“Düşmənin istənilən döyüş nöqtəsini məhv etməyə hazırıq”

0
603

Hər bir kəs öz əməyi ilə vətənpərvər ola bilər. Məsələn, bənna külüngü, diplomat siyasəti, tarixçi üzə çıxardığı həqiqətləri, analar böyütdükləri övladları ilə əsl vətəndaş ola bilərlər. Bu, bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq, məğlubedilməzlik hissi yaradır, onda apardığı mübarizəyə inam hissini gücləndirir. Qəzetimizin budəfəki müsahibi də vətəni üçün canından, qanından keçməyə hazır olan bir insandır. O deyir ki, müstəqil Azərbaycanda yaşayan hər bir insan, ilk növbədə, bu dövlətin müstəqilliyinin təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Beləliklə, müsahibimiz Azərbaycan Hərbi Hava Qüvvələrinin idarə rəisi, polkovnik Elçin Axundovdur. Polkovnikə ilk sualımız Azərbaycanın Hərbi Hava Qüvvələrinin bugünkü vəziyyəti ilə bağlı oldu.

– Elçin bəy, pilotlarımız, sözün hər mənasında, qarşılarındakı hədəfi məhv etməyə hazırdırlarmı?
– Hazırda Azərbaycanın Hərbi Hava Qüvvələrində gedən proseslərə əsaslanaraq deyə bilərəm ki, yüksək nəticələr əldə etmişik. Bəli, günü bu gün düşmənin istənilən döyüş nöqtələrini hər an məhv etməyə hazırıq. Belə ki, müasir tələblərə cavab verən radiolokasiya stansiyaları qurularaq Azərbaycanın Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edilib. Eləcə də avtomatlaşdırılmış idarəetmə sistemləri fəaliyyət göstərir. Həmçinin hərbi hissələrdə mövcud olan hərbi texnikalar, helikopter, təyyarə və radiotexniki kəşfiyyat vasitələrinin daxili modernizasiya işləri aparılır.
– Pilotlarımızda müharibə təcrübəsini formalaşdırmaq üçün nə edirsiniz?
– Bizdə müharibəni keçən pilotlar var. Aviasiya rəisi müharibədə iştirak edib, aviabaza komandirlərinin çoxu müharibədə iştirak edib. Gələn yeni nəslə də döyüş təcrübəsini aşılayırıq. Bununla bağlı daimi olaraq təcrübəli pilotlar məşğuldurlar, yəni bunu nəsildən-nəslə ötürürük. Pilotlarımız da həm ölkəmizdə fəaliyyət göstərən Ali Hərbi Məktəbdə, həm də Türkiyə Respublikasında Pilotların Ali Hərbi Məktəbində, Akademiyada isə zabitlər hazırlanır.
– Yeri gəlmişkən, ötən il Türkiyə və Azərbaycan pilotlarının birgə 3-cü təlimləri keçirildi. Bu təlimlərin əhəmiyyəti barədə məlumat verərdiniz.
– Bu təlimlərin Azərbaycan Hərbi Hava Qüvvələri üçün çox böyük üstünlükləri var. Biz çalışırıq ki, çoxmillətli birgə təlimlərə hazırlaşaq. Artıq bu təlimləri Türkiyə ilə birgə həyata keçirdik. Bu çərçivədə Bakı, Kürdəmir, Yevlax aerodromlarından uçuşlar həyata keçirildi. Təlimlərə 200-dən çox şəxsi heyət, 60-dan artıq pilot cəlb olunmuşdu. Ümumilikdə, təlimlərdə 30-a yaxın helikopter və döyüş təyyarəsi iştirak edib. Bu təlimlərdə – Azərbaycan və Türkiyə arasında ilk təlimlərlə müqayisədə artıq bizim pilotlarımız bir çox işləri öyrəniblər. Təlimlər zamanı ortaq öyrətmə metodlarından istifadə edildi. Pilotlarımız bir-birilərini tez başa düşür, tapşırıqlara düzgün və sərbəst şəkildə əməl edə bilirlər. Artıq bərabər uçuşlarımızda heç bir problem yoxdur. Bir daha vurğulamaq istəyirəm ki, Cənab Ali Baş Komandanın əmri olarsa, Azərbaycan Hərbi Hava Qüvvələri düşmənin istənilən döyüş nöqtəsini hər an məhv etməyə hazırdır. Onu da qeyd etmək istərdim ki, bütün hərbi hissələrdə infrastruktur yenidən qurulur. Müasir tələblərə cavab verən binalar, əsgər yataqxanaları, qərargahlar, hamam və yeməkxanalar inşa edilir. Bu yenidənqurma işləri, məişət şəraitinin yaxşılaşdırılması birbaşa möhtərəm cənab Prezident, Ali Baş Komandan tərəfindən silahlı qüvvələrə verilən tapşırıqdır. Hər bir vətəndaş öz yurdunu qorumağa, çiçəkləndirməyə borcludur. Xalqımızın neçə-neçə qeyrətli oğulları bu şərəfli vəzifənin öhdəsindən inanılmaz qəhrəmanlıqla gəlib. Bəziləri sağlamlığını itirib, bəziləri itkin düşüb, bəziləri isə şəhidlik zirvəsinə yüksəliblər. Onların hər biri vətəndaşlığın, vətənpərvərliyin fəth olunmaz zirvəsini məhz şəhidlik zirvəsi hesab edirdilər. Onların hər biri vətən uğrunda canlarını qurban verərək əbədiyyətə qovuşublar. Doğma torpaq uğrunda mübarizəyə qalxan minlərlə igid oğullarımız haqqında neçə-neçə əsərlər, kitablar yazılıb, dastanlar qoşulub. Bəlkə də, bunun nəticəsidir ki, torpaq uğrunda həlak olan şəhidlərimiz xalqımızın qəlbində yaşayırlar. Lakin onların ruhları hələ də narahatdır. Axı onların canlarından keçərək bizə əmanət etdikləri vətən torpagı hələ də düşmən əsarəti altındadır. Biz son damla qanımıza qədər vətənimizi müdafiə etməyə hazırıq, çalışacağıq ki, şəhidlərimizin qanı yerdə qalmasın.

Esmira Hidayətova, Mingəçevir