Dünyanın ekoloji fəlakətinə çevrilən zəlzələlər (4)

Zəlzələ və ekoloji fəlakət təhlükəsi böyük olan ölkələr sırasında Azərbaycan və Türkmənistan ikinci yerdə gəlir. Seysmoloqlar bu iki ölkədə baş verən zəlzələlər arasında əlaqə olduğunu bildirirlər. Azərbaycanda 5,8-6,5 bal gücündə zəlzələnin ənənəvi zəlzələ episentrlərində baş verəcəyi ehtimal edilir.

Xilasedici qruplar ilk növbədə Təbriz və Əhərə göndərilmişdilər. Vərzəqan və Əhərdə 200 nəfər insan uçuq binaların altından xilas edilmişdi. Təbrizdə enerji çatışmazlığı müşahidə olunurdu, nəqliyyatın hərəkəti pozulmuş, yollarda tıxaclar yaranmışdı. Bir sözlə zəlzələ bölgəsi əsl fəlakət zonasına çevrilmişdi.

Zəlzələ Ermənistan və Azərbaycanda hiss olunsa da, burada heç bir maddi zərər və ya insan itkisi müşahidə olmamışdı. Təəssüflər olsun ki, Cənubi Azərbaycanda baş verən zəlzələ ilə və onun gətirdiyi ekoloji fəlakətlə bağlı İran rəsmiləri əsl həqiqəti dünyadan gizlətmişdilər. Bu da ekoloji fəlakət bölgəsinə beynəlxalq yardımların göstərilməsinə imkan verməmişdi. Bundan əlavə zəlzələ və ekoloji fəlakət zonasına yardım etmək istəyən bəzi xarici ölkə xilasedicilərini isə İran öz ərazisinə buraxmamışdı.

Zəlzələ nəticəsində ölənlərin sayı rəsmi şəkildə 253, İran səhiyyə nazirliyi tərəfindən isə 306 nəfər göstərilmişdi. Amma “Qızılaypara” cəmiyyəti, bu zəlzələdə ölənlərə 16 min yas mərasiminin qurulması barədə xəbər vermişdi. Bu da, onu göstərir ki, İran rəsmiləri zəlzələdə ölənlərin və ekoloji fəlakətdən zərərçəkənlərə münasibətdə özlərini laqeyd və biganə aparıblar. Hətta ekoloji fəlakət zonasında xilasetmə əməliyyatları belə gec və olduqca ləng aparılmışdı. Bu da dağıntılar altında daha çox insanın ölməsinə yol açmışdı. Halbuki xilasetmə əməliyyatları vaxtında aparılsaydı və bu məsləyə biganə yanaşılmasaydı daha çox insanı dağıntılar altından xilas etmək olardı. Bunu zəlzələdən üç gün sonra “Qızılaypara” məmurları tərəfindən ekoloji fəlakət zonasında bir qadının torpaq altından sağ çıxarılması da sübut edir. Halbuki  zəlzələdən bir gün sonra İran səlahiyyətliləri elan etmişlər ki, xilasetmə əməliyyatları başa çatıb və dağıntılar altında qalanlar bütünlüklə çölə çıxarılıblar. Qeyd edək ki bu dəhşətli zəlzələdən və ekoloji fəlakətdən ən çox zərər görən Bacabac, Gürdərəi və Dibnu kəndləri və Vərzəqan şəhəri olub.

Cənubi Azərbaycanda baş verən zəlzələ ilə bağlı ekoloji fəlakət zonasına ilk yardımı Azərbaycan göstərmişdi. Belə ki, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi Prezident İlham Əliyevin tapşırığı ilə İrana 25 yük maşınında 40 ton un, 460 çadır və 1000 ədəd yataq dəsti göndərmiş və bununla da ekoloji fəlakət zonasında olanların vəziyyətini nisbətən yüngülləşdirməyə çalışmışdı.

Bu da Azərbaycanın təbii fəlakətə nə qədər böyük həssaslıqla yanaşdığını və orada yaşayan milyonlarla soydaşımızın taleyinə biganə qalmaq niyyətində olmadığını bir daha təsdiq etmiş oldu.

 

Zaqatala zəlzələsi

Azərbaycanda mülki tikintilərin dağıntısına və ekologiyaya zərbə vurulmasına gətirib çıxaran daha bir zəlzələ 2012-ci ildə Zaqatalada baş verdi. Episentri Zaqatala rayonu ərazisində olan 6,5 bal gücündəki zəlzələ nəticəsində Zaqatala, Balakən  və  Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə, o cümlədən ekologiyaya ciddi ziyan dəydi.  Zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ qaydada qərargah yaradıldı.

Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonlara çoxlu sayda texnika, avadanlıq, çadırlar, ərzaq məmulatları və  s. yardımlar, böyük miqdarda tikinti materialları göndərildi. Zəlzələnin ağır nəticələrini və ekologiyaya vurduğu zərbəni aradan qaldırmaq üçün dövlət tərəfindən  609 milyon manat vəsait ayrıldı. Zəlzələnin mülki obyektlərə və ekologiyaya vurduğu zərəri aradan qaldırmaq üçün işlər isə indiyədək davam edir. Yenə də qeyd edək ki, zəlzələ nəticəsində dağılan binaları yenidən inşa etmək olacaq, ancaq onun ekologiyaya vurduğu zərbəni aradan qaldırmaq üçün illərlə vaxt lazım gəlcək. Azərbaycanda insanları təşvişə salan digər bir zəlzələ 2014-cü il fevral ayının 10-da  Hacıqabulda baş verdi. Zəlzələnin gücü, episentrdə 6 bala yaxın oldu və o, respublika ərazisində, o cümlədən Bakıda da hiss olundu. Zəlzələ nəticəsində mülki obyektlərin çoxunda çatlar əmələ gəldi, bəzi yerlərdə ekologiyaya zərbə hesab edilən torpaq sürüşmələri baş verdi. Hacıqabul zəlzələsi də bir daha göstərdi ki, Azərbaycan seysmik zonada yerləşdiyindən istənilən an zəlzələ təhlükəsi, dağıntılar və ekoloji fəlakətlə üzləşə bilər.

 

Qorxulu ekoloji fəlakət proqnozları

Azərbaycanın seysmik cəhətdən fəal zonada olması müxtəlif vaxtlarda ərazimizdə dəhşətli zəlzələlərin ola biləcəyi  barədə proqnozların ortaya çıxmasına  və bunun ekoloji fəlakətlərə səbəb ola biləcəyi barədə məlumatların yayılmasına səbəb olub.

Belə xoşagəlməz proqnozlardan biri də ötən ilin sonlarında verilib. Bu müstəvidə Qlobal Zəlzələ Proqnozu Proqramının əməkdaşları tərəfindən 2014-cü ildə dünyada baş verə biləcək zəlzələlər və onların səbəb ola biləcəyi ekoloji fəlakətlər bağlı proqnoz hazırlayıblar. Proqnozlarda 2014-cü ildə dünyanın 12 bölgəsində güclü zəlzələlərin baş verə biləcəyi və bundan ekologiyanın  böyük zərər görəcəyi ehtimalı irəli sürülür.

Zəlzələ və ekoloji fəlakət təhlükəsi böyük olan ölkələr sırasında Azərbaycan və Türkmənistan ikinci yerdə gəlir. Seysmoloqlar bu iki ölkədə baş verən zəlzələlər arasında əlaqə olduğunu bildirirlər. Azərbaycanda 5,8-6,5 bal gücündə zəlzələnin ənənəvi zəlzələ episentrlərində baş verəcəyi ehtimal edilir. Türkmənistanda isə gələn ilin iyununda, yaxud ilin son rübündə 5,5-7 bal gücündə yeraltı təkanlar baş verəcəyi güman olunur.

Amma Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə bu proqnozlarla razılaşmır.  O, Azərbaycanda ildə 7-8 min müxtəlif ölçülü zəlzələlərin baş verdiyini və onların ekologiyaya bir elə ağır zərbələr vurmadığını xatırladıb. Qurban Yetirmişli: “O proqnozu irəli sürənlər nağıl danışırlar. Proqnoz əsaslandırılmalı, onun elmi-nəzəri cəhətdən metodikası, izahı olmalıdır. Yeri olmalıdır, vaxtı olmalıdır, gücü olmalıdır. Olanda deyəcək ki, oldu, olmayanda isə heç yada düşməyəcək”.

Qurban Yetirmişli ənənəvi zəlzələ ocaqları fikrini də qəbul etmir: “Ənənəvi ocaqlar hansıdır? Azərbaycanda 120-dən çox zəlzələ ocağı var. Ənənəvi zəlzələ ocaqları bütün Azərbaycanı əhatə edir.

Qurban Yetirmişlinin sözlərinə görə, tam dəqiqliklə zəlzələ və onun səbəb ola biləcəyi ekoloji fəlakət haqqında proqnoz vermək mümkün deyil.

 

Zəlzələlərə və ekoloji fəlakətə öncədən

hazırlıq görülməlidir

Zəlzələlər və onların gətirə biləcəyi ekoloji fəlakətlərlə bağlı proqnozlara münasibət bildirən Coğrafiya elmləri doktoru Xalid Tanrıverdiyevin fikrincə Azərbaycanda ən güclü zəlzələ 9 bal gücündə ola və müəyyən ekoloji problemlər ortaya çıxara bilər: “Çünki artıq belə bir güclü zəlzələ baş verib. Şamaxıda 1902-ci ildə böyük ekoloji fəlakətlə müşahidə olunan güclü zəlzələ olmuşdu. Həmin zəlzələnin təkrarlanma ehtimalı olub-olmadığını demək çətindir”.

Təbii ki, son illərdə Bakıda inşa edilən hündürmərtəbəli binaların zəlzələyə nə qədər davamlı olub-olmaması da ən çox diqqət mərkəzində olan məsələlərdən biridir.

X. Tanrıverdiyev deyir ki, Bakıda son vaxtlar inşa olunan binalar 7-8 ballıq zəlzələyə davamlı tikilir. O xatırladıb ki, 2000-ci ilin noyabrında baş verən zəlzələ güclü olsa da, elə bir dağıntı və ekoloji fəlakət baş vermədi: “Bu zəlzələdən sonra binalar 7-8 bala dözümlü tikilir. Düşünürəm ki, Abşeron yarmadasında ekoloji fəlakətə səbəb olacaq güclü zəlzələ ola bilməz. Çünki, neft-qaz çıxarma, aparılan qazıntılar yerin daxili gərginliyinin azalmasına səbəb olur. Bununla belə zəlzələ zonasında yüksək mərtəbəli binalar tikmək olmaz. Bu, məsləhət deyil”.

Bir sözlə zəlzələlər özləri ilə böyük dağıntılara səbəb olan ekoloji fəlakətlər gətirməkdə davam edirlər. Ona görə də, zəlzələlərdən və qorxulu ekoloji fəlakətlərdən qorunmağın yeganə yolu onun fəsadlarının qarşısının alınmasına hər an hazır olunmasından asılıdır.

 

Əziz Mustafa