Dünyanı heyrətləndirən məşhur müsəlman alimləri: İbn Sina (4)

977

İbn Sina qədim türk şəhəri olan Həmədanda olduğu müddətdə yenə də öz müalicələrini davam etdirməkdə idi. Həmin dövrdə İbn Sina tibb elminə aid məşhur “Əl Qanun fit Tibb” ( “Təbabət elminin qanunu”) kitabını yazır. XII yüzillikdə latın dilinə tərcümə olunan bu kitab sonralar, daha dəqiq desək, XIX əsrin ortalarına kimi Qərbin ali tibb məktəblərində dərslik kimi istifadə edildi.

“Əl Qanun fit Tibb” ( “Təbabət elminin qanunu”) insan anatomiyasından tutmuş bir çox xəstəliklər, səbəbləri, müalicə və profilaktikası, həmçinin daxili xəstəliklər, göz və dəri, uşaq xəstəlikləri, cərrahi metodlara qədər müxtəlif məsləhətlər və s. verilmişdir. Xəstəliklərin etimologiyasına aid biliklərin, insanın naturasına, həyat tərzinə uyğun xəstəliklərə yoluxması hallarının özünəməxsus şəkildə izahatı, onun tibb aləmində bu günədək tətbiq olunması İbn Sinanın təbabətə verdiyi ən böyük töhfələrdəndir.

 

Düzgün qidalanmaq sağlamlıq mənbəyidir

İbn Sina insanın sağlamlığı üçün vacib olan əsas amilləri müəyyənləşdirib. Bu amillər günümüzdə də öz əhəmiyyətini saxlamaqdadır. Dünyanın ən məşhur türk həkimi insan sağlamlığında önəmli olan 7 amili riyazi dəqiqliklə hesablayıb. Bu amillərdən birincisi insanın qidalanması ilə əlaqədardır. İbn Sinaya görə, düzgün qidalanma olmadan insan öz sağlamlığını qoruya bilməz. Məşhur türk həkiminin sözlərinə görə, qəbul etdiyimiz hər bir qida daxilimizdə müəyyən orqanların daha sağlam olmasına və ya əksinə, onları tədricən sıradan çıxarmasına gətirib çıxarır. İbn Sina yazır ki, düzgün qidalanma insanın gündəlik fəaliyyətinin əsasını təşkil edir. Onun sözlərinə görə,  əgər insan düzgün qidalanmayıbsa, bunun xoşagəlməz fəsadlarını bütün günü öz üzərində hiss edir. İbn Sina insana, ilk növbədə, nə gəldi yeməməyi, qarınqulu olmamağı tövsiyə edərək yazır ki, insanın sağlamlığı onun öz əlində, daha dəqiq desək, qəbul etdiyi qidadadır. Düzgün qida sağlam həyat deməkdir. İbn Sinanın insanın düzgün qidalanmasının onun səhhəti ilə bağlı xüsusi önəm daşıdığını söyləməsi günümüz üçün də çox ibrətamizdir. Belə ki, bu gün bir sıra müalicəsi çətin olan xəstəliklərin meydana çıxmasının bir səbəbi də məhz insanın düzgün qidalanmaması və ya orqanizm üçün tərkibində zərərli qarışıqlar olan qidaları qəbul etməsidir.

İbn Sina bundan əlavə, insan sağlamlığı üçün vacib olan faktorlardan birinin də burun vasitəsilə düzgün nəfəs almaq olduğunı yazır. Onun fikrincə, düzgün nəfəsalma bədənin, ilk növbədə, ağciyərlərin fəaliyyətini tənzimləyir. Ağciyərlərin fəaliyyətinin düzgün nizamlanması isə daxildəki digər orqanların sağlam fəaliyyət göstərməsinə imkan verir. İnsanın sağlamlığının  digər önəmli faktoru kimi isə İbn Sina çalışmağa diqqəti cəlb edir. İnsan müəyyən fiziki imkanlar çərçivəsində nə qədər çox çalışarsa, orqanizmdə o qədər qan yaxşı dövran edər və bu, nəticə etibarı ilə sağlamlıq üçün vacibdir. Lakin İbn Sina eyni zamanda çox çalışmağın da əleyhinədir və bunun orqanizmin zəifləməsinə və müxtəlif xəstəliklərə  yol aça biləcəyi barədə xəbərdarlıq edir. Bir sözlə, məşhur həkim yol verilən həddə işləməyin insan üçün faydalı olduğu qənaətindədir. İbn Sina həmçinin geyimin də insan sağlamlığı üçün önəm olduğunu vurğulayır. İbn Sinaya görə, insan elə geyinməlidir ki, ya ona çox soyuq, ya da çox isti olmasın. O yazır ki, insan bədəninin həm çox soyuğa, həm də çox istiyə məruz qalması orqanizm üçün faciə deməkdir və bütün bunlar qorxulu xəstəliklər mənbəyidir. İbn Sina həmçinin sağlamlıq üçün vacib olan amillər sırasında bədən quruluşunu həmişə düzgün formada saxlamağın, mülayim xasiyyətə malik olmağın, heç vaxt əsəbiləşməməyin, bədənin lazımsız tullantılardan təmizləməyin, əqli aktivliyin adını çəkir.

İbn Sinanın insan sağlamlığı üçün müəyyən etdiyi bu xarakteristikası günümüzə qədər gəlib çatmış, öz əhəmiyyətini heç də itirməmişdir.

 

Universal kitab

İbn Sina tibb aləmində ilk psixodiaqnostik olmuşdur. Nəbzə görə, xəstənin müayinəsi onun qeyri-adi istedadından xəbər verir. İbn Sina nəbz haqqında nəzəriyyə də yaratdı. “Nəbz dalğavari, milvari, ikizərbəli, uzun, titrək, kiçik, yavaş, əsəbi gərgin, alçaq, qarışqavari mişarvari, dolu və boş ola bilər” deyə o “Qanun”da  yazır. Deyilənə görə, o nəbzə görə, xəstələrə diaqnoz da qoya bilirmiş.  İnsanda vegetativ dəyişikliklərə uyğun insan beyninin vəziyyəti, psixoloji durumu ona bir çox şeyi xəbər verirdi. Sanki sonralar onun bu elmi nailiyyətindən istifadə edərək, müxtəlif eksperimentlər aparılmış və “yalan detektoru” kimi aparatlar kəşf olunmuşdur.

İbn Sina taun, vəba, sarılıq kimi xəstəliklərin səbəblərini analiz edib, meningit, mədə xorası və bir sıra başqa xəstəliklərin müalicə üsullarını göstərib. İlk dəfə göz əzələlərinin quruluşunu da o, təsvir edib. Ona qədər dünya tibb elmində hesab olunurdu ki, göz fənər kimi işıq şüalandırır və bu şüalar obyektə dəyib qayıtması ilə insan görür.

Ümumiyyətlə “Əl Qanun fit Tibb” ( “Təbabət elminin qanunu”) kitabı 5 cilddən ibarətdir.

Beşcildlik kitabda farmokologiya haqqında əsas biliklər, ürəyin, qaraciyərin, beyinin detallı təsviri verilir. Bundan başqa, taun və vəbanın fərqi verilir, plevrit və ciyərlərin sətəlcəmi, cüzam, şəkər xəstəliyi, mədə xorası haqda o vaxt üçün çox qiymətli bilgilər toplanıb. Qısa müddətdə “Qanun” bütün dünyada tibb ensiklopediyası kimi qəbul olunur. Çap dəzgahı ixtira olunandan sonra ilk nəşr olunan kitab Bibliya, ikincisi isə “Qanun” olub.

İbn Sinadan 800 il sonra fransız alimi Paster yoluxucu xəstəliklərin səbəbinin viruslar olması haqqında İbn Sinanın ehtimalını sübut etməyə müyəssər oldu.

İbn Sinanın elmi irsi çox böyükdür. Tam dəqiq olmasa da, 450-yə qədər əsər yazdığı güman edilir. Bunlar çox müxtəlif sahələri əhatə edir: fəlsəfə, tibb, riyaziyyat, astronomiya, mineralogiya, poeziya, musiqi və s.

İbn Sina mexanika ilə də maraqlanmış və Aristotelin hərəkət anlayışını tənqid etmişdir. Aristotel, cismi hərəkət etdirən qüvvə ilə cism arasındakı toxunma yox olduqda, cismin hərəkətini davam etdirməsini təmin edən amilin şərait, yəni hava olduğunu bildirir. O, havaya, biri cismə müqavimət, digəri isə cismi daşıma olmaq kimi bir-birinə uzaq olan iki vəzifəni yükləyirdi.

İbn Sina bu zidd durumu sezmis, apardığı müşahidələr nəticəsində hava ilə küləyin güclərini müqayisə etmis və Aristotelin haqlı ola bilməsi üçün havanın şiddətinin küləyin şiddətindən daha çox olması nəticəsini çıxarmışdır.

İbn Sinanın dərman bitkiləri ilə ən sağalmaz hesab edilən xəstəlikləri müalicə etməsi və bununla bağlı reseptlərinin hamısı günümüzə qədər gəlib çatmayıb. Onun müalicə prosesində istifadə etdiyi şəfalı bitkilərin bəzilərinin adları məlum olsa da, onların hansı bitki olduğu bilinmir. Bəlkə də, İbn Sinanın ən qorxulu xəstəliklərin müalicəsi ilə bağlı reseptləri olduğu kimi günümüzə qədər gəlib çatsaydı, onda bu gün bəşəriyyət üçün bəlaya çevrilən xərçəng və digər xəstəliklərin müalicəsi də mümkün olardı. İbn Sina aforizmləri ilə də məşhurdur.  İbn Sinanın aforizmlərindən birində deyilir: Həkim şahin baxışına, qız əlinə, ilan müdrikliyinə və aslan ürəyinə malik olmalıdır. Hikmət üçün deyilir: qiymətsizdir o, amma ona cahanda bir quruş da verməzlər. İbn Sina 1037-ci il 18 iyunda, 58 yaşında, mədə xorasından vəfat edib və qədim türk yurdu olan Həmədanda da dəfn edilib.