Düzəlmək bilməyən Araz və dili açılan Kintana

525

Uraaaaaaaaaaaa muştuluq. Nəhayət Azərbaycan futbolunun bu gündə olmasının əsl günahkarı tapıldı. Sən demə əsl günahkar jurnalistlər imiş. Milli komandanın bu gündə olmasının da səbəbkarları bizik, Foqtsu tapıb bura gətirən, ona ildə 2 milyon verən, 6 ildən sonra göndərib başqa bir əcnəbi olan Prosineçkini gətirən də elə bizimişik xəbərimiz yox idi. Çempionatı 18 komandadan 8 komandaya qədər ixtisar edən də jurnalistlər olub. Sən demə “Neftçi”ni də bu günə biz qoymuşuq. Çingiz Abdullayevin ardından Bəhram Bağırzadə də medanı hədəf götürdü. Adam utanmasa üzümüzə duracaqdı ki, “Qəbələ”yə 0:8 uduzan da jurnalistlər olub.
“Neftçi”dən söz düşmüşkən, bu komandanın özündənrazı, lovğa kapitanı Araz Abdullayev yenə dilini dinc qoymayıb. Bir neçə dəfə jurnalistlərə qarşı hörmətsizlik edən “7 nömrə” “İnter”lə oyundan sonra qələm əhlində “oşibka” tutub. Deyib ki, “narmalni sual verin də”. Adama deyən lazım ki, sən özün “narmalni” futbol oynayırsan ki, “narmalni” də sual gözləyirsən?
İkincisi, sənə sual verilib ki, “0:8 uduzduğunuz oyunla müqayisədə “İnter”lə necə oynadınız “. Burda “ne narmalni” olan nədi? Bəlkə sualdakı 0:8 rəqəmi qıcıq yaradır ? Zəhmət çəkərdin buraxmazdın 8 qolu. Bəs bilmirdin ki, “Qəbələ” önündə aşsüzən olanda jurnalistlər də tənqid edəcək, azarkeşlər də üz döndərəcək. Sizin oynadığınız futbolun və qazandığınızın nəticələrin qiymətini “İnter”lə oyunda elə öz azarkeşləriniz göstərdikləri jestlə verdilər. Unutma ki, səni Araz eliyən, 16 yaşında ilk dəfə millinin heyətində oyuna çıxanda dəstəkləyən, futbol ictimaiyyətinə tanıdan, bir ara Foqtsun “qara siyahısı”na düşəndə sənə görə almanla üz-göz olan elə bu mətbuat idi. Adam azarkeşdə, jurnalistdə səhv axtarmamışdan əvvəl öz oyununa, turnir cədvəlində tutduğu yerə baxar, sonra danışar.
Bu arada, “Qarabağ”a da gözaydınlığı vermək istəyirəm. Bir balacaları var e Dani Kintana, “Viktoriya”nın qapıçısı ilə təkbətək çıxanda ayağı əsən, bax onun dili açılıb. Özü də dili açılan kimi, ilk sözünü “pramoy” jurnalistlərə deyib. Sual veriblər ki, niyə bu qədər qol imkanını sağa-sola xərcləyirsiniz, o da qayıdıb deyib ki, xoşunuz gəlmir çıxın, özünüz oynayın. Məşədi İbadın sözü olmasın yıxasan bunu yerə ağzına-ağzına vurasan. Deyəsən ki, ildə 400-500 mini sən alırsan e jurnalist almır. Ölkədəki durum hamıya məlumdu. Ard-arda gələn devalvasiyalar, neftin qiymətinin kəskin aşağı düşməsi, qiymətlərin ceyran belinə qalxması, insanların axşam evinə çörək aparmaq üçün min-bir əziyyətə qatlaşması və s. Amma sən və sənin kimi legionerlər bunların heç birini hiss etmirsiniz. Çünki sizi yağ-bal içində bəsləyirlər. Sənin bir ilə qazandığını sənə o sualı verən jurnalist 100 il yaşasa və yeməsə-içməsə, aldığını bir kənara qoysa belə, yenə yığa bilməz. Aldığı 250-300 manatdı onun da yarısını sizin oyunlarınızı işıqlandırmaq üçün yollarda qoyur. MaşAllah, konkret yeriniz-yurdunuz da yoxdu bir gün Suraxanıda oynayırsınız, bir gün Mərdəkanda oynayırsınız, bir gün də Masazırda. Nə vecinizə, rahat maşınlara oturub gedrsiniz, oyundan sonra da həmin rahat maşınlar sizi düz qapınızın ağzına kimi aparır. Jurnalist kimi metrodan düşüb, marşurta, marşurutdan düşüb, metroya minmirsən, oyun gec qurtaranda, metro və avtobus olmayanda evə “peşkom” getmirsən. Ağzın isti yerdədi. Ölkənin sıxıntılı vaxtında o qədər pulu sənə verirlərsə, deməli, sən çıxıb oynamalısan. Onu da unutma ki, “Qarabağ”a “Barselona”dan gəlməmisən ki, özünü Messi kimi aparasan. “Əl-Əhli”dən gəlmisən, əlini, əhlini sal yanına dinməzcə futbolunu oyna. Avropa Liqasının qrupuna düşmək hələ böyük futbolçu olmaq demək deyil.
Anar XANLAROV