DYP-nin Mingəçevir bölməsi sükan arxasındakı qadın sürücüləri belə təbrik edib

752

 Dövlət Yol Polisinin (DYP) Mingəçevir bölməsi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə sükan arxasında olan qadın sürücüləri təbrik edib. Belə ki, bölmənin əməkdaşları tərəfindən onlara tər çiçəklər hədiyyə olunub. Günortaya qədər 30-dan artıq qadın sürücü belə sürprizlə qarşılaşıb.

Bu barədə saytımıza məlumat verən Dövlət Yol Polisinin Mingəçevir şəhər bölməsinin təbliğat və təşviqat işləri üzrə inspektoru    Xətai Məmmədov bildirib ki,  qadın sürücülələrə bayram sovqatlarının verilməsi günün axıranadək davam etdiriləcək:  “Bölməmizdə bu cür tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Bu dəfə də  ənənəmizə sadiq qalaraq zərif cinsin nümayəndələrini bayram günü sükan arxasında sevindirməyə nail olduq. 30-dan artıq sükan arxasında olan qadın sürücüyə, belə demək mümkünsə, bayram sürprizi etdik. Günün sonunadək onların sayı dəfələrlə artmış olacaq”.

Həmsöhbətimiz, həmçinin bildirib ki, gül dəstələri təqdim olunarkən təhlükəsizliyin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə sürücü xanımlarla təbliğat xarakterli söhbətlər də aparılıb.

Esmira Hidayətova, Mingəçevir