Düşdük bir sevda yoluna

596

Günlər – içindən keçdiyin gül bağçası kimi gözəldir. Dünyanın ətri də könlünü oxşayır, səsi də, dadı da, mənzərəsi də. Sevirsən, ürəyin ovcunda tutduğun quş ürəyi kimi çırpınır, o qədər həssas, o qədər kövrəksən ki… Bu sevgi ilə yenidən doğulmuş kimisən. Ömrünü onsuz təsəvvür edə bilmirsən. Dünya onunla gözəlləşdi gözündə. Və bir gün…

***
Qucağında iki körpəsi ilə sığınmağa yer axtarırdı. Ər evindən qovmuşdular, ata-anası da qapını üzünə açmadılar. Qoşulub qaçandan sonra barışmamışdılar. Doğrusu, ata-anası onun qaçacağını heç ağıllarına da gətirməzdilər, amma olmuşdu. Sevgi deyilən bir xülyaya uyub, el arasında deyildiyi kimi, ata-anasını yerə vurmuşdu. Bu da nəticəsi. 3 il tamam olmamış qucağında iki körpə ilə bir axşamüstü sığınmağa yer axtarırdı.
***
Topumuz, tüfəngimiz, göyə uçmağa raketimiz, başımızdan aşan varımız-dövlətimiz olmasa da, ədəb-ərkanımız, namus-qeyrətimiz, böyük-kiçiyə hörmətimiz var deyirdik.
Amma hanı? Məhkəmələrimiz boşanma davası ilə dolu, avtobuslarda qocaya yer vermirik.
Ailədə hər kəs yerini biləndə nə narazılıq olur, nə darısqallıq. Amma rahatlığımızı da itirmişik, mənzilimiz də başımıza dar gəlir.
***
İnsan nəyin nə olduğunu anlamayanda heç bir işinin bərəkəti olmur. Elə bildi ki, sevib evlənib. Əgər soruşsan ki, sevgi nədir, heç əməlli-başlı cavab da verə bilməz. Bəlkə də hər şey bir ehtirasdan başlamışdı, heç özü də fərqinə vara bilmədi. Sonra da inada düşdü. İnad başlayan yerdə ağıl arxa plana keçir. Ölsə də, qalsa da odur, vəssalam! Amma heç üç il keçməmiş hər şeyin paxırı çıxdı. Bəs harada qaldı o “ölsə də, qalsa da”…
***
Desəm ki, dörd tərəfimizdə cahillik ayaq açıb yeriyir, çoxu etiraz edəcək. Amma cahillik nədir, heç bu haqda düşünmüsünüzmü?
Cahilliyin kitab oxuyub-oxumamaqla heç bir əlaqəsi yoxdur. Adam var ki, min kitab oxuyub, amma cahilin böyüyüdür. Adam da var ki, bircə kitab oxuyub, amma cahil deyil. Cahillik insanları bir-birindən ayıran əsas xarakterik cizgidir. Haqqı batildən, xeyri şərdən, günahı savabdan ayıra bilən insan cahil deyil, heç kitab oxumamış olsa da. Dissertasiya müdafiə edəndən sonra da insanın meymundan əmələ gəldiyini iddia edən varsa, cahilin böyüyüdür.
***
Ovcunda balaca bir çiçək toxumu tutmusan. Rəngi qapqaradır. Onu torpağa basdırırsan, içindən yamyaşıl bir fidan göyərir. Böyüyür, böyüyür, qol-qanad açır. Sonra o qara toxumdan çıxan yaşıl bitkinin yarpaqları arasında qıpqırmızı bir çiçək açır. Amma başlanğıcda hər şey balaca, qapqara bir toxumun içində gizlənmiş gələcək şəklində idi.
***
Astronom son dərəcə modern cihazlarla ulduzları seyr edir. Saysız-hesabsız fəza cisimlərinin daim hərəkətdə olduğu bu sonsuzluqda nə qədər də möhtəşəm bir nizam, misilsiz bir ölçü-biçi var. Yer kürəsi öz orbitindən Günəşə doğru bir qədər yaxınlaşsa, bir andaca alışıb-yanar; əks istiqamətə uzaqlaşsa isə dünyanı buzluqlar bürüyər. Nə qədər də incə, düşünülmüş, mükəmməl bir nizam var kainatda. Bütün bunları görən astronom hələ də təsadüf fəlsəfəsindən bəhs edirsə, cahilin böyüyüdür.
***
Yazımızı bədbin bir mənzərə ilə başladıq. Sevdiyini, sevildiyini düşünüb, qoşulub qaçan və 3 il keçməmiş qucağındakı iki körpəsi ilə sığınmağa yer axtaran gənc bir ana. Sonra da cahilliyin başqa mənzərələrinə nəzər salmağa çalışdıq. Əslində həyatımızın hər məqamında cəhalətə rast gələ bilirsən: istər ailə-məişət münasibətlərimizdə, istər dünyaya baxışımızda.
***
Ailə nədir, bilirsinizmi? Həyat yoldaşının nə kimi haqları və vəzifələri var? Nikahın əsas mahiyyəti, mənası nədir? İnanın ki, çoxumuz bunun fərqində belə deyilik.
Hələ sevgi olub-olmadığını bilmədən, bir havaya uyub külək ağzında saman kimi sovruluruq və bir də baxırıq ki, hər şey yalanmış. Sevgi ilə şəhvəti qarışıq salırıq. Şəhvət fırtınasında sovrulanda ağlımızı itirir, yaşadığımız duyğunun sevgi olduğuna inanırıq. Halbuki şəhvət bədənin, sevgi ruhun ehtiyacını ifadə edir.
***
Sevmək fədakarlıqdır. İnsanın ağlını əlindən alan sevgidə ədalət olmaz. Ədalətin olmadığı sevgi də sevgi deyil. Bəs onda ədalət nədir? Sevgi ilə ədalətin nə əlaqəsi? Ədalət əslində hər kəsi layiq olduğu qədər sevmək, hər kəsi layiq olduğu məsafədə tutmaqdır. Sevdiyi bir xanıma “sən mənim hər şeyimsən” deyən birisi hər kəsə qarşı haqsızlıq etmiş olur; ilk növbədə elə həmin xanımın özünə. Kişi xanımı da layiq olduğu qədər sevməlidir, valideyni də, övladı da, dost-tanışı da… Kimsəni kimsənin yerinə qoymaq olmaz.
***
İnsan elə yaradılıb ki, həyat yoldaşı ilə tamamlanır. “Həyat yoldaşı” deyirlər, “ömür-gün yoldaşı” deyirlər, “baş yoldaşı” deyirlər… Bizə görə, ən münasibi “baş yoldaşı”dır. Çünki hər kəs öz ömrünü yaşayır və kimsəni də öz ömrünə ortaq edə bilmir. Amma insanlar baş-başa verib yaşayanda çox müşküllər asana dönür.
Allah-Təala buyurur ki, kişi qadına, qadın da kişiyə örtükdür. Yəni onlar bir-birində rahatlıq tapır, ehtiyaclarını tamamlayırlar. Allah insanı belə yaradıb, kimsə yalandan “Leyli-Məcnun” dastanı uydurmağa girişməsin.
***
Düşdük bir sevda yoluna; sevda var, Leylaya qədər, sevda var, Mövlaya qədər. Mövlaya qədər olan sevdada Leylaya da yer var, Leylaya qədər olan sevdada heç Leylanın özü də yoxdur. Hər kəsin qiyməti də elə sevdiyiyi ilə bilinər. Sən kimə sevdalandınsa, nəsibini də ondan istə. Vəssalam.

Əli Çərkəzoğlu