandada adət-elədiyimiz oyundan əsər-əlamət qalmayıb. Ay nə bilim, “Neftçi” hazır komandadır, sadəcə, düzgün iş qurmaq lazımdır. Ay nə bilim, orta hər xəttin öz başbiləni var. Onlarla dil tapmaq lazımdır. Bir sözlə, Böyükağa müəllim “Neftçi”nin ünvanına o ki var döşəyib e…
İndi baxaq görək, son bir ildə “Neftçi”də nələr baş verib? Mən biləni Müşahidə Şurasının təşkilini çıxsaq, bu komandada elə bir ciddi dəyişiklik baş verməyib. Bu isə o deməkdir ki, çox hörmətli Böyükağa müəllim bu sözləri ilə yenə Müşahidə Şurasının bostanına daş atıb. Özü də elə bir daş ki… Məgər Böyükağa müəllim bilmir ki, bu gün bu komanda ilə bağlı bütün məsələlər həmin o Müşahidə Şurasından keçir? Bilmirsə, çox pis. Bilirsə, onda niyə belə cavab verir? Anlamıram ki… Odur ki, deyirəm, deyəsən, Tengiz bəyin, apa-nın əməkdaşı Tengiz Məmmədovu deyirəm e… Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevlə ədavəti var? Yəqin, ədavəti olmasaydı, hər dəfə bu kişiyə sonradan problem yaradacaq suallarla müraciət etməzdi. Mən niyə belə düşünürəm? Bir az səbiriniz olsun…
Böyükağa müəllim bu boyda həngamədən sonra nəql edir ki, bəs “Neftçi”nin yeni baş məşqçisinin kim olacağı hələ bilinmir: “Yeni baş məşqçinin kimliyinə rəhbərlik qərar verəcək. Əgər mənə belə bir təklif olsa, fikirləşərəm. O ki qaldı qərara… Böyükağa müəllim ərz edib ki, işdi-şayəd, mən ora baş məşqçi kimi dəvət alsam, siftə bunların mənə qarşı olan fikirlərindən xəbər tutaram və strategiyaları ilə tanış olaram. Ondan sonra isə qərarımı verərəm.
Ay Böyükağa müəllim, məgər bu cür açıqlamalardan sonra Müşahidə Şurası sizə belə bir təklif göndərərmi? Kişiləri quru yuyub yaş sərməyiniz azlıq edir, hələ onlardan nəsə də umursunuz? Vallah, belə olmaz… Axı bizlərdə dədə-babadan belə bir məsəl var: əl əli yuyar, əl də üzü… Siz isə əli, üzü nələrlə isə səhv salırsınız.
Bu yerdə bir məzəli əhvalat yadıma düşdü. Deməli belə: bir Molla Nəsrəddin bir bulağın yanından keçərkən su içmək istəyir. O, bulağa yaxınlaşanda onun su axan gözünə daş tıxandığını görür. Suyun yolunu açmaq məqsədilə daşı dartıb çıxararkən təzyiqlə gələn su fəvvarə vurub mollanın üst-başını isladır. Odur ki, Molla heç su içməmiş daşı əvvəlki yerinə qoyub bulağa deyir:
– Elə bu cür nadincsən ki, ağzına daş basıblar da…
İndi onun sözü olmasın, Böyükağa müəllim də nə qədər ki, belə açıqlamalar verəcək, onu nəinki “Neftçi”, həmçinin digər klubların rəhbərləri də baş məşqçilik postuna yaxın qoymayacaqlar.
Tengiz bəy, sən heç olmasa, o daşı yerindən oynatma! Yəni o kişi ilə olan ədavətini başqa formada apar. Mən bilən, sənin buna qabiliyyətin çatar.

Qvami Məhəbbətoğlu