Ekspertlər… pessimist yanaşırlar

0
531

Sağlamlığımız üçün zəruri ehtiyaclarımızdan olan dərman preparatları qocalı-cavanlı hər kəs tərəfindən istifadə edilir. Bir çoxlarımız dərman alarkən onun son istifadə tarixinə və istehsal yerinə baxırıq. Əksəriyyətimiz də Rusiya istehsalı olan dərmanlara üstünlük veririk. Çünki Rusiya istehsalı olan dərmanların daha keyfiyyətli və digərlərinə nisbətən ucuz olduğu deyilir. Ümumiyyətlə, apteklərdə satılan dərmanların, demək olar ki, hamısı xaricdə istehsal olunur və ölkəmizə gətirilir. Bəs, görəsən, ölkəmizdə dərman istehsalı olarsa, dərman bazarında nə kimi dəyişikliklər baş verə bilər? Bunun ölkəmiz üçün nə kimi faydası olar? Bu dərmanların keyfiyyəti necə olar?

“Bizdə dərman preparatları istehsal etmək üçün təbii xammal var”
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Zaman-Azərbaycan”a bildirdi ki, sovet dövründə Azərbaycanda (sovet sənayesinin bir tərkib hissəsi kimi) əczaçılıq sənayesi olub: “Ancaq bizdə mürəkkəb strukturlu dərman istehsalı həyata keçirilməyib. Yalnız məlhəmlər və s. şəklində sadə dərmanlar tablet formasında istehsal olunub. O zamanlar bunun üçün zavod da olub, mütəxəssislər də olub. Bu gün Azərbaycanda bu işi qurmaq üçün çox ciddi addımlar atmaq lazımdır. Qloballaşan dünyada Azərbaycan Qərb təbabətinin bir hissəsi olmağı hədəfləyir. Bunun üçün bizdə elə müştərək şirkətlər qurulmalıdır ki, onun vasitəsilə Azərbaycanda dünya standartları səviyyəsində dərmanlar istehsal oluna bilsin. Bu baxımdan mən hesab edirəm ki, aparıcı Qərb şirkətləri ilə bu cür əlaqələrin qurulması daha məqsədəuyğun olar. Bizdə dərman preparatları istehsal etmək üçün təbii xammal, yəni dərman bitkilərinin böyük əksəriyyəti var. Digər məhsullardan olan sintetik xammalın həlli üçün də müəyyən addımlar atıla bilər”.

“Dərmanların Azərbaycanda
istehsalı daxili bazarda xeyli
ucuzlaşmaya səbəb ola bilər”
“İstehsal şirkətlərinin hər biri istehsal etdiyi məhsulların keyfiyyətinə görə Azərbaycan xalqı və dövləti qarşısında məsuliyyət daşıyır”,-deyən professor A. Qeybulla: “Bizim istehsal edəcəyimiz dərmanlar ən azı qonşu dövlətlərə gedib çıxa bilər. Buna görə də bu işə diqqətlə yanaşmaq lazımdır. Çünki dərman insanın həyatına təsir edə bilər. İstər ərzaq, istər dərman təhlükəsizliyi Milli Təhlükəsizlik Konsepsiyasının bir tərkib hissəsidir. Bu məsələyə başlanıldıqda ciddi yanaşılmasa, bu bir forma olarsa, görüntü xarakteri daşıyarsa, çox perspektivsiz bir iş olacaq. Dərmanların keyfiyyət parametrlərini inkişaf etdimək üçün ən azı Ümumdünya Səhiyyə Təşkilatının reyestrində olan dərmanların kimyəvi strukturca analoqunu istehsal etmək lazımdır. Bunun üçün birinci növbədə həmin dərmanlar düzgün rafinə edilməli, beynəlxalq standartlara görə istehsal olunmalıdır. Onun tərkibinə qatılan dərman əlavələri tam təhlükəsiz olmalıdır. Bu baxımdan da yaxşı olardı ki, dünyanın aparıcı firmaları ilə müştərək firmalar burada qurulsun. Hələlik, müəyyən dərmanlar xaricdə istehsal olunub, Azərbaycanda qablaşdırılsın və tədricən yerli istehsala başlanılsın. Mümkün deyil ki, biz indi bütün dərmanları yüksək səviyyədə istehsal edək. Ancaq antibiotiklər, qan təzyiqini normallaşdıran, şəkərli diabet əleyhinə və bir sıra xalq arasında geniş istifadə olunan dərman preparatlarının Azərbaycanda istehsalı daxili bazarda xeyli ucuzlaşmaya səbəb ola bilər”.

“Rentabelli olub-olmayacağını
araşdırmaq lazımdır”
İqtisadçı Nazim Məmmədov hesab edir ki, istənilən yerli istehsalın üstünlükləri çoxdur: “Ölkənin daxilində istehsal olunan məhsullar üçün sahibkarlar, dövlət orqanları valyuta xərcləmiş olurlar. Bunun üçün idxaldan asılılığı azaltmaq üçün yerli istehsalatın stimullaşdırılması prosesi həyata keçirilib. Ancaq çox təəssüf edirəm ki, ölkə başçısının sahibkarlara göstərdiyi maddi və mənəvi dəstəkdən bəzən sui-istifadə olunur. Gələk dərman istehsalı məsələsinə, dərman istehsalı sahəsi spesifik sahə olduğuna görə burada da bəzi sahələrdə olduğu kimi, milyardlarla mal istehsal olunmalıdır ki, onlar rentabelli olsunlar. Yəni dərman preparatlarının Azərbaycanda istehsal edilməsinin nə qədər rentabelli olub-olmayacağını araşdırmaq lazımdır. Hansı dərmanların Azərbaycanda hazırlanması üçün potensial və xammal bazası var? Bu məsələ çox spesifik sahə olduğuna görə inkişaf etmiş ölkələrin əksəriyyəti müəyyən dərmanları hazırlamır. Yəni onun üçün vəsait ayırmırlar. Vəsait ayırmaq üçün ilkin olaraq iqtisadi səmərəliliyi müəyyən etmək lazımdır. Buna görə də bu barədə ekspertlər araşdırma aparmalı, ətraflı düşünməlidirlər. Ümumiyyətlə, iqtisadiyyatımızda rəqabət mühiti tam olmayana qədər hər hansı bir məhsulun istehsalı şübhə altına düşəcək. Buna görə də ümumi iqtisadi islahatlar tam başa çatmayana qədər bir fikir söyləmək mümkün deyil. Sabahkı gün istehsal edəcəyimiz dərman preparatları bizim sağlamlığımıza kömək edəcək, ya zərər vuracaq. Daha çox yerli istehsal olunarsa, dərman preparatlarının da qiymətində endirimlər ola bilər. Yerli dərman istehsalı məsələsinə keyfiyyət və səmərəlilik baxımından mən çox pessimist yanaşıram”.

 

Nərmin Haqverdiyeva