Dünyanı heyrətləndirən məşhur müsəlman alimləri: İbn Sina (2)

479
Elmə olan böyük məhəbbəti İbn Sinanın qısa müddətdə bir çox elmlərə dərindən yiyələnməsinə gətirib çıxardı.
 O dövrdə Aristotelin “Metafizika” əsəri ilə tanış olan İbn Sina bir müddət bu əsəri başa düşməkdə çətinlik çəkdi. Nəhayət, o, əl-Fərabinin Aristotelin “Metafizika” əsərinə aid yazdığı qeydləri oxuyandan sonra bu əsəri anlaya bildi. Gənc yaşlarından İbn Sinanı təbabət elmi daha çox maraqlandırırdı. O vaxt bir çox xəstəliklər insanları vaxtından tez o dünyaya aparırdı və bu da gənc İbn Sinanı kədərləndirirdi. Ona görə də İbn Sina tibb elmi ilə ciddi şəkildə maraqlanmağa başlamışdı və oxuduğu kitablarda müxtəlif xəstəliklər və onların müalicəsi barədə nə isə tapmağa cəhd edirdi. On dörd yaşı olanda İbn Sina qədim kitablardan oxuduqları əsasında artıq  bir çox xəstəliklər və onların təbii yollarla müalicəsi barədə kifayət qədər dərin məlumata malik idi. Həmin dövrdə İbn Sinanın yaxın qohumlarından birinin gözləri olduqca zəif görürdü və get-gedə o gözlərinin işığını itirməkdə idi. İbn Sina qədim tibb kitablarından oxuduqları əsasında yaxın qohumunu şəxsən özü Türküstan çöllərindən topladığı müalicəvi əhəmiyyətli ot bitkiləri ilə müalicə etdi. Nəticədə gözləri müalicə edilən şəxs – İbn Sinanın qohumu bu gəncin qabağında diz çökərək ona təşəkkür etdi. İbn Sina isə müalicə etdiyi qohumuna: “Səni mən deyil, uca Yaradanın lütfü müalicə etdi. Allah mənə elm öyrənmək səadəti bəxş etməsəydi və bu zəkanı verməsəydi, mən səni necə müalicə edə bilərdim? Min dərdə min bir dərman verən Allaha sonsuz sayda şükürlər olsun, hər şey onun əlindədir”,-demişdi.

 

Məşhur həkimlə görüş

İbn Sinanın heç bir müəllim olmadan tibb elmini özbaşına öyrənməsi və artıq gözü xəstə olan qohumunu müalicə etməsi qısa müddətdə bütün şəhərə yayılmışdı. Bu xəbər o dövrdə şəhərdə məşhur həkim kimi tanınan Əbu Səhl Məsihə də gedib çatmışdı. Əbu Səhl Məsih gənc oğlanı yanına dəvət edərək, onun biliklərini öyrənmək qərarına gəldi. Bu da əsassız deyildi. İbn Sinanın yaxın qohumunun gözlərini müalicə edənə kimi şəhərdə bütün xəstələr Əbu Səhl Məsihin yanına gəlirdi. Məsih o dövrdə tibb elmini olduqca dərindən bilirdi. Ona görə də onu Türküstanın Hippokratı adlandırırdılar. Bununla belə, Məsih İbn Sinanın qohumunun gözlərini müalicə etməkdə aciz qalmışdı. Ona görə də özünün bacarmadığı xəstəliyi İbn Sinanın necə müalicə etməsi məşhur həkimə çox qəribə, həm də maraqlı gəlmişdi. İbn Sina Əbu Səhl Məsihin yanına gələndə onun yanına müalicəyə gələn xeyli adam vardı. Buna baxmayaraq, İbn Sinanın gəlməsini eşidəndə demişdi ki, buraxın gəlsin yanıma. İbn Sina məşhur həkimin yanına girəndə, o, qarnında bərk sancılar olan xəstələrdən birini müayinə edirdi. Müayinənin uzandığını görən İbn Sina özünü saxlaya bilməyərək: “Ona filan otun dəmləməsini içmək lazımdır, on gün bu dəmləmədən içsin,”-demişdi. Bundan heyrətə düşən Əbu Səhl Məsih xəstə gedəndən sonra: “Bu otla qorxunu, əsəbləri müalicə edirlər”, -deyə təəccüblə gənc oğlanın üzünə baxmışdı. İbn Sina isə gülümsəyərək: “Onun xəstəliyinə səbəb  düzgün qidalanmaması, əlinə düşəni ağzına apararaq mədəsini doldurmasıdır, qarnındakı ağrı da ondandır. Ac qalsa ötüb gedəcək. Ancaq ağrı onu qorxudub. Bərk ağrı hiss etməyi də bununla bağlıdır. Mən ona sakitləşdirici, qorxu hissini aradan qaldıran müalicə dedim ki, daha az bir ağrını böyüdüb özü üçün faciəyə çevirməsin. Əks halda, qarnındakı ağrı keçsə də, hələ qorxudan uzun müddət qarnında yalançı ağrını hiss edəcəkdir”,-deyə məşhur həkimə cavab vermişdi.

Əbu Səhl Məsih onun bu cavabından heyrətə düşmüş və “Səni artıq imtahan etməyə ehtiyac yoxdur. Sən məndən də böyük həkim olacaqsan”,- deyə onun alnından öpmüşdü.

 

Buxara hökmdarını müalicə edir

Doğrudan da qısa müddətdə gənc həkimin insanları bacarıqla müalicə etməsi xəbəri bütün Türküstana yayıldı. Hər yerdən onun yanına xəstələr axışıb gəlməyə başladı. Xəstələri müalicə etmək üçün  İbn Sina gecə-gündüz qədim kitabları oxuyur, eyni zamanda təcili şəkildə müxtəlif xəstəliklərin müalicəsində istifadə etmək üçün dərman bitkilərini toplayırdı. Nəticədə gənc həkim yanına gələn və digər həkimlər tərəfindən müalicə oluna bilməyən xəstələrin dərdinə şəfa tapırdı. Bununla bağlı İbn Sina yazırdı: “Yanıma daha çox xəstənin gələrək onları müalicə etməyimi istəməsi məni onların dərdinə əlac etmək üçün yollar axtarmağa məcbur etdi. Mən qədim tibb kitablarında tapa bilmədiyim müalicə üsullarını axtarmaq üçün müalicəvi bitkiləri öyrənməyə başladım və onlarla müalicə etməyin yollarını müəyyən etdim. Mən tibb elminin sirlərinə yiyələndikcə bitkilərin insan sağlamlığında nə qədər böyük rol oynadığının bir daha şahidi oldum”.

Xəstələri bacarıqla müalicə etməsi nəticəsində onun şöhrəti daha da artaraq, Buxara hökmdarının sarayına da gedib çatmışdı. Bu arada Buxara hökmdarı ağır xəstələndi. Saray həkimləri hökmdarı müalicə edə bilmədiklərindən çarəsiz qalıb İbn Sinaya müraciət etməli oldular. O vaxt İbn Sinanın 16 yaşı vardı. İbn Sina saraya gələrək hökmdarı müayinə edən kimi onun xəstəliyinin səbəbini anladı və dərhal işə girişdi. Hökmdardan ona köməkçilər verməsini xahiş edərək, onlarla birlikdə çöllərdən müalicə əhəmiyyəti olan bütkiləri yığmağa başladı. Bir həftə ərzində gənc həkim hökmdarı otlarla müalicə edərək sağaltdı və onu ayağa qaldırdı. Buxara hökmdarını müalicə etməsi İbn Sinanın şöhrətini daha da artırdı. Hökmdar onu sarayda saxlamaq qərarına gəldi.

Hökmdar bu qeyri-adi oğlanı çox bəyənir və öz sarayının kitabxanasını ona həvalə edir. Böyük kitabxana İbn Sina üçün çox qiymətli tapıntı olur. Özbaşına mütaliələr və gözəl müşahidə və düşünmə qabiliyyəti onun dahi həkim kimi məşhurlaşmasına səbəb olur.

16 yaşlı İbn Sinanı Buxara hökmdarı eyni zamanda baş saray həkimi təyin edir. Bu, o vaxt görünməmiş bir hadisə idi və ilk dəfə 16 yaşlı oğlan ən təcrübəli saray həkimlərinin, belə demək mümkünsə, başbiləni təyin edilmişdi.

Bundan əlavə, İbn Sina Məsih ilə insan bədəninin quruluşunu öyrənməyə başlayırlar. Hələ gənc ikən ibn Sinanın başına çoxlu elmli şagirdlər toplaşır. Onların içində hətta ağsaqqal adamlar da olurdu. 18 yaşı olanda fizika, fəlsəfə və astronomiya üzrə Şərqin böyük alimləri ilə yazışır, diskussiyalara girirdi.

Bu arada isə Samanlı hökmdarının sarayında baş verən çevriliş nəticəsində taxta başqa adam çıxdı. Bundan az sonra isə digər türk sultanı tərəfindən Buxara ələ keçirildi. Sarayda baş həkim kimi çalışdığından həbs ediləcəyindən narahat olan İbn Sina 1002-ci ildə digər türk şəhəri olan Xarəzmə, daha dəqiq desək, o vaxt bu əyalətin ana şəhəri olan Urgənc şəhərinə köç etməyə məcbur oldu. Həmin dövrdə Xarəzm Urgəncdən idarə olunurdu. İbn Sinanın məşhur həkim kimi sorağı gedib Xarəzmə də çatdığından onu dərhal saraya dəvət edərək həkimbaşı rütbəsi verdilər. O sarayda çalışdığı dövrdə həm də hökmdardan icazə alaraq, yanına müalicəyə gələn sadə camaatdan olan insanları müalicə edirdi.  İbn Sinanın Xarəzmə gəlməsindən az sonra böyük alim Əbu Reyhan Biruni və Məsih də bura köçürlər. Xarəzmşah alimləri himayə edən bir insan idi. O, sarayda tez-tez disputlar təşkil edirdi. Onlar birlikdə çalışır, fizika və kimyadan təcrübələr edir, gecələr ulduzları, meteoritlərin düşməsini seyr edirdilər. Bir sözlə, Xarəzm həyatı İbn Sinanın şöhrətinin daha da artmasına gətirib çıxardı.

Əziz Mustafa