Ehtiyatda olan polkovnik: Azərbaycan Ordusu zəfərin astanasındadır

743

Azərbaycan Ordusu gündən-günə qüdrətini artırır və yeri gələndə işğalçı ölkəyə nələrə qadir olduğunu nümayiş etdirir. Məsələn, iyul döyüşləri zamanı ordumuz dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan ordusunu ciddi məğlubiyyətə uğratdı. Bununla da işğalçı ölkəyə, əgər belə demək mümkünsə, növbəti dəfə dərs verdi. Avqust ayının 23-də isə Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun cəbhənin Goranboy rayonu istiqamətində təxribat törətmək cəhdlərinin qarşısını qətiyyətlə aldı. Üstəlik, döyüş zamanı əsgərlərimiz erməni diversiya-kəşfiyyat qrupunun komandiri,  baş leytenant Qurgen Alaverdyanı əsir götürdülər. Ermənistan ordusunun ­Tovuz təxribatından sonra Goranboy istiqamətində diversiya-kəşfiyyat əməliyyatının məğlubiyyətlə nəticələnməsi bir daha sübut etdi ki, Azərbaycan Ordusu məkrli düşmənə sarsıdıcı zərbələr endirməyə, onun bütün hərbi təxribatlarını dəf etməyə hər an hazırdır.

Bütün bunlara baxmayaraq Ermənistan rəsmiləri öz ənənələrinə sadiq qalaraq dezinformasiya xarakterli məlumatlar yayaraq guya orduda  döyüş ruhunun yüksək olduğunu iddia etməkdə idi.  Amma avqustun 26-da erməni diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyan video-açıqlamasında Ermənistan ordusunun bugünkü durumuna aydınlıq gətirməklə onların bu sayıqlamalarına bir daha son qoydu. O bildirdi ki, işğalçı ölkənin silahlı qüvvələrinin tərkibində xidmət edən hərbi qulluqçular məcburi olaraq Azərbaycanın işğal altında olan ərazilərində xidmətə göndərilirlər. Bu isə o deməkdir ki, Ermənistan ordusunda heç bir döyüş ruhundan söhbət gedə bilməz. Daha sonra isə o, bir peşəkar hərbçi kimi bu sözləri dedi: “Mən, həmçinin başa düşdüm ki, erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qalib gəlmək şansı yoxdur”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan Ordusunun bütün tapşırıqların icrası­na qadir olmasını Prezident İlham Əliyev öz çıxışlarında dönə-dönə qeyd etmiş və Ali Baş Komandan kimi Silahlı Qüvvələrimizin  hazırlığı səviyyəsini yüksək qiymətləndirmişdir. Vurğulamışdır ki,  ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir. Təxribatların qarşısının alınması, eləcə də döyüş zamanı düşmənə vurulan zərbələr   Azərbaycanın müasir döyüş imkanları baxımından Ermənistandan dəfələrlə güclü olduğunu göstərir. Elə son iki ayda baş verənlər bunun təsdiqidir. Bu isə ordumuzun komandir və zabit heyətinin yüksək peşəkarlığının, təşəbbüskarlığının, çe­vikliyinin, mən deyərdim ki, vətənpərvərliyinin sayəsində baş verib.  

Bəli, hazırda ordumuz yenilməzdir. Artıq bunu düşmən əsgərləri və zabitləri də yaxşı dərk edirlər. Yəni, Cənubi Qafqazın ən qüdrətli hərbi gücünə malik Azərbaycan Silahlı Qüvvələrinin dünyanın 50 ən güclü ordusu sırasında yer almasından,  ordumuzun arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirməsindən, eləcə də ölkəmizin öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olmasından erməni əsgərləri və zabitləri də xəbərdardırlar. Elə Qurgen Alaverdyanın ordumuzla bağlı dediyi həmin fikirlər bunun təsdiqidir. Çünki o da yaxşı bilir ki, koronavirus pandemiyasının tüğyan etdiyi Ermənistanın daxilində böhranlı vəziyyət yaşanır, çaxnaşmalar getdikcə çoxalır, korrupsiya baş alıb gedir. Belə bir vəziyyətdə Ermənistan rəhbərliyinin əsgər ölümləri pik həddə çatmış ordusuna, onun hərbi qulluqçularına qayğısı sıfıra bərabərdir. Məsələn, bu günlərdə yayılan məlumata görə, respublikamızın  işğal edilmiş yaşayış məntəqələrinin birində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən əsgər Hrant Minasyanın oynaqlarında yaranmış problemin müalicəsi üçün onun valideynlərindən rüşvət tələb olunub. Amma daxili çəkişmələrə başı qarışan, sutka ərzində atəşkəsi 50-80 dəfə pozan,  Silahlı Qüvvələrlə paralel yığma qoşun yaradılması üzrə qanun layihəsini ictimai müzakirəyə çıxaran  Ermənistanın baş naziri Nikol Paşinyan ordudakı saysız-hesabsız nöqsanları pərdələməyə, həmin çatımazlıqları “nikbin” açıqlamaları ilə ört-basdır etməyə çalışır. Amma bu gün bizim ordumuzda belə hallar yaşanmır. Bu da şübhəsiz, ordumuza  olan diqqət və qayğının nəticəsidir. Bu baxımdan əminəm ki, tezliklə  bütün alaverdyanlar bu adi həqiqəti etiraf etməli olacaqlar.”

Müsahibimiz daha sonra dedi: “Əgər xatırlayırsınızsa, Prezident İlham Əliyev Tovuz döyüşlərindən dərhal sonra belə bir fikir səsləndirmişdi: “Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayı­dacağıq”.  Bəli, ötən hər gün bizi Azərbaycanın haqq işinin təntənəsinə, böyük zəfərə yaxınlaşdırır. Bu mənada mən deyərdim ki, Azərbaycan Ordusu zəfərin astanasındadır.”

Qvami Məhəbbətoğlu“İki sahil”