Dünyaya qəlb gözü ilə baxanların güzəranı…

578

 

Hər il noyabr ayının 13-ü Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd olunur. Bu gün Dünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən keçirilir. Azərbaycanda isə bu tarix 2005-ci ildən sonra qeyd olunmağa başlayıb. Statistik rəqəmlər dünyada 246 milyon nəfərin gözdən əlil olduğunu göstərir ki, onların da 40 min nəfəri ölkəmizdə yaşayır. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev ölkəmizdə yaşayan gözdən əlillərin sosial müdafiəsi, onların gündəlik qayğılarının ödənilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, İKT imkanlarından yararlanması, səhiyyə, idman fəaliyyətlərindən istifadə etməsi üçün müəyyən şəraitin təşkil olunduğunu dedi. Onun sözlərinə görə, gözdən əlillər üçün tikilən yeni evlər yaxın günlərdə onların istifadəsinə veriləcək: “Gözdən əlillər bilirlər ki, onlar bu gün Azərbaycan hökumətinin həyata keçirdikləri layihələrdən kənarda qalmırlar. Onların ehtiyaclarının ödənilməsi, pensiya təminatlarının yaxşılaşdırılması istiqamətində işlər aparılır. Yaxın günlərdə mənzil-məişət şəraiti uyğunsuz olan gözdən əlillərin bir hissəsinin yeni evlərə köçürülməsi nəzərdə tutulub. Bundan başqa, əlillərin cəmiyyətə adaptasiyasını təmin etmək üçün Tədris Bərpa Mərkəzinin tikintisi artıq yekunlaşmaq üzrədir”. Ölkəmizdə aparılan sosial islahatların, məşğulluq probleminin həlli yolunda görülən işləri yüksək qiymətləndirən S. Abdullayev yeni layihələr üzərində çalışdıqlarını bildirdi:

“Biz hazırda ən çox məşğulluq probleminin həllinə çalışırıq və bu istiqamətdə də bir sıra işlər görülüb. Nəzərinizə çatdırmaq istərdim ki, bu ildən 1 saylı Tibb Kollecində “İdman və müalicəvi” ixtisası üzrə tələbə qəbuluna başlanılıb. Buranı bitirən gözdən əlillərin gələcəkdə Azərbaycanın hər hansı səhiyyə-sağlamlıq mərkəzində işləmək imkanları olacaq. Onların əmək bazarına inteqrasiya olunmaları və bunun üçün bütün imkanların yaradılması vacib məsələdir. Onu da qeyd edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan insanların məşğulluğunun təmin edilməsi ilə bağlı 2014-2018-ci illər üçün nəzərdə tutulmuş “Dövlətin Milli İnkişaf Proqramı”nı hazırlayıb. Burada əsasən fiziki fəaliyyətləri məhdud olan şəxslərin məşğulluğunun təmin edilməsi hədəflənir. İnsanın cəmiyyətə inteqrasiya olunmasının ən önəmli vasitələrindən biri informasiyadır. Bu gün gözdən əlillərin İKT-nin imkanlarından yararlanması üçün əsas imkanlar yaradılıb. Qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə artıq 3 regionda informasiya mərkəzləri açılıb. Növbəti mərkəzin Şimal bölgəsində açılması planlaşdırılır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən “Zaman-Azərbaycan”a verilən məlumatda isə bildirilir ki, Prezidentin Fərmanına əsasən, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəblərdən I qrup əlil şəxslərə, o cümlədən I qrup gözdən əlillərə sosial müavinət kimi aldıqları 67 manat məbləğində vəsaitlə birgə cari ilin aprel ayının 1-dən ayda əlavə olaraq, 60 manat məbləğində Prezident təqaüdü ödənilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən isə, əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği I qrup gözdən əlillərə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 200 faizi həcmində müəyyən edilir”.

Nazirlik gözdən əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının da diqqət mərkəzində olduğunu bildirir: “ƏƏSMN-nin sifarişi ilə Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli, 132 mənzilli yaşayış evi inşa etdirilir. İlin sonunadək istifadəyə veriləcək binada gözdən əlillərin çətinlik çəkmədən hərəkət imkanlarına malik olması üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılır. Qeyd olunan şəxslərin ictimai həyatın bütün sahələrində iştirakına lazımi şəraitin yaradılması üçün də davamlı işlər görülür. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində ölkənin üç bölgəsində fəaliyyətə başlayan regional informasiya mərkəzləri gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadəsinə geniş imkanlar yaradıb. Gözdən əlillərin peşə reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi məqsədilə ƏƏSMN tərəfindən təkcə bu ilin ötən dövründə 60 nəfər belə şəxs “brayl sistemi” üzrə peşə hazırlığına cəlb olunub. Eyni zamanda hazırda ƏƏSMN-nin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir və Mərkəzin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Sosial xidmətlər üzrə sifarişlərin verilməsi zamanı da gözdən əlil şəxslər diqqətdə saxlanılır. Belə ki, cari ilin ötən dövründə nazirliyin sifarişi ilə “Görmə qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün informasiya mərkəzlərinin yaradılması” layihəsinin icrasına başlanılıb. Eyni zamanda nazirliyin sifarişi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlarla idman, incəsənət və xalq sənəti növlərinin öyrədilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində görmə imkanları məhdud şəxslər üçün televiziya, kino, teatr və muzeylərin müyəssərliyinin təmin edilməsi işləri aparılır”.

Qeyd edək ki, belə işlərdən biri və ölkəmizdə yeni bir addım kimi 13 noyabr 2014-cü il tarixdə R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Qaraca qız” filmi və “Tıq-tıq xanım” cizgi filmi sağlamlıq imkanları məhdud uşaqlar üçün tifloşərhlə (səssiz, yaxud mimika ilə ifadə edilmiş hərəkətlər, kadr dəyişikliyini və s. tamaşaçıya sözlər vasitəsilə çatdırılma) təqdim olunub.

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsi və Gözdən Əlillər Cəmiyyətinin birgə əməyinin nəticəsi olan “Sərhədsiz incəsənət” layihəsi də bu istiqamətdə görülən işlərdəndir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanan layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi proqramların hazırlanması, idman, incəsənət və xalq sənəti növlərinin öyrənilməsinə yardım göstərməkdir”. S. Abdullayev bunun MDB məkanında ilk dəfə olaraq, məhz ölkəmizdə həyata keçirildiyini söylədi.

Xəyalə Sadıqova