Ehtiyatlı ol, ağac aşır

494
Paytaxtda dünən bütün günü külək əsdi. Və gün boyunca da şəhərin müxtəlif yerlərində ağacların aşması ilə bağlı xəbərlər yayıldı. Heç yadımdan çıxmır, bir neçə il əvvəl ana övladının əlindən tutub, evinə gəldiyi yerdə aşan ağacın altında qalmış, hər ikisi dünyasını dəyişmişdi. 
Sonrakı dövrdə də Bakıda bir neçə maşının üstünə ağac aşması xəbərini eşitmişik. Ona görə də hava bir az küləkli olan kimi adam küçədə ağaca yaxınlaşmağa qorxur. Şəhərin köhnə məhəllələrində, xüsusilə də “28 may” ətrafında elə ağaclar var ki, yıxılmaq üçün bir güclü təkan gözləyir. Başa düşürük ki, şəhərdə ağac kəsmək olmaz, ağac ağciyərimizdir, amma bu ağciyər başımıza yıxılırsa, onda necə olsun?

Bizdə çox mahir ağackəsənlər var, amma o ağackəsənlər küçə qırağında əyilmiş ağaclara dəyib-dolaşmırlar, onlarınkı parklardır, bağlardır, yəni bir obyekti yerləşdirməyə mane olan ağaclardır. Kəsəndə də elə kəsirlər ki, heç izi-tozu da bilinmir. Səhər durursan ki, ağac nədir, heç izi-tozu da yoxdur. Sonrası da məlum.

Bizdə vəziyyət necədir, bilmirəm, amma İstanbulun sahilboyu küçələrini dolaşanda diqqətimi ən çox cəlb edən ağacların gövdəsindən asılmış pasportlar oldu. Hər pasportda o ağacın yaşı, nömrəsi və qorunduğu qeyd olunub. Yəni o ağacların hər biri dövlət qeydiyyatında və himayəsindədir. Bizdə ağacların gövdəsinə onların pasportu bərkidilməsə də, bir ağaca balta vurmağın cinayət olduğunu hər kəs bilir. Ona görə də təhlükə mənbəyinə çevrilmiş bir ağacı kəsmək üçün bəzən aylarla yazışmalar gedir, məsələ həll olunub razılaşma əldə edilənə qədər isə ağac tab gətirməyib başını yerə qoyur.

Bakının relyefi, torpaq qatının xüsusiyyəti kifayət qədər öyrənilib. Bu işlə məşğul olan xüsusi elmi müəssisələr fəaliyyət göstərir. O müəssisələrdə yaxşı bilirlər ki, nəyi harada əkmək olar, ya olmaz. Amma bəzən dar küçələrdə kökü dərinə işləməyən ağacların əkildiyini görəndə təəccüblənməyə bilmirsən.

Heç yadımdan çıxmaz, kəndimizdə bir evin arxa divarı boydan-boya çatlamişdi, səbəb də nə olsa yaxşıdır, tut ağacının kökü. Qədim-qayım bir ağac idi, kökü evin divarının altından keçib onu yavaş-yavaş qaldırmış və çatlatmışdı. O divarı söküb, yenidən tikməli oldular, amma ağacı da kəsdilər ki, evi bir daha uçurmasın. Yəni mən bu yaşıma qədər hələ yıxılan tut ağacı görmədim. Mən indi demirəm ki, Bakının küçələrini tut ağacı ilə dolduraq, amma bilirəm ki, bizdə paytaxtımızda əkmək üçün kifayət qədər ağac növləri var. Elə ağlıma gəlmişkən deyim: Görəsən dağdağan ağacı paytaxtımızın küçələrinə necə yaraşar? Ya xan çinar, palıd? Hələ qədimdən bəri Abşeronda zeytun geniş yayılıb və bu gün da paytaxt küçələrində ən çox bu ağaclara rast gəlmək olar. Amma orası da var ki, bu ağaclara baxılmadığı üçün onların meyvəsi cırlaşıb, yağlılıq faizi xeyli aşağı düşüb və demək olar ki, ondan, ümumiyyətlə, istifadə olunmur. Nəticədə o meyvələr ayaq altında əzilir, küçələrin çirklənməsinə səbəb olur. Mənim kimsəyə məsləhət vermək kimi bir iddiam da yoxdur, inanıram ki, bu sahə üzrə mütəxəssislər nəyi necə etməyi, hara hansı ağacı əkməyi məndən çox yaxşı bilirlər. Mən isə bircə şeyi bilirəm ki, mövcud vəziyyətdə problem var və onu aradan qaldırmaq lazımdır. Bir də onu demək istəyirəm ki, qatil olmaq, sadəcə, öz əlinlə kimisə öldürmək deyil ki? Sən bu işin, yəni yerinə yetirməli olduğun, amma yetirmədiyin vəzifənin insan ölümünə səbəb ola biləcəyini bilə-bilə işində səhlənkarlığa yol verirsənsə, sən də qatilsən. Demək istədiyim bu qədər idi. Vəssalam. Allah köməyimiz olsun! Əli Çərkeəzoğlu