Dünyanın ən varlı və ən sadə adamı – Bill Qeyts

949

Hər bir insanın həyatda uğur qazanmasının ən əsas səbəblərindən biri də onun öz işini ürəkdən sevməsi və ondan zövq almasıdır. Bu amil insanın gələcək həyat yolunu müəyyənləşdirən alın yazısıdır desək, bəlkə də, səhv etmərik. Bu baxımdan məhz öz işini sevərək onun sayəsində dünyanın ən tanınmış adamlarına çevrilən insanların həyatı bəşər övladı üçün xoş bir nümunədir. Həyatı milyonlara örnək olan günümüzdəki məşhur şəxsiyyətlərdən biri də müasir sivilizasiyamızın öndə gedənlərindən biri hesab edilən Bill Qeytsdir. O elə şəxsiyyətlərdəndir ki, dünyanın simasını dəyişə bilib və ona yeni inkişaf istiqaməti verib. Çoxlarından fərqli olaraq, Bill Qeyts öz var-dövlətini neft, qaz gəlirləri əsasında deyil, alın təri, beynini işlətməklə və onun sonsuz imkanlarından, az da olsa, istifadə etməklə qazanıb.
III Uilyam Henri Qeyts (Bill Qeyts) 1955-ci il oktyabr ayının 28-də Vaşinqton ştatındakı Sietl şəhərində vəkil ailəsində anadan olub. Onun anası Meri Maksvell Qeyts “First Interstate Bank”, “Pacific Northwest Bell” Bankları direktorlar Şurasının və “United Vay” Milli Şurasının üzvü idi. Amma balaca Qeyts ata-anasının imkanlarına deyil, özünə güvənməyi sevən uşaqlardan idi və onda qəribə bir iradə gücü vardı. Eyni zamanda o, utancaq və qaradinməz idi. Buna görə də yaşıdları ilə qaynayıb-qarışmağı sevməzdi. Məktəb yaşı çatanda valideynləri Qeytsi Sietldəki ali təbəqələr üçün nəzərdə tutulan ən tanınmış məktəbə qoydular. Bu məktəb həmin dövr üçün müasir hesab edilən bütün texniki avadanlıqlarla yüksək səviyyədə təchiz edilmişdi. Balaca Qeyts məktəbdə o dövr üçün yeni hesab edilən mini ompüterə maraq salmışdı və imkan tapan kimi onun arxasında otururdu. Minikompüterə həddindən artıq çox vaxt sərf etməsi nəticəsində o, məktəbdə bəzi dərslərdən, xüsusilə qrammatikadan geri qalırdı. Ona görə də müəllimlər və valideynləri tərəfindən dəfələrlə danlanırdı. Amma riyaziyyatdan işi yaxşı gedirdi və bu fəndən ən yüksək qiymətlər alırdı. Eyni zamanda kompüterdə məşğul olmaqdan da əl çəkə bilmirdi.
Bu işdə onun ən yaxın dostu Poll Allen də ondan geriyə qalmırdı. Necə deyərlər, iki dost həmyaşıdı olan uşaqlarla futbol, voleybol oynamağı, onlarla gəzintiyə çıxmağı sevmir, əvəzində boş vaxtlarını sevimli işlərinə həsr edirdilər. Müəllimləri isə onun kompüterə həddindən artıq maraq göstərməsini psixoloji anormallıqla əlaqələndirdilər. Nəticədə bundan narahat olan valideynləri balaca Billi psixiatra göstərmək məcburiyyətində qaldılar. Amma onun səhhətində hər hansı psixi pozğunluq hiss edilmirdi və Qeyts hətta onlarla söhbətində qeyri-adi yaddaşı, məntiqi ilə həkimlərdə özünə qarşı bir rəğbət oyada bildi. Xüsusilə o, riyazi sahədə olan biliyi ilə həkimləri çaşbaş salmışdı. Psixiatrla söhbətdən sonra Qeytsin atasi anladı ki, oğlu riyazi sahədə daha böyük uğur qazanacaq və onu bu istiqamətə də həvəsləndirmək qərarına gəldi. O, Qeytsi riyazi təmayüllü özəl məktəbə qoydu. Amma Qeyts burada da əvvəlki kimi minikompüter arxasında gününü keçirməkdə idi. Məktəb illəri haqqında Qeyts sonralar belə yazmışdı: “Mən daim kompüterin arxasında olurdum və ona görə də əksər hallarda bəzi dərslərdə, o cümlədən bədən tərbiyəsində iştirak etmirdim. kompüter sinfində isə bəzən gecəyarısına kimi oturub, onunla məşğul olurdum. Bəzən bizi kompüter arxasında oturmağa qoymurdular. Biz də buna özümüzə xas olan tərzdə cavab verirdik və hətta bir dəfə qapının qıfılını belə qırmışdıq. Buna görə bizə bir müddət kompüterdə məşğul olmağı qadağan etdilər. Bu bizə vurulan ən böyük zərbə idi. Buna baxmayaraq, Qeyts 13 yaşında ailə kompüteri üçün l proqram yazdı. Bu, o dövr üçün əsl qəhrəmanlıq demək idi. Çünki o dövrdə kompüterlər olduqca böyük idilər və 13 yaşlı uşağın onun üçün proqram tərtib etməsi ağlabatmaz iş hesab edilirdi. Amma Qeyts olduqca inadkar və başladığı işi sona kimi davam etdirməyi sevən bir uşaq idi. O vaxt valideynlərinin ağıllarına belə gəlməzdi ki, o, gələcəkdə dünyanın ən məşhur bir adamı olacaq və bütün dünya məhz konpyuter sahəsində qazandığı uğurlara görə ondan danışacaq və sevimli işi ilə məşğul olmaq onu dünyanın ən varlı adamlarından birinə çevirəcək. Hələ məktəbdə oxuyarkən Qeyts anladı ki, insanın zehni imkanlarına istinad edilən kompüter proqramları tərtib edilməsi elmdə yeni bir inqilaba gətirib çıxaracaq. Bill və Allen əvvəlcə, bir şirkətdə kompüter səhvlərini düzəltməklə məşğul olurdular və buna görə müəyyən qədər haqq alırdılar. Ancaq sonra özləri sərbəst fəaliyyətə başlamaq qərarına gəldilər. Onlar bu istiqamətdə ilk addımlarını da məktəbdə oxuyanda atdılar və kompüter proqramları hazırlamaqla məşğul olan “Traf-O-Data” kompaniyasını qurdular. Kompüter proqramlarının hazırlanması üçün isə o məktəb yoldaşlarını işə dəvət etdi. “Traf-O-Data” əsasən şəhər rəhbərliyi üçün kompyuter proqramları buraxırdı. Bu proqramlardan şəhər nəqliyyatının fəaliyyətinin tənzimlənməsində uğurla istifadə edilirdi. Bu, Allen və Billin ilk uğurlu fəaliyyətləri oldu. Onlar bundan 20 min dollar qazanc əldə etdilər. Bill və Allenin ilk işləri onlara o qədər şöhrət qazandırmışdı ki, artıq bir çox firmalar onlarla maraqlanmağa başlamışdılar.
1972-ci ildə Bill Qeyts çoxlarını şaşırdan bir təklif aldı. 17 yaşlı gəncə -Qeytsə təklif etdilər ki, o, Bonevill bəndində enerjinin paylaşdırılması üçün bir neçə proqram yazsın. Qeyts bu tapşırığı ən yüksək səviyyədə həyata keçirdi. Hələ o vaxt Qeyts bilmirdi ki, bundan sonra proqramlaşdırma işi onun taleyi, alın yazısı olacaq və onu bütün dünyada məşhurlaşdıraraq planetin ən varlı adamına çevirəcək. Bill Qeyts məktəbi başa vurandan sonra valideynlərinin arzusunu nəzərə alaraq, hüquqşünas peşəsini seçmək məcburiyyətində qaldı. Bu məqsədlə Qeyts 1972-ci ildə Harvard Universitetinə daxil oldu. Amma burada sona kimi oxuya bilmədi. Çünki bütün diqqəti kompüterdə idi və həyatını onlarsız təsəvvür edə bilmirdi. Ona görə də dərslərə vaxtlı-vaxtında gedə bilmir və tapşırıqları da yerinə yetirmirdi. Bundan əlavə, hüquqşünas peşəsi həssas peşə idi və o daim adamlarla isti münasibətlər qurulmasını, onlarla dil tapılmasını tələb edirdi. Qeyts bunun üçün yaramırdı və o daha çox özünə qapanan və ətrafı ilə çətinliklə əlaqə yaradan adamlardan hesab edilirdi. O yalnız özü kimi kompüter vurğunu olan Allen və Stiv Balmerlə isti münasibətlərdə idi. Buna görə də onu 2-ci kursdan məktəbdən xaric etdilər. Bundan sonra o yalnız öz sevimli işi ilə məşğul olmağa başladı. 1974-cü ildə Bill Qeyts satışda qiyməti 397 dollar olan “Altair 8800” kompüteri gördü. Dostlar dərhal bu kompüterin ən zəif tərəfinin onun proqramlaşdırılmaması olduğunu hiss etdilər. Bill və Allen dərhal adıçəkilən kompüteri istehsal edən M. İ. T.S. firmasının təmsilçiləri ilə əlaqəyə girdilər. Dostlar firmanın nümayəndələrinə “Altair 8800” üçün proqram ( BASİC) hazırlamağı təklif etdilər. Onların bu təklifləri firma rəhbərliyi tərəfindən maraqla qarşılandı. Hər iki dost “Altair 8800” üçün proqram hazırlamaq məqsədi ilə Nyu-Mexiko şəhərinə dəvət edildilər. Yeni kompaniyada onların işi uğurla getdi. Dostlar tərəfindən gələcəkdə bütün dünyanı silkələyəcək “Micro-soft”-un əsası da məhz Nyu-Mexikoda, 1975-ci ildə qoyuldu. Sonralar tire işarəsini aradan qaldırdılar və kompaniya “Microsoft” adı ilə tarixə düşdü. Lakin ilkin mərhələdə onlarınkı gətirmədi. “Microsoft”a proqram yazılması üçün sifariş verən 5 şirkət müflisləşdi və “Microsoft”a bir qəpik də olsa ödəyə bilmədi.
Buna baxmayaraq, Bill və Allen ruhdan düşmədilər. Onlar 1979-cu ildə yenidən doğma Sietlə qayıtdılar. Bu arada Bill və Allen nəinki ABŞ-ın, həm də dünyanın ən böyük korporasiyalarından olan İBM-dən şəxsi əməliyyat kompüteri üçün əməliyyat sistemi proqramı yazmaları barədə sifariş aldılar. Belə bir sifarişin o vaxt hələ bir o qədər də tanınmayan firmaya verilməsi çoxlarını təəccübləndirmişdi. Əslində “Microsoft”a belə bir tapşırığın verilməsi təsadüfi deyildi. Belə ki, həmin İBM korporasiyasında Qeytsin anası qurumun Direktorlar Şurasının üzvü idi. Şübhəsiz ki, o bu sifarişin oğlunun rəhbəri olduğu firmaya verilməsinə müəyyən qədər təsir göstərmişdi. Bu sifarişi yerinə yetirmək üçün Qeyts bicliyə əl atdı. O, QDOS (Quick and Dirty Operating System) sistemini satın alaraq adını dəyişdirdi. Sonra isə özünün də sonralar etiraf etdiyi kimi, ona yüngülcə əl gəzdirərək təkmilləşdirdi və yeni adla (MS DOS) İBM korporasiyasına satdı. “Microsoft” proqramı əsasında işləyən şəxsi kompüterlər üçün əməliyyat sisteminin nümayişi böyük əks-sədaya səbəb oldu. “Microsoft” bundan milyonlarla dollar gəlir əldə etdi. Nəticədə qısa zamanda yüzlərlə şirkət firma və kompaniya “Microsoft”a müraciət edərək, ondan DOS-dan istifadə üçün lisenziya istədilər. Artıq “Microsoft” bütün dünyanı özünə cəlb etməyə başlamışdı. Ona sifarişlər dünyanın hər yerindən gəlirdi. Bir sözlə, “Microsoft” dünya bazarını yaxşı mənada işğal etməkdə idi. Eyni zamanda “Microsoft” daha müasir proqramlar hazırlayaraq diqqəti özünə cəlb etməkdə davam edirdi. Məsələn, “Microsoft” öz əlavəsi olan “Microsoft-Vord” və “Microsoft-Excel” proqramlarını buraxdı. Bu da kompüter sisteminin daha da təkmilləşməsinə, onun texnoloji cəhətdən inkişafına daha bir təkan verdi. Bu arada dostların uğruna kölgə salan amillər də oldu. Belə ki, 1983-cü ildə Billin ən yaxın dostu və “Microsoft”un yaradıcılarından biri olan Pol Allen ağır xəstələndi. Həkimlər ona zehni və psixi gərginlik tələb edən işlərdə işləməməyi məsləhət gördülər. Nəticədə o, şirkətdə fəaliyyətini dayandırmağa məcbur oldu. Bundan sonra Bill Qeyts “Microdof”tu təkbaşına idarə etməyə başladı. Həmin dövrdə dünyanın hər yerində “Vord” və “Excel” sistemindən geni. istifadə edirdilər.
“Apple” ilə böyük qarşıdurma
1984-cü ildə dünya bazarına tamamilə yeni hesab edilən “Apple- Macintosh” fərdi kompüterləri çıxarıldı. Bu kompüter Qeytsi də özünə heyran etmişdi. O “Apple-Macintosh” rəhbərliyinə müraciət edərək, onun lisenziyasını almaq istədi. Amma qazandıqları uğurdan məst olan “Apple-Macintosh” rəhbərləri Qeytsə rədd cavabı verdilər. Bunu görən Qeyts özü işə girişdi və İBM kompüterləri üçün “Makovskoqo” interfeysini hazırlamaqla məşğul oldu. Nəticədə o bu sahədə yeni uğurlar qazana bildi. Bu isə onun daha da varlanmasına gətirib çıxardı. Artıq 1986-cı ildə Qeyts dünyanın ən varlı adamlarından birinə çevrilmişdi.
Əvvəli ötən sayımızda
11987-ci ildə “Microsoft” dünya bazarına “Vindovs” sisteminin yeni versiyasını çıxardı. Bu sistem “Macintosh”dan daha təkmil idi. Nəticədə “Vindovs” dünya bazarını monopoliyaya aldı. Həmin dövrdə hər gün milyon ədəd “Vindovs”un surəti (kopiyası) satılırdı. “Microsoft” bununla kifayətlənməyərək “Vindovs”u təkmilləşdirməklə məşğul oldu. 1995-ci ildə dünya bazarına yeni, daha mükəmməl olan “Vindovs 95” çıxarıldı. Dərhal da ona tələbat gözlənildiyindən qat-qat artıq oldu. Belə ki, iki həftə ərzində 7 millyon ədəd “Vindovs 95”in kopiyası satıldı. “Apple” isə həmin dövrdə bazarı itirməyə başlamışdı və tədricən iflasa uğramaqda idi. “Apple”ni tamamilə iflasa uğramaqdan yalnız onun qurucularından biri olan Stiv Cobsun yenidən köhnə iş yerinə qayıtması qurtardı. Cobsu vaxtilə müəyyən səbəblərdən “Apple”dən işdən çıxarmışdılar və o, “Microsoft”a işə düzəlmişdi. Cobs “Apple”yə qayıdandan sonra “Microsoft”la bazarlaşdı. Nəticədə Qeyts “Apple”nin müflis olmasının qarşısını almaq üçün ona 159 milyon dollar sərmayə qoydu və onun əsas səhmdarlarından birinə çevrildi. Beləliklə, Qeyts əsas rəqibi ilə ilk mübarizəni udaraq, özünə daha bir şöhrət qazandı.

Yeni mübarizə
Vaxt artıq Qeytsin xeyrinə işləyirdi və bütün kompüterlərdə “Vindovs” sistemindən istifadə edirdilər. Amma texnoloji inkişaf Qeytsdən hər gün adıçəkilən sahədə yeniliklər tətbiq etməyi tələb edirdi. Həmin vaxt Qeyts artıq dünyanın ən məşhur adamlarından, onun rəhbərlik etdiyi kompaniya isə dünya bazarında ağalıq edən bir şirkət idi. Bu arada Qeytsin rəqibləri ona qarşı bir neçə məhkəmə iddiası qaldırdılar. Ancaq həmin məhkəmə iddialarını qaldıranlar bu prosesi uduzdular. Əsrimizin əvvəllərindən başlayaraq, Qeytsə yeni rəqiblər meydana çıxdı. Belə rəqiblərdən ən güclüsü “google”çilər idilər. “Google” qısa müddətdə özünü bazarda təsdiq edərək, milyonlar qazanmağa başladı. Əvvəlcə, Qeyts buna fikir vermədi. Hər halda yeni yaranan şirkətlə müqayisədə o daha təcrübəli idi və üstəlik, böyük biliyə və rəqibini sıradan çıxara bilmək bacarığına malik idi. Ancaq sonra o anladı ki, internet milyonlarla insanı əhatə edir və bu sahə
hələ uzun illər ən aparıcı sahə olaraq qalacaq. Ona görə də Qeyts bütün diqqətini internetə yönəltdi. Bütün bunlara baxmayaraq, hazırda “Google” internetdə liderliyi əldə saxlamaqda davam edir, ancaq Qeyts də geri çəkilmək niyyətində deyil. Qeyts “Apple”lə olduğu kimi, “Google” ilə də mübarizədə qalib gələcəyinə əmindir. Bu da əsassız deyil. Çünki Qeyts biznes sahəsində işini uğurla qura bilib və onun bütün incəliklərinə dərindən bələddir. Təsadüfi deyil ki, Qeyts deyir: “Biznes cəlbedici və maraqlı oyundur. Burada əsas məsələ oynayanın tükənməz enerjisindən bacarıqla istifadə etməsi və müəyyən qaydalar daxilində öz şərtlərini rəqiblərinə diktə etməyə nail olmasıdır”. Bill Qeyts bununla belə, son illərdə tədricən öz işindən uzaqlaşmaqdadır. 2007-ci ildə o, baş direktor vəzifəsindən istefa verdi və öz yerinə dostu Stiv Balmeri təyin etdi. Amma o hələ də Direktorlar Şurasının sədri kimi strateji qərarların qəbul edilməsində iştirak edir. Qeytsi başa düşmək mümkündür. Uzun illər həyatının ən yaxşı dövrünü biznesə həsr edən bu insan indi bir qədər işdən kənara çəkilmək, mənən dincəlmək və qazandığı milyardları haraya və necə sərf etmək barədə düşünmək istəyir.
Qeyts 1995-ci ildə özünün yardımçısı, “Microsoft”un vitse-prezidenti Natan Mirvoldla və jurnalist Piter Raynarsonla birgə “Gələcəyə yol” (“The Road Ahead”) adlı kitabını yazdı. Bu kitabında o, informasiya texnologiyalarının inkişafı ilə bağlı cəmiyyətin hansı istiqamətə getdiyi barədə ö fikirlərini ortaya qoydu. Bu kitab tezliklə dünyada ən çox oxunan kitablardan birinə çevrildi. “Gələcəyə yol” kitabı dünyanın 20 ölkəsində nəşr olunub. Təkcə Çində bu kitab 400 min tirajla buraxılıb. 1999-cu ildə isə Qeyts Kollinz Heminqueylə birlikdə “Fikir sürəti ilə biznes” (Business @ the Speed of Thought) adlı kitab yazdı. Kitabda informasiya texnologiyalarının biznesdə oynadığı önəmli roldan danışılır. Bu kitab da tezlikə dünyada ən çox oxunan kitablardan birinə çevrildi və 25 dildə nəşr edildi. Hər iki kitabın satışından əldə etdiyi gəlirləri Qeyts humanitar yardım fondlarının hesabına köçürdü.
Qeyts kompüter texnologiyalarından əlavə, biotexnologiyalarla da maraqlanır. O, “Darwin Molecular” kompaniyasının səhmlərini alıb və bundan əlavə, “Icos Corporation” kompaniyası idarəetmə heyətinin üzvüdür.
Bill Qeyts 1994-cü ildə Melinda Frenç ilə evlənib. Bu evlilikdən 1996-cı ildə qızı Cenifer, 1999-cu ildə isə oğlu Rouri, sonra isə qızı Adel anadan oldular. Bill və Melinda bircə xeyriyyə fondu qurublar və 1,7 milyard dollar təhsilə və səhiyyəyə xərcləyiblər. Fond dünyadakı istedadlı tələbələrin təhsillərini başa vurması üçün hər il 1 milyard dollar ayırır. İldə 1 milyard dollar da o, tibbi və yeni texnologiyaların reallaşması üçün nəzərdə tutulan fondun hesabına köçürür. 1996-2007-ci illərdə və 2009-2015-ci illərdə “Forbes” jurnalının versyasına görə, dünyanın ən varlı adamı hesab edilib. 2015-ci ilin mart ayında “Forbes” jurnalının versiyasına görə, Qeytsin varidatı 79,2 milyard dollar olub. Bu müstəvidədə 2012-ci illə müqayisədə Qeytsin var-dövləti 13,2 milyard dolar artıb. Qeyd edək ki, Qeyts dünyanın ən varlı adamı hesab edilən ərəb əsilli Meksika vətəndaşı Karlos Slimdən (Karlos Səlim) 2,1 milyard dollar çox var-dövlətə malikdir. Qeyts günümüzdə dünyanın ən xeyriyyəçi insanlarından biri hesab edilir. 1994-2010-cu illərdə Qeyts Bill və Melinda xeyriyyə fonduna 28 milyard dollar bağışlayıb. 2010-cu ilin fevralında Qeyts dünyanın milyarderlərinə müraciət edərək, onları var-dövlətlərinin yarısını xeyriyyə fondlarına bağışlamağa çağırıb.
Qeyts yaşının bu vaxtlarında belə yorulmaq bilmədən axtarışlar aparmaqda davam edir. Belə ki, Qeyts 2015-ci il dekabr ayının 2-də Mark Zukerberq (“facebook”un qurucusu və proqramçı) birlikdə “Breakthrough Energy Coalition” fondunu təsis edib. Bu fondun məqsədi təmiz və alternativ enerji mənbələrindən istifadə etmək üçün milyarderləri oraya sərmayələr qoymağa həvəsləndirməkdir. Buna paralel olaraq, Qeytsin təşəbbüsü ilə 20 ölkəni, o cümlədən ABŞ, Böyük Britaniya, Braziliya, Hindistan, Yaponiya və Çinin də daxil olduğu
“Mission Innovation” qrupu yaradılıb. Qrupun məqsədi təmiz və alternativ enerji mənbələrindən istifadə məqsədi ilə yaxın 5 ildə adıçəkilən sahəyə qoyulan sərmayənin 10 milyard dollardan 29 milyard dollara çatdırılmasıdır.

Sadə və təvazökar həyat
Bill Qeyts milyarder olmasına baxmayaraq, olduqca sadə həyat sürür. O, heç vaxt öz var-dövləti ilə öyünmür və əksər hallarda ən adi yeməkxanalarda sadə, orta və aşağı təbəqədən olan kasıb adamlarla birgə yemək yeməyi xoşlayır. Heç vaxt həddindən artıq pul xərcləməyi sevmir. Onun geyimi də sadə adamların geyimlərindən fərqlənmir; adəti üzrə bahalı paltar geyinməyi, bahalı saatları qoluna taxmağı özünə yaraşdırmır. Qeyts piyada gəzməyi, yolüstü sadə adamlarla danışmağı, onların problemləri ilə maraqlanmağı sevir. Qeyts istedadlı məktəbli uşaqlara, tələbələrə münasibətdə olduqca əliaçıqdır. Ona hər hansı bir yeni layihənin reallaşdırılması üçün müraciət edən tələbələrə dərhal maliyyə yardımı göstərir. Hətta bilsə ki, bu layihənin reallaşması elmə heç nə verməyəcək, o yenə də qarşısındakıları həvəsləndirmək üçün onlara maddi yardımlar edir. Bununla bağlı Qeyts: “Bir vaxtlar mən də onlar kimi olmuşam. Mənə inanmadılar, ancaq həvəsdən salmamaq üçün maddi yardımlar edən adamlar tapıldı. Onların sayəsində elmdə sıçrayışlara yol açan uğurlara imza atdım. Əgər o vaxt onlar mənə yardım etməsəydilər, onda mən heç vaxt bugünkü Qeyts ola bilməyəcəkdim. Ona görə də mənə müraciət edən gənclərin simasında özümü görür və onlara yardımlar edirəm. Bəlkə də onların arasından gələcəkdə yeni Qeytslər yetişəcək”,-deyir.
Düzdür, sadə həyat sürməsi ilə yanaşı, Qeytsin müasir elmi-texniki yeniliklər əsasında Vaşinqton gölü sahilində inşa etdirdiyi böyük malikanəsi var. 125 milyon dollara başa gələn bu evi daha çox müasir elmi texnologiyanın muzeyi hesab etmək olar. Burada sivil elmi texnologiyanın bütün imkanlarından istifadə edilib. Orada ən müasir elektronik kitabxana mövcuddur. Bu baxımdan Qeytsin, evi daha çox elmi-texniki tərəqqinin bütün nailiyyətlərini özündə əks etdirən misilsiz yaddaş muzey-mərkəzi məqsədi ilə inşa etdirdiyi deyilir. Amma yenə də bütün bunlara baxmayaraq, Qeytsin sadə, dünənki tələbə həyatından fərqlənməyən, eyni zamanda xeyriyyəçi həyatı davam edir. O sanki elə bunun üçün də dünyaya gəlib…

Əziz Mustafa