Dünyanın ekoloji fəlakətinə çevrilən zəlzələlər (3)

XXI əsrin ilk illərindən ekologiyaya sağalmaz yaralar vuran dəhşətli zəlzələlərin özü ilə bəşəriyyətə çoxsaylı fəlakətlər gətirməsi dünyanın taleyinin bir tükdən asılı olduğunu bir daha yada salmaqdadır. 2000-ci il noyabr ayının 25-də Bakıda baş verən 6,8 bal gücündəki zəlzələ insanların ciddi təşvişinə səbəb oldu. Zəlzələ nəticəsində onlarla tikili dağıldı və çat verdi, 30 nəfər dünyasını dəyişdi.

1976-cı il, iyul ayının 28-də Çinin Xubey əyalətinin Tanşan şəhərində baş verən zəlzələnin ekoloji nəticələri daha ağır oldu və tarixə XX əsrin faciəsi kimi düşdü. Belə ki, zəlzələdən sonra şəhərdə əsl ekoloji fəlakət baş verdi, içməli su problemi yaşandı. Çünki zəlzələ nəticəsində təbii su qaynaqları sıradan çıxmış, hava çirklənmiş, yaşıllıqlar məhv olmuşdu.

Çin rəsmiləri zəlzələnin 242 min nəfərin həyatına son qoyduğu barədə məlumat yaydılar. Ancaq dağıntı yerində xarici ölkə nümayəndələri azı 800 min nəfərin həlak olduğu qənaətinə gəldilər. Zəlzələ o qədər güclü idi ki, onun təsirindən nəinki Tanşan şəhəri, ətrafdakı təpələr, dağlar yerlə yeksan oldu, həm də hadisə yerindən 140 kilometr məsafədə yerləşən Pekin və Tyanstzin şəhərlərində dağıntılar baş verdi və bu da özü ilə böyük ekoloji fəlakətlərə səbəb oldu. Ümumiyyətlə isə, zəlzələ 5,3 milyon evin, yüzlərlə parkın, təbii qoruqların dağılmasına yol açdı. Zəlzələnin gətirdiyi ekoloji fəlakətin həcmini isə, ümumiyyətlə, hesablamaq olmadı. Bu zəlzələ tarixdə həcminə görə, Şensi  (1556-cı il) və Hind okeanında (2004) baş verən və böyük ekoloji fəlakətlərə səbəb olan zəlzələlərdən sonra üçüncü ən böyük təbii fəlakət hesab edilir. Baş verən zəlzələlər və onun gətirdiyi ekoloji fəlakətlər arasında 1985-ci il sentyabr ayının 18-də Mexikoda  (7500 nəfər ölüb), 1988-ci il dekabr ayının 7-də Spitakda (Ermənistan – 40-45 min adam ölüb), 1985-ci ildə isə Nefteqorskda ( Saxalin – 1841 nəfər həlak olub) daha çox narahatlıqlara səbəb olub. Spitakda baş verən zəlzələnin ekoloji təsirləri Azərbaycanın qonşu ölkəyə yaxın ərazilərində də özünü hiss etdirdi və əhali arasında müəyyən təşvişlərə səbəb oldu.

XX əsrin sonunda 1999-cu ildə Türkiyədə (İzmit) baş verən zəlzələnin gətirdiyi ekoloji fəlakətlərin həcmi daha böyük oldu. Şəhərin təbii landşaftı tamam dağılaraq tanınmaz, bərpaedilməz vəziyyətə düşdü. Avqustun 17-də baş verən 7,6 bal gücündə zəlzələ zamanı rəsmi məlumatlara görə, 17 min 217 adam öldü, 43 min 959 nəfər yaralandı, 500 min nəfər isə evsiz-eşiksiz qaldı. Amma əksər mənbələr zəlzələ nəticəsində azı 40 min nəfərin dünyasını dəyişdiyi və bir o qədərinin də yaralandığı qənaətindədir. Bundan əlavə, 120 min bina tamamilə dağılmışdı və onları yenidən bərpa etmək məqsədəuyğun hesab edilmədi. 50 min bina isə ciddi şəkildə zədələnmişdi. 2000 bina isə çökmüşdü. Zəlzələ nəticəsində Türkiyəyə 25 milyard dollar zərər dəydi.  Zəlzələnin vurduğu ekoloji zərbənin nəticələrini isə bu günə kimi aradan qaldırmaq mümkün olmayıb. Çünki zəlzələ nəticəsində dağılmış parkların, məhv olan yaşıllıqların bərpası üçün on illər vaxt lazım gəlir. Belə ki, məhv olan yaşıllıqların, ekologiyanın yenidən bərpası uzun illərlə vaxt aparan bir işdir. Zəlzələ nəticəsində məhv olan təbii landşaftı, əvvəlki ekoloji mühiti isə, ümumiyyətlə, bərpa etmək mümkün olmur.

Bakıda zəlzələ torpaq sürüşmələrinə yol açdı

Həmin dövrdə qısa fasilələrdən sonra Azərbaycanda zəlzələlər yenidən baş qaldırmağa başlamışdı. Daha doğrusu, seysmik zona hesab edilən Azərbaycanda, demək olar, hər gün ciddi narahatlıqlara səbəb ola biləcək zəlzələlər baş verirdi. Bununla belə, 1999-cu ildə Ağdaşda baş verən 5,4 bal gücündə zəlzələ yeni bir dağıntı və ekokoji fəlakət qorxusu yaşatdı. Zəlzələ nəticəsində insan itkisi olmasa da, 100-dən çox ev dağıldı, çoxlu sayda ev isə qəzalı vəziyyətə düşdü.

XXI əsrin ilk illərindən ekologiyaya sağalmaz yaralar vuran dəhşətli zəlzələlərin özü ilə bəşəriyyətə çoxsaylı fəlakətlər gətirməsi dünyanın taleyinin bir tükdən asılı olduğunu bir daha yada salmaqdadır. Bu müstəvidə də 2000-ci il noyabr ayının 25-də Bakıda baş verən 6,8 bal gücündəki zəlzələ insanların ciddi təşvişinə səbəb oldu. Zəlzələ nəticəsində onlarla tikili dağıldı və çat verdi, 30 nəfər dünyasını dəyişdi. Zəlzələdən sonra Bakının bəzi yerlərində baş verən torpaq sürüşmələri paytaxtımızın infrastrukturasını ekoloji fəlakət qarşısında qoydu. Ekoloji fəlakətə səbəb olan torpaq sürüşmələrinin qarşısını almaq və ya onu zəiflətmək üçün dövlət tərəfindən milyonlarla manat xərcləndi və sürüşmələr aktiv olan zonalarda bəndlər quruldu, mühəndis-texnoloji tədbirlər həyata keçirildi. 2003-cü il dekabr ayının 26-da İranın Bam şəhərində baş verən zəlzələ də 50-60 min nəfərin ölümünə yol açdı və bölgədə əsl ekoloji fəlakət yaşandı.

Hind okeanı dəhşətləri –

ekoloji fəlakətlər meydanı

2004-cü il, dekabr ayının 26-da Hind okeanında baş verən və bəşər tarixində gücünə görə ikinci və ya üçüncü hesab edilən 9,1 və 9,3 ballıq zəlzələlərin özü ilə gətirdiyi ekoloji fəlakətlər bütün bəşəriyyəti sarsıtdı. Belə ki, zəlzələdən  sonra bölgədə sunami dalğaları baş qaldırdı. 15 metr hündürlüyündəki dalğalar İndoneziya, Şri-Lanka və Tailandın dəniz sahillərindəki on minlərlə yaşayış məskənlərini, parkları, yaşıllıqları, meşələri su altında qoyaraq, bölgəni ekoloji fəlakət zonasına çevirdi. ABŞ Geoloji Xidmətinin məlumatlarına görə, təbii fəlakət nəticəsində 227 min 898 nəfər qurban getdi və ekologiyaya milyardlarla dollar zərər dəydi. Təbii fəlakət nəticəsində ölənlərin sayı  o qədər çox idi ki, bu günə kimi onun qurbanlarının sayını dəqiqləşdirmək mümkün olmayıb. Hadisəni araşdıranların fikrincə, azı 400-500 min nəfər zəlzələ zamanı dünyasını dəyişib.

Onu da deyək ki, baş verən zəlzələ və ondan sonra əmələ gələn sunami dalğalarının gətirdiyi ekoloji fəlakətlər bəşəriyyətə əsl qiyamət əlamətlərini xatırlatdı.

Bundan 4 il sonra, 2008-ci il may ayının 12-də Çinin Sıçuan əyalətində baş verən zəlzələ isə 70 min nəfərin ölümünə yol  açaraq, yaşıllıqlar içində itən bölgəni səhraya  çevirdi. Nəticədə  bölgəyə dəyən ekoloji fəlakətin nəticələri bu gün də özünü hiss etdirməkdədir. 2010-cu il yanvar ayının 12-də Haitidə baş verən zəlzələ də XXI əsrin dəhşəti hesab edilir. Belə ki, bu zəlzələ nəticəsində 220 min nəfər həlak oldu, 300 min nəfər yaralandı, 1,1 milyon nəfər isə evsiz-eşiksiz qaldı.  Zəlzələ Haitini ekoloji fəlakət qarşısında qoyaraq, su, ərzaq, qida çatışmazlığına, yoluxucu xəstəliklərin yayılmasına səbəb oldu.

2010-cu il, fevral ayının 27-də Çilidə baş verən 8,8 bal gücündə zəlzələ də özü ilə adıçəkilən ölkəyə böyük ekoloji fəlakətlər gətirərək, 1,5 milyon evin sunami dalğaları altında qalması ilə nəticələndi.

Nəhayət,  2011-ci il mart ayının 11-də Xonsyu adası yaxınlığında baş verən 8,9 bal gücündə zəlzələnin özü ilə Yaponiyaya gətirdiyi dəhşətli ekoloji fəlakət indiyə kimi insanları sarsıtmaqda davam edir.

Cənubi Azərbaycanda zəlzələlər ekoloji fəlakətlərə yol açdı

Cənubi Azərbaycan da tarix boyu seysmik zona hesab edilib. Müxtəlif dövrlərdə Təbriz, Zəncan, Mərənd, Qəzvin və digər yerlərdə baş verən zəlzələlər böyük dağıntılara və ekoloji  fəlakətlərə səbəb olub. Bu baxımdan 2012-ci il avqust ayının 11-də yerli vaxtla saat 16:53-də Şərqi Azərbaycanın Əhər şəhərində (6,4 bal) və həmin gün saat 17:40-da Vərzəqan (6,3 bal), həmçinin Heris şəhərlərində baş verən zəlzələlər böyük dağıntılara səbəb olaraq, meşələrin, dağların altının üstünə çevrilməsinə və ekoloji fəlakətin yaşanmasına yol açdı. Zəlzələ 9,9 kilometr dərinliyində baş vermişdi. Episentri Əhər, Vərzəqan və Heris şəhərləri idi. Bu zəlzələnin təsiri Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərində də hiss edilmişdi.

Zəlzələ nəticəsində 60 kəndin 60-80% infrastrukturuna zərər dəymiş, daha 6 kənd yer üzündən tamamilə silinmişdi. 227 nəfər ölmüş, 1380 nəfərdən artıq insan yaralanmışdı.  Ekoloji fəlakət zonasında bütün yaşıllıqlar məhv olmuş, dik dayanan bir ağac da qalmamışdı.

Əziz Mustafa