Düşmənə qan udduran və yaxud 25 qəlpə yarası alan igidimiz

0
39

 

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq dastanı yazan igidlərimizdən biri də həmkəndlimiz, leytenant Söhbətov Elsevər Cingiz oğludur.

Leytenant Söhbətov Elsevər Cingiz oğlu 17 avqust 1998-ci ildə Quba rayonunun  Alpan kəndində dünyaya göz açıb. O,  E.Bayramov adına  Alpan kənd tam orta məktəbinin şagirdi olub. 2015-ci ildə C. Naxcıvanski adına hərbi liseyi bitirəndən sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. Bu təhsil ocağının 2019-cu ildə başa vuraraq leytenant hərbi rütbəsində ön xətttə – Goranboya göndərilib. O, işğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatlarında, daha doğrusu, Fuzuli, Cəbrayıl, Xocavənd istiqamətlərindəki döyüşlərdə iştirak edib. Respublikamızın ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə, dekabrın 18-də Prezident İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.

…Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə düşmən qüvvələri Milli Ordumuza qarşı müqavimət göstərirdi. Onlar əsgərlərimizin mövqeyinə doğru ən müxtəlif silahlardan, minomyot və toplardan, həm də snayperlərdən atəş açırdılar. Erməni faşistlərinin atdığı növbəti snayper atəşinin qurbanı Elsevərin silahdaşlarından biri-Ülvi Məmmədov olur. Yaxın silahdaşının şəhid olması Elsevərin erməni vəhşilərinə olan nifrətini daha da artırır. Amma o, döyüş əzmini əsla itirmir, snayper silahından isifadə edərək düşmənin 6 əsgərini gəbərdir. Onun bu sərrast atışları düşməni vəlvələyə salır. Düşmən qüvvələri bu itkilərini görərək qaçmağa başlayır…Bununla da Elsevər bir qəhrəmanlıq dastanı yazmağı bacarır.

Haşiyə

Elsevərin babası İsmayıl kişi uzun muddət Azərbaycan Ovçular Cəmiyyətinin şimal bölgəsi üzrə nümayəndəsi olub. Özü də sərrast atışları ilə hamını heyrətləndirərdi. Zahirən sərt görünən, amma çox ürəyiyumşaq olan bu şəxs  ovdan həmişə əlidolu qayıdardı. Deyilənlərə görə, onun gülləsi heç zaman boşa çıxmazmış. Bu mənada belə babanın Elsevər kimi sərrast atəş açan nəvəsinin göstərdiyi şücaət, qəhrəmanlıq labüd idi.

 

Qəhrəmanın yaddaşından:

“Biz irəlilədikcə düşmən qaçırdı, bu, bizi daha da ruhlandırırdı. Elə bizi zəfərə səsləyən də bu ruhumuz oldu. Generalımız, hər bir zabitimiz bizimlə çiyin-çiyinə döyüşürdü. Hamı bir-birinə hayan olmaqla irəliyə cumurdu. Sən demə, düşmənə qarşı döyüşmək çox qürurverici bir hiss imiş. Mən bütün bunları döyüşlərdə yaşayan şəxs kimi deyirəm”.

25 mərmi qəlpəsinin fəsadları və…

Digər döyüşdə isə Elsevərə döyüşçü yoldaşlarını atəş altından çıxarmaq həvalə olunur. O, bir an belə tərəddüd etmədən, özünü əsla düşünmədən onlara köməyə tələsir.  Lakin bir neçə döyüşçünü atəş altından çıxaran Elsevərin yaxınlığına düşən mərmi qəlpələri onun ayaqlarını zədələyir. (Sonradan məlum olur ki, o, 25 qəlpə yarası alıb). Üstəlik, minaatan mərmisinin zərbəsinin dalğası başı üçün də müəyyən fəsadlar yaradır. Müalicə dövründə həmin 25 qəlpənin altısı çıxarılır. Bu mənada müalicə davam edir.

Amma o, bütün bunlara görə təəssüflənmir. Bu möhtəşəm Qələbənin qazanılmasında  əməyi olduğuna görə qürur duyur və sevinir. Bu barədə söz düşəndə o deyir: “Bu zəfəri Azərbaycan xalqına yaşatdığımız üçün fəxarət hiss keçirirəm. Düşmən ən müasir silahlarla təmin olunmuş müzəffər Azərbaycan Ordusu qarşısında duruş gətirə bilmədi, işğal altında olan torpaqlarımız 44 gün ərzində təcavüzkarlardan təmizləndi. Ali Baş Komandanın dediyi kimi, düşməni torpaqlarımızdan iti qovan kimi qovduq. Bu zəfər yürüşünün əksər döyüşçiləri  ölkə başçısı tərəfindən orden və medallarla təltif edildi. Bundan mənim payıma “İgidliyə görə” medalı düşdü. Mən bunun üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.

Amma Elsevər hərdən təəssüflənir də. Bəli, müharibə çox amansızdır. Belə ki, o, neçə-neçə ömrü nakam, yarımçıq edir, neçə-neçə insanı isə əlil kimi həyatla baş-başa qoyur. Bu gün Vətən müharibəsinin qazisi Elsevər Söhbətov əsasən bunlara görə təəssüflənir. Təəssüflənir ki, onunla bir səngərdə döyüşənlərin bəziləri xalqımızın 44 günlük Vətən müharibəsindəki Qələbə sevincini, doğma yurda qovuşmaq xoşbəxtliyini yaşaya bilmədilər. Bu mənada şahidi olduğu hadisələr, ordumuzun əsgər və zabitlərinin cəsurluq nümunələri, düşmənin ölümsaçan atəşləri üstünə “Vətən sağ olsun”, “Qarabağ Azərbaycandır” deyərək dik yerimələri onu sanki  öz yaşından xeyli böyük edib. Şübhəsiz, qəhrəmanlıq, igidlik elə böyüklükdür.

 

Həyatından bəzi fraqmentlər

Dediyinə görə, hər dəfə ərazilərimizin iyirmi faizinin erməni işğalı altında olduğunu eşidəndə bir vətəndaş kimi mənəvi əzab çəkib. Və hərbçi olaraq, bu əzablara son qoymaq məqsədi ilə Ali Baş Komandanın əmrini, səbrisliklə gözləyib. Onun bir hərbçıliyə könül verməsində dayısı Hacıyev Əzizağa Əhmədağa oğlunun xeyir-duaları mühüm rol oynayıb. Bu barədə söz düşəndə Elsevər belə deyir: “Atam ehtiyatda olan hərbçidir. Amma hərbiyə məni həvəsləndirən dayım olub. Hətta o məni general görmək istədiyini də bildirmişdi. Ümid edirəm ki, bu aldığım yaralardan tezliklə qurtulacağam və ordu sıralarına qayıdacağam. Bununla dayımın bu arzusunu reallaşdırmaq istiqamətində Vətənimə daha əzmlə xidmət edəcəyəm. Özü də general-mayor Polad Həşimov kimi bir general olmaq istəyirəm.”

Son

Bəli, bu gün Alpan kəndi də ordumuzda cəsarətlə xidmət edən övladları ilə qürur duyur. Kənd sakinlərimiz Vətənimiz, millətimiz üçün cəsur igidlər yetişdirdiklərinə görə hədsiz sevinclidirlər. Qarabağda Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin, eləcə də qazilərimizin döyüş yolu gənclərimizə örnəkdir. Hər bir həmkəndlim  öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Elə bu tipli yazıları yazmaqda da məqsədimiz bundan ibarətdir.

Qvami Məhəbbətoğlu (Rəsulov)