Ekspert: Tütünçülüyün perspektivləri var

0
277

Elə ölkələr var ki, orada tütün istehsalı yoxdur. Ancaq həmin ölkələrdə siqaret fabrikləri mövcuddur və onlar müxtəlif dövlətlərə,  o cümlədən Azərbaycana da siqaret ixrac edirlər. Prezident İlham Əliyev  Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə dair iclasındakı yekun nitqində deyib ki, bu, absurddur, dözülməzdir. Dövlətimizin başçısı tezliklə tütünçülük sahəsində də dönüş yaranacağını qeyd edib.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli “İki sahil”ə açıqlamasında bildirdi ki, artıq bu istiqamətdə atılan addımlar öz bəhrəsini verməkdədir: “Kənd təsərrüfatının bütün sahələri kimi, tütünçülüyün inkişafı da prioritetdir. Lakin bu istiqamət üzrə konkret proqramın olmaması həmin perspektivli sahənin inkişafına mane olurdu. “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” qəbul edildikdən sonra bu sahədə bir canlanma yarandı. Belə ki, 2016-cı ildə tütünün əkin sahəsi 2,4 min hektar, istehsal həcmi isə 3,6 min ton təşkil etmişdir ki, bu da potensial imkanlarından xeyli aşağı idi. 2017-ci ildə bu rəqəm 44.4 faiz artaraq 5,2 min tona çatdırılıb. 2018-ci ildə 3,4 min hektar sahədə tütün əkilib ki, məhsul yığımı başlanandan oktyabr ayının 1-dək sahələrdən keçən ilin müvafiq dövrünə nisbətən 3,8 min ton (4 faiz çox) məhsul yığılıb. İlin sonunadək isə 6 min ton quru tütün istehsalı nəzərdə tutulub. Bu kimi müsbət irəliləyişlər artıq ölkəmizə gətirilən tütün məmulatlarına da öz təsirini göstərməkdədir. Belə ki,  bu ilin yanvar-iyul aylarında Azərbaycana 73 296,43 min dollar dəyərində tütün və tütün məmulatları idxal edilib ki, bu da 2017-cı ilin eyni dövrü ilə müqayisədə 14 664 min dollar və yaxud 16,67% azdır”.

Nicat Nəsirli qeyd etdi ki, 2021-ci ilədək əkin sahələrinin 6 min hektara (hazırda 3200 hektardır), tütün istehsalının 12 min tona çatdırılması nəzərdə tutulub: “Əsasən, Zaqatala, Balakən, Şəki, Qax, Oğuz rayonlarında tütün sahələrinin genişləndirilməsi nəzərdə tutulub. Orta məhsuldarlıq səviyyəsi hər hektara 2 ton olacaq ki, bu da qarşıya qoyulmuş hədəfə çatmağa şərait yaradacaq. Bir sözlə, Dövlət Proqramının həyata keçirilməsi ölkəmizdə tütünçülük ənənələrinin bərpasına, tütün emalı müəssisələrinin xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsinə, bölgələrin aqrar-sənaye potensialının artırılmasına, xüsusilə regionlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, tütün və tütün məmulatı üzrə idxaldan asılılığın azaldılmasına, o cümlədən qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək. Daha keyfiyyətli tütünümüzün ixrac imkanlarına gəlincə, bu imkanlar kifayət qədər çoxdur. Çünki ətraf ölkələrdə tütün istehsalı yoxdur. Digər tərəfdən, bütün ölkələrə bizim ixrac imkanlarımız mövcuddur. Bununla da növbəti illərdə ölkəyə siqaret idxalı məhdudlaşdırılacaq və valyuta ehtiyatlarımıza qənaət olunacaq”.

Müsahibimiz daha sonra bildirdi: “Unutmayaq ki, tütün ölkəmiz üçün ənənəvi kənd təsərrüfatı məhsuludur. Bu, iqtisadi əhəmiyyətinə görə Azərbaycanın pambıqdan sonra ikinci texniki bitkisi hesab olunur. Bəzən ona əbəs yerə “ağ qızıl”ın qardaşı demirlər ki… Bəli, Azərbaycanda tütün istehsalı üçün perspektiv baza, o cümlədən bu sahəyə dövlət dəstəyi var. Belə ki, emal müəssisələrinə satılmış quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilməsi müəyyən edilib. Hazırda yaş tütünün alış qiyməti birinci növü üçün 25, ikinci növ üçün 17, üçüncü növ üçün isə 10 qəpikdir. Bi sahə ilə məşğul olanların vəzifəsi isə mövcud resurslardan səmərəli yararlanaraq tütünün istehsalını artırmaq və dünya bazarında brendimizi möhkəmləndirməkdir”.

Qvami Məhəbbətoğlu, “İki sahi