Dünyaya musiqi dili ilə sülh mesajı ünvanlanıb

0
33

İşğaldan azad olunmuş Cəbrayıl şəhərinin Mədəniyyət Evinin dağıntıları arasında musiqi səsləndirməyim rəmzi məna daşıyır. Mən bu ifamla dünyaya sülh və firavanlıq çağırışı etdim.

Bu sözləri azərtac-a açıqlamasında Azərbaycanın Dövlət Simli Kvartetinin skripkaçısı Ceyla Seyidova deyib.

O, fevralın 6-da Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Cəbrayıla səfəri zamanı şəhərin Mədəniyyət Evinin dağıntıları arasında “Şindlerin siyahısı” filmindən kompozisiya, Üzeyir Hacıbəylinin “Arazbarı” simfonik muğamını və Antonio Vivaldinin “Qış” konsertinin üçüncü hissəsini səsləndirib.

Ceyla Seyidova bildirib ki, işğaldan azad olunmuş torpaqlara ikinci dəfədir gəlir: “Dağıdılıb viran olunmuş yurd yerlərimizi görəndə çox kədərləndim. Bir vaxtlar burada insanlar xoşbəxt yaşayırdılar. Dağıntılar arasında musiqi səsləndirməyim bu baxımdan rəmzi məna daşıyır. Mən bu ifa ilə sülhə və firavanlığa çağırış etdim”.

İşğaldan azad edilmiş torpaqlarımızın tezliklə bərpa olunacağına, bu yerlərə yenidən həyat qayıdacağına əminliyini söyləyən C.Seyidova uzun illərin torpaq həsrətinə son qoyduğuna görə Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan əsgərinə minnətdarlığını bildirərək deyib: “Şanlı Qələbəmiz sayəsində torpaqlarımıza Böyük Qayıdış başlayır. Ən böyük arzum bu torpaqlarda geniş konsert proqramı ilə çıxış etməkdir. Mən həmin günü səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Ceyla Seyidova 1995-ci il avqustun 20-də Bakı şəhərində anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka şöbəsini bitirib. Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatıdır. Adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb.