Ekoloji terrorları yalnız vəhşi qəbilələr edə bilər

63

Erməni vəhşilərinin törətdikləri ekoloji terrorları yalnız vəhşi qəbilələr edə bilər

Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasəti ilə yanaşı, beynəlxalq qaydalara məhəl qoymadan tarixdə analoqu olmayan ekoloji terror siyasəti də aparıb. Erməni vəhşilərinin Kəlbəcəri, Ağdamı və Laçını tərk edərkən meşələri necə qəddarcasına yandırdıqlarını bütün dünya da gördü. 30 ilə yaxın müddətdə saf havasını udduqları təbiətin flora və faunasına qarşı bu cür amansız münasibətləri ilə  onlar kim olduqlarını bir daha nümayiş etdirdilər. Bütün bunlarla erməni vəhşiləri bir daha sübut etdilər ki, onlar ekoloji terror törətməkdə də mahirdirlər.

Bu il dekabrın 1-də Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edərkən demişdir ki, mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıb. Bildirmişdi ki, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası, eləcə də dövlət təbiət qoruqları və yasaqlıqları da diqqət mərkəzində olacaqdır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri çərçivəsində erməni vəhşiləri tərəfindən ekoloji terrora məruz qalmış Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə baş çəkmələrini, qoruqda çinar ağacları əkmələrini, Bəsitçaya balıq buraxmalarını bunun əyani təzahürü kimi dəyərləndirmək olar.

Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə yalnız çinar ağaclarının əkilməsi heç də təsadüfi deyildir. Unutmayaq ki, Avropada da unikal meşə kimi tanınan Zəngilan rayonunun ərazisindəki Bəsitçay Dövlət Təbiət Qoruğu adı Azərbaycanın “Qırmızı kitabı”na yazılmış Şərq çinarlarını qorumaq məqsədilə yaradılmışdı. Təəssüf ki, son 30 ildə erməni təcavüzkarları bu nadir təbiət incisini də məhv ediblər. Bu məsələni xatırladan Prezident İlham Əliyev Bəsitçay Dövlət Təbiət Qoruğunda olarkən bildirmişdir ki, 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmış Bəsitçay qoruğunda 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu: “Bu, nadir çinar ağacları meşəsi idi. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Bu, erməni vandalizminin növbəti əlamətidir.” “Biz bu qoruğu bərpa edəcəyik” deyən dövlətimzin başçısı artıq  Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpasına start verildiyini vurğulamışdır. Şübhəsiz,  həmin ağacları yetişdirən torpaq onları yenidən bitirəcək.

Məlumat üçün bildirək ki, erməni barbarları Laçın rayonu ərazisindəki 240 hektarlıq Qaragöl Dövlət Təbiət Qoruğunda, 8500 hektarlıq Qubadlı Dövlət Təbiət Yasaqlığında, 400 hektarlıq Daşaltı Dövlət Təbiət Yasaqlığında, 7500 hektarlıq Laçın Dövlət Təbiət Yasaqlığında, 1700 hektarlıq Arazboyu Dövlət Təbiət Yasaqlığında da yırtıcı xislətlərinə uyğun vəhşiliklər törədiblər. Prezident İlham Əliyevin dediyi kimi, bunları yalnız vəhşi qəbilə edə bilər.

Bir məsələni də vurğulayaq ki, hazırda işğaldan azad olunmuş ərazilərdə ekoloji durumun bərpa edilməsi istiqamətində işlərə başlanılıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Füzuli, Zəngilan, Ağdam, Qubadlı, Cəbrayıl rayonlarında ağacəkmə kampaniyaları aparılıb. Şübhəsiz, işğaldan azad olunmuş ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə belə tədbirlər Qarabağımızın hər bir yaşayış məskənini əhatə edəcək.  İşğaldan azad olunan ərazilərimizdə biomüxtəlifliyin qorunması üçün xüsusi mühafizə olunan təbii ərazilərimizin (qoruq və yasaqlıqlar) bərpası, eyni zamanda ekoturizmin inkişafı baxımından yeni milli parkların yaradılması da diqqət mərkəzindədir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan qısa müddətdə ərazi bütövlüyünü bərpa etdiyi kimi, təbiətinə vurulmuş yaraları da sağaldacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”