Dünyanın “Sakin şəhər”ləri

543
Qloballaşma nəticəsində dünyanın əksər şəhərləri bir-birinin bənzərinə çevrilib. Dünyaca məşhur şəhərlərin əksəriyyəti beton, metal və şüşə cəngəlliklərindən ibarətdir. Məhz bu səbəbdən insanlar il boyunca yaşadıqları streslərdən, yorğunluqdan xilas olmaq üçün təbiətlə iç-içə olan, təbiiliyini qoruyub saxlayan, sakin məkanlara üz tuturlar. Bu tələbat turizm sektoruna da təsirsiz ötüşməyib və nəticədə “Sakin şəhər” məfhumu yaranıb.
1999-cu ildə İtaliyada “Cittaslow” adlı bələdiyyələr birliyi qurulur. İtalyanca “citta” (şəhər) və ingiliscə “slow” (yavaş) sözlərinin birləşməsindən meydana gələn “Cittaslow” “Sakin şəhər” mənasına gəlir. Vaxtilə İtaliyanın dörd kiçik şəhəri tərəfindən qurulan bu birliyin bu gün 28 ölkədən 182 üzvü var. Birliyin qurulmasında məqsəd şəhərlərin özünə xas tarixi simalarının itirilməsinin qarşısını almaq, qloballaşma nəticəsində bir-birinə bənzəməsinə mane olmaqdır. Yerli yeməklərə, adət-ənənələrə, özünəməxsus memarlıq üslubuna sahib olmaq, bunlar “Sakin şəhər” statusu almaq üçün ortaya qoyulan 70 şərtdən, sadəcə, bir neçəsidir. Həmin şərtlər aşağıdakı 7 əsas başlıq altındadır:

1. Ekoloji siyasət.

2. İnfrastruktur siyasəti.

3. Şəhər həyatı və keyfiyyət.

4. Əkinçilik, turizm, sahibkarlıq və sənətkarlıqla bağlı siyasət.

5. Qonaqpərvərlik, fərqlilik və təhsil üçün planlar.

6. Sosial birlik.

7. Əməkdaşlıqlar.

Məlumat üçün bildirək ki, “Sakin şəhər”lər arasında Türkiyədən 9, Şimali Kipr Türk Cümhuriyyətindən isə 1 şəhər var. Birlikdə ən çox şəhərlə təmsil olunan ölkə isə İtaliyadır. Bu ölkənin 69 şəhəri “Sakin şəhər”dir.