Ekoloji fəlakət mənbələri – AES-lər

826

Son illərdə bəşəriyyət üçün artan ekoloji təhlükələr sırasında dünyanın müxtəlif ölkələrində inşa edilən Atom Elektrik Stansiyaları (AES) ilə bağlı həyəcan təbili çalınmaqdadır. Bu da əsassız deyil. Belə ki, 1986-cı ilin aprel ayının 26-da Çernobıl Atom Elektrik Stansiyasında ( AES) baş verən qəza və 2010-cu ildə isə güclü zəlzələ nəticəsində Yaponiyanın “Fukusima” Atom Elektrik Stansiyasının sıradan çıxması bəşəriyyətin böyük bir ekoloji təhlükə qarşısında qaldığını bir daha sübut etmiş oldu.

Bu baxımdan “Fukusima” AES-in zəlzələ nəticəsində qəzalı hala düşməsi və ətraf üçün böyük təhlükəyə çevrilməsi isə AES-in xidmətindən istifadə edən ölkələrin hamısında ciddi təşvişlə qarşılanmaqdadır. Təsadüfi deyil ki, artıq bəzi Avropa ölkələri, o cümlədən Almaniya Yaponiyada baş verən təbii fəlakətlərin AES-i qəzalı vəziyyətə salması və bunun böyük təhlükə mənbəyinə çevrilməsindən narahat olaraq, öz ərazilərindəki analoji stansiyaların təhlükəsizliyini təmin etmək üçün bəzi addımlar atmağı planlaşdırırlar. Məsələn, Almaniya kansleri Angela Merkel “Fukusima” AES-in zəlzələ nəticəsində qəzalı vəziyyətə düşməsindən sonra bəyan etdi ki, ölkədəki AES-lərin bir çoxunu, o cümlədən 7 AES-in fəaliyyətini dayandıracaq. Bunun əvəzinə mümkün qədər külək və ya günəş enerjisindən istifadəyə imkan verəcək daha çox stansiyaların tikiləcəyini söyləyib. Yeri gəlmişkən, onu da deyək ki, hazırda Almaniyada 17 AES var. Onlar ölkənin elektrik enerjisinə olan tələbatın 23 faizini ödəyir.

Onu da deyək ki, dünyanın 31 ölkəsində hazırda 440 AES var. Onlardan 300-nün istismar müddəti başa çatıb. Rusiyada 31, ABŞ-da 104, Fransada 59, Yaponiyada 54, Almaniyada 19, Cənubi Koreyada 16, Kanadada 14, Ukraynada 13, İsveçdə 11, Çində 3 AES var. Amma 7-si də inşa edilir. İngiltərədə bəzi AES-lər bağlanıb. Fransa və İsveçdə yeni AES-lərin inşasına moratorium qoyulub.

Bununla belə 2030-cu ildə bütün dünyadakı AES-lərin sayının 700-ə çatacağı gözlənilir.

Təhlükəyə baxmayaraq…

AES-lərdən gələn təhlükənin kifayət qədər böyük olmasına baxmayaraq, onların sayı ildən-ilə artmaqda davam edir. Bunun da səbəbləri aydındır: Belə ki, məhz AES-lərin işə düşməsindən sonra elmi-texniki tərəqqiyə nail olundu. Xüsusilə, kosmosun fəthi üçün geniş perspektivlər açıldı. Buraya dünya ağalığı uğrunda mübarizə aparan ölkələrin məhz AES-lərin hesabına atom bombasının hazırlanması üçün müvafiq material əldə etməsini də əlavə etmək lazımdır. Artıq sivil dünyamızı AES-siz təsəvvür etmək mümkün deyil. Belə ki, enerji alınmasında istifadə edilən təbii qaynaqlar get-gedə azalmaqdadır və bu da özlüyündə enerji qıtlığına gətirib çıxarır. Bu baxımdan da insanların elektrik enerjisinə olan ehtiyaclarının ödənilməsində AES-lər xüsusi rol oynayır. Digər tərəfdən də, AES-lərdə elektrik enerjisinin alınması daha rahat və problemsiz həyata keçirilir. Qeyd edək ki, nüvə reaksiyası zamanı ayrılan enerji digərləri ilə müqayisədə milyonlarla dəfə çoxdur. Bundan əlavə, AES-lər istilik elektrik stansiyaları (İES) və su-elektrik stansiyaları ilə müqayisədə daha böyük üstünlüklərə malikdir. AES-in inşası üçün iri su bəndlərinin tikilməsinə, məhsuldar torpaqların su altında saxlanılmasına ehtiyac duyulmur. Analoji fikirləri günəş və külək enerjiləri barədə də demək olar. Amma günəş və külək elektrostansiyalarından alınan elektrik enerjisi AES-lərlə müqayisədə kifayət qədər azdır və onlar əhalinin elektrik enerjisinə olan tələbatını qismən ödəməyə qadirdirlər. Bura insanların elektrik enerjisinə olan tələbatının ildən-ilə artmasını da əlavə edəndə, onda AES-lərdən gələn təhlükəyə baxmayaraq, onların yenilərinin inşa edilməsi zərurət kimi qarşıya çıxır.

“Metsamor” AES təhlükəsi

Azərbaycan və ümumiyyətlə, Cənubi Qafqaz üçün ən böyük ekoloji fəlakət mənbəyi Ermənistandakı “Metsamor” AES-dir.

1970-ci ildə inşa edilən “Metsamor” AES zəlzələ zonasında yerləşir və bu baxımdan ekoloji baxımdan böyük fəlakət mənbəyi hesab edilir. Hələ 1982-ci ildə “Metsamor” AES-də baş verən yanğın böyük həyəcan doğurmuşdu. Yanğın çətinliklə söndürülsə də, artıq ətraf güclü şüalanmaya məruz qalmışdı. Amma o vaxt bu barədə rəsmi səviyyədə susmağa üstünlük verildi. 1988-ci ildə 25 min insanın həyatına son qoyan Spitak zəlzələsindən sonra “Metsamor”un işi dayandırıldı. Lakin beynəlxalq etirazlara baxmayaraq, Ermənistan tərəfindən 1995-ci ildə “Metsamor”-AES-in fəaliyyəti bərpa edildi və hətta əlavə olaraq ikinci reaktor da buraxıldı.

“Metsamor” AES təhlükəsi isə kifayət qədər böyükdür. Belə ki, ekspertlərin fikrincə, “Metsamor” AES- də qəza baş verəcəyi təqdirdə Azərbaycan və Gürcüstan daxil olmaqla Qafqaz, o cümlədən İran Türkiyə və Türklmənistan ekoloji fəlakət qarşısında qalacaqlar. Bununla bağlı hələ ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq, dəfələrlə Beynəlxalq Atom Agentliyi ( MAQATE) qarşısında məsələ qaldıraraq onun bağlanılması tələb edilib. Ancaq Qərbdə Metsamor AES-dən region ölkələri üçün gələ biləcək təhlükəni etiraf etsələr də, onun fəaliyyətinin dayandırılması istiqamətində ciddi addımlar atılmır. Halbuki Avropa Birliyi, o cümlədən MAQATE ekspertləri Metsamor AES-i köhnə və az etibarlı adlandırır.

Ermənistanın özü üçün də ciddi təhlükə mənbəyi olmasına baxmayaraq, “Metsamor” AES-i bağlamaq istəmirlər. Buna Ermənistan rəsmi səviyyədə ölkənin elektrik enerjisinə tələbatının 40 faizinin istehsal edildiyi ilə haqq qazandıraraq, bu stansiyadan əl çəkmək niyyətində olmadıqlarını nümayiş etdirirlər. Yerevan bildirir ki, 2016-cı ildə onun yerinə daha güclü və Qərb standartlarına uyğun atom elektrik stansiyası tikməyi planlaşdırır. Öz növbəsində stansiyanın keçmiş Baş direktoru Suren Azatyan hələ illər öncə Azadlıq Radiosunun erməni xidmətinin əməkdaşlarına deyib ki, hələ də Metsamordan radioaktiv maddələr sızmadığına əmin deyil. Onun fikrincə “Metsamor” da qəza baş versə, qonşu ölkələr kimi Ermənistan da böyük ekoloji fəlakət qarşısında qalacaq. Amma buna baxmayaraq, o da qəbul edir ki, Ermənistan bu stansiyadan alınan enerjiyə həddən artıq möhtacdır və onu işlətməyə məcburdur: “1986-cı ildə Çernobılda qəza olandan sonra “Metsamor”da da təhlükəsizlik standartları radikal şəkildə yüksəldildi. Məncə, Yaponiyada baş verənlərdən sonra Metsamor stansiyası da bir daha nəzərdən keçiriləcək. Bütün təhlükəsizlik qaydalarına əməl edilsə, atom elektrik stansiyalarının tikilməsi və ondan istifadə edilməsində heç bir problem olmaz. Bir hadisəyə görə demək olmaz ki, bu, olduqca riskli bir texnologiyadır, ondan imtina etmək lazımdır. Bu yanlışlıq olardı”.

Ermənistanda ictimai fəallar dəfələrlə bu stansiyanın hətta qonşu ölkələrdə yaşayan əhali üçün daimi risk mənbəyi olması barədə Türkiyədə və Azərbaycanın etirazlarına dəstək veriblər. Türkiyədə ətraf mühit fəalları bir neçə dəfə Türkiyə, Azərbaycan, Gürcüstan və İranın xarici işlər nazirliklərinə yazılı müraciət göndərərək, stansiyanın bağlanması üçün fəallıq göstərilməsini xahiş ediblər.

Onu da deyək ki, ictimaiyyətin təzyiqləri və etirazları nəticəsində 1995-ci ildən başlayaraq, Avropadan və ABŞ-dan “Metsamor” AES-in təhlükəsizlik standartlarının artırılmasına milyonlarla dollar pul xərclənib.

Gürcü ekspert “Metsamor” AES fəlakət

mənbəyidir

“Metsamor” AES təhlükəsi qonşu Gürcüstanda da narahtlıqla qarşılanır. Bunu Gürcüstan ekspertlərinin verdikləri açıqlamalar da təsdiq edir. Məsələn, Gürcüstan Texniki Universitetinin nüvə məsələləri üzər mütəxəssisi Gia Arabidze bildirir ki, indi “Metsamor” AES qonşu ölkələrə ciddi ziyan vurmasa da, Yaponiyadakına bənzər bir zəlzələ region üçün çox fəlakətli ola bilər. O deyir ki, bu stansiyanın zəlzələdən dağılma ehtimalı çox yüksəkdir. Yaponiyadakı belə stansiyalar Sovet İttifaqında tikilənlərdən zəlzələyə daha davamlıdır: “Köhnə üsullarla tikilən stansiyaların təhlükəsizliyi o qədər də yüksək deyil. Demək istədiyim odur ki, müasir stansiyalar əvvəlki modellərdən daha etibarlıdır. Ona görə güman edirəm ki, Ermənistandakı stansiya o qədər də etibarlı deyil. Bu baxımdan Metsamor AES region ölkə”ləri üçün AES fəlakət mənbəyidir”.

Britaniyadakı nüvə fizikası üzrə mütəxəssis Frank Barnaby da hesab edir ki, Metsamor stansiyasının dizaynı və yaşı onun zəlzələyə davamlı olmasına şübhələr yaradır.

Görünməz düşmən

“Metsamor” AES-in hətta qəza baş verməyəcəyi halda belə onun fəaliyyətinin ekologiya üçün böyük təhlükə olduğunu faktlar da sübut edir. Bunu ekspertlərin açıqlamaları da göstərməkdədir. Belə ki, AES-lərin inşası ilə bağlı ətraf mühitin radiasiyaya məruz qalması təhlükəsini ekspertlər, adətən, görünməz düşmən adlandırırlar. Qeyd edək ki, yer üzündə radiasiya mənbəyi kimi üç radioaktiv elementin – uran, torium və aktiniumun adı çəkilir. Adıçəkilən bu elementlər parçalanma prosesində ion şüalanması yayırlar. Məsələn, parçalanma prosesində onlar şəffaf və iysiz ağır radon qazı əmələ gətirirlər. Radon qazının ətrafda çox toplanması öz növbəsində radiasiya təhlükəsi əmələ gətirir. Yeri gəlmişkən deyək ki, qaz plitələrində istifadə edilən təbii qazın özü də radon mənbəyi hesab edilir. Ekspertlərin araşdırmalarına görə, vanna otaqlarında radon qazı mətbəx və evlə müqayisədə 40 dəfə çoxdur. Bütün bunlar da insanların müxtəlif xəstəliklərə məruz qalması deməkdir. Ona görə də, son 50 ildə radioaktiv şüalanmalar zamanı sağalmaz xəstəliklərə, xüsusən, xərçəngə yoluxanların sayı kosmik sürətlə artaraq, bəşəriyyət üçün qarşısıalınmaz bəlaya çevrilib.

Şüalanma – gec partlayan bomba

Radiasiya mənbəyi olan radioaktiv vasitələr radionukledlər, adətən, insan orqanizminə hava yolları və yeməklə daxil olurlar. Eyni zamanda insanın dərisini dəlib keçərək, sümükdə və orqanizmin fəaliyyətini təmin edən digər üzvlərində toplanaraq, onları tədricən məhv etməyə başlayırlar. Bunun nəticəsində insan ya şüa, ya da xərçəng xəstəliyinə tutulur. Şüalanma insan orqanizmində qocalma prosesini sürətləndirir. Paralel olaraq radioaktiv şüalanma genetik xəstəliklərə səbəb olur. Bu da 5-6 nəsil sonra özünü müxtəlif şəkildə (anadan eybəcər, əlil, anormal, doğulma, əqli çatışmazlıq) büruzə verir. Ətraf mühitin radioaktiv şüalanmaya məruz qalması daha böyük fəlakətlərə səbəb olur. Belə ki, radionukledlər yüz illər torpaqda qalır. Həmin torpaqlardan əkin, otlaq sahəsi kimi və ya mənzil tikintisi məqsədi ilə istifadə edilməsi insanlar üçün böyük təhlükə mənbəyidir. Bütün bunlar da AES-lərə olduqca ehtiyatlı yanaşmanı və onun inşası zamanı təbii fəlakətlər də daxil olmaqla, bütün ehtimal edilən təhlükələri nəzərə almanı tələb edir.

Təhlükəli qəzalar

AES-lərdə baş verən qəzalarla bağlı məsələ beynəlxalq aləmi hələ ötən əsrin 50-ci illərində təşvişə salmağa başlamışdı. Məsələn, 1959-cu il, iyun ayının 24-də Kaliforniya ştatındakı Santa-Syuzna şəhərindəki (ABŞ) AES- in enerji reaktorunda qəza baş vermişdi. Nəticədə stansiya ətrafındakı onlarla kilometr ərazi radioaktiv şüalanmaya məruz qalmışdı.

1961-ci il, yanvar ayının 3-də isə Aydaxo- Fols şəhəri (Ayadaxo ştatı) yaxınlığındakı eksperimental reaktorda partlayış baş vermiş və 3 nəfər həlak olmuşdu. 1979-cu il, mart ayının 28-də “Trimayl Aylend” AES-də (ABŞ) reaktorun soyudulmasına xidmət edən sistem sıradan çıxmışdı. Nəticədə atmosferə külli miqdarda radioaktiv qaz daxil olmuş, Sakyaxna çayına isə radioaktiv tullantılar sızmışdı. Nəticədə stansiya ətrafındakı əhali təcili şəkildə fəlakət zonasından köçürülmüşdü.

SSRİ- də də analoji qəzalar demək olar ki, hər il baş verirdi. Məsələn, 1957-ci il, sentyabr ayının 29-da Çelyabinsk yaxınlığındakı AES reaktorlarından birində qəza baş verdi. Bunun ardınca yüksək radioaktiv tullantılar saxlanılan beton anbarda soyutma sistemi gözlənilmədən sıradan çıxdı. Nəticədə radioaktiv maddələr atmosferə sızdı. Böyük bir ərazi radiasiyaya məruz qaldı. Həmin ərazilərdə əsasən etnik tatarlar məskunlaşmışdılar. Nəticədə on minlərlə insan ilk andaca radiasiya qurbanına çevrildi. Yarım milyondan artıq adam isə şüalanmaya məruz qaldı. Onları təcili şəkildə digər yerlərə köçürdülər. Amma şüalanmaya məruz qalan minlərlə insan sonrakı illərdə də ölməkdə davam edirdi. İnsan tələfatı o qədər böyük idi ki, baş verən qəza zamanı ölənlərin dəqiq sayı barədə məlumat bu gün də gizli saxlanılır.

1974-cü il, fevral ayının 6-da Leninqrad AES-in birinci blokunda qəza baş verdi. Nəticədə 3 nəfər yerindəcə həlak oldu, ətraf isə radioaktiv şüalanmaya məruz qaldı. Amma bunu ictimaiyyətdən gizli saxladılar.

Bundan bir il sonra, 1975-ci ilin oktyabr ayında Leninqrad AES-də yeni bir qəza baş verdi. Ətrafa yarım milyon küri həcmində yüksək şüalanmaya malik radioaktiv nukledlər dağıldı. Bu qəzanı da uzun illər boyu ictimaiyyətdən gizlətdilər.

Bəzi məlumatlara görə, Leninqrad AES-də bir-birinin ardınca baş verən qəzalar zamanı 10 milyona yaxın adam müxtəlif dərəcəli radioaktiv şüalanmaya məruz qalıb.

Bu baxımdan Azərbaycanın və region ölkələrinin “Metsamor” AES-lə bağlı narahat olmalarını təsadüfi hesab etmək olmaz. Xatırladaq ki, hələ 1982-ci ilin oktyabr ayında Ermənistan AES-in birinci blokunun generatorunda partlayış baş verdi. Qəzanın həcmi o qədər böyük idi ki, təcili şəkildə digər AES-lərdən Ermənistana yardım göndərildi. Qəzanı çox çətinliklə aradan qaldırmaq mümkün oldu.

Azərbaycan “Metsamor” AES-in

bağlanılmasında israrlıdır

“Metsamor” AES-in ekoloji fəlakət mənbəyi olduğunu Ermənistanın AES-də saxlanılması təhlükəli olan nüvə yanacağını başından etməsi də sübut etməkdədir. Belə ki, ötən il Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasında (AES) istifadəsi üçün nəzərdə tutulmuş 7 kaset nüvə yanacağından 3-cüsünü Rusiyaya göndərib. Qeyd edək ki, 1979 və 1987-ci illərdə “Metsamor” AES-dəki 2 kaset nüvə yanacağı burda saxlanılması təhlükəli olduğu üçün Rusiyaya göndərmişdi. Ona görə də, Azərbaycan bu stansiyanın bağlanılmasında israr etməkdədir. Bunun da nəticəsində, 3 il bundan əvvəl 2011-ci ildə Ermənistanda fəaliyyət göstərən “Metsamor” atom elektik stansiyası təhlükəsi ilə bağlı artıq Azərbaycanla beynəlxalq təşkilatlar arasında qarşılıqlı anlaşma əldə edilib. O vaxt məsələyə münasibət bildirən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov mətbuata verdiyi açıqlamada: “Metsamor” AES-lə bağlı mütəmadi iş aparılır. Demək olar ki, hər ay müəyyən arayış hazırlanaraq, Xarici İşlər Nazirliyinə göndərilir. Çox nadir haldır ki, beynəlxalq təşkilatlarla bu məsələ ilə bağlı az-çox anlaşma əldə edilib. Çünki “Metsamor” AES təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün təhlükədir”, – demişdi.

Lakin Ermənistan beynəlxalq aləmin bu etirazlarına məhəl qoymamaqda davam edir. Bu müstəvidə də Avropa Birliyi təkidlə “Metsamor”un bağlanmasını tələb etsə və Ermənistana enerji ehtiyaclarını ödəmək üçün 100 milyon avro verməyə hazır olduğunu bildirsə də, qarşı tərəf bununla razılaşmır. Ermənistan “Metsamor”u 2016-cı, uzaq perspektivdə isə 2031-ci ilədək istifadə etmək niyyətində olduğunu gizlətmir. Son 10 ildə bu zonada xeyli miqdarda kiçik zəlzələlərin baş verdiyi, seysmoloqların araşdırmalarına görə, bu proseslərin intensivləşməkdə olduğu nəzərə alınarsa, “Metsamor”da böyük qəza törənəcəyi halda yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcəklər.

Ermənistanda da məsələ ilə bağlı narahatlıq davam etməkdədir. Məsələn Ermənistanda Yaşıl Birlik adlı qeyri-hökumət təşkilatının rəhbəri Hakob Sanasariyan deyir ki, Yerevandan 40 kilometr kənarda fəal zəlzələ zonasında inşa edilən Metsamor AES olduqca təhlükəlidir.

O, stansiyadan gələn təhlükəni belə izah edir: “Stansiyanın çevrəsində 5 tektonik çat var. Onlardan biri stansiyadan 34 kilometr, biri 16 kilometr, daha biri isə 500 metr məsafədədir. Bunu bilə-bilə iddia edirlər ki, həmin stansiyanın heç bir təhlükəsi yoxdur”.

“Metsamor” AES-dən gələn təhlükəyə baxmayaraq, MAQATE və Qərb dövlətlərinin bu ekoloji fəlakət mənbəyi ilə bağlı ciddi addımlar atmamasına baxmayaraq, Azərbaycan bu stansiyanın bağladılmasında israrlıdır. Bunu Prezident İlham Əliyev bu ilin martın 25 də Hollandiyanın Haaqa şəhərində III Nüvə Təhlükəsizliyi Sammitinin plenar iclasında çıxışı da sübut etdi. Həmin çıxışında Azərbaycan Prezidenti bir daha beynəlxalq aləmə “Metsamor” AES təhlükəsi barədə xəbərdarlıq edib. İlham Əliyev: “Ermənistanda 40 il öncə tikilən və istifadə müddəti başa çatmış Atom Elektrik Stansiyasının yaratdığı təhlükə bütün region və yaxın qonşu üçün böyük təhdiddir”.

Prezident xatırladıb ki, “Metsamor” Atom Elektrik Stansiyası yüksək seysmik zonada yerləşir və üstəlik köhnəlib, olduqca təhlükəli texnologiyaya əsaslanır: “Ermənistan beynəlxalq narahatlığı aradan qaldırmaq və bu elektrostansiyanı bağlamaq əvəzinə onun fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib”.

İlham Əliyev stansiyanın bundan sonrakı fəaliyyətinin yol verilməzliyini vurğulayaraq, beynəlxalq təşkilatları bu böyük təhlükə mənbəyinin aradan qaldırılması barədə tədbirlər görməyə çağırıb.
Əziz Mustafa