Dünyanı heyrətləndirən məşhur müsəlman alimləri: Əl Fərabi (II)

396
Fərabinin dinlərə münasibəti də olduqca özünəməxsusdur və o bu məsələyə fəlsəfi baxımdan yanaşır.
  Əl-Fərabi belə hesab edir ki, bütün dinlər mərkəzə doğru cəhd edirlər. Bu mərkəz isə Allahın özüdür.  Bu baxımdan əl-Fərabidə  günümüz üçün  xarakterik olan özünəməxsus tolerantlıq hiss edilir. Məsələn, əl-Fərabi deyir ki, insanları ayıran onların etiqad etdikləri dinlərin müxtəlifliyi deyil, həqiqəti başa düşməmələridir. Bu həqiqət ondan ibarətdir ki, bütün insanlar varlığın müxtəlif səviyyələrində və mənəvi tərəqqinin müxtəlif mərhələlərində olmaqlarına baxmayaraq, onların hamısı İlahi iradənin yaratdıqlarıdır. Həqiqətin vahidlik məsələsinin dərinliyinə varan Fərabi peyğəmbər şəxsiyyətinin hərtərəfli və ifadəli təsvirinə geniş yer verir. Onun fikrincə, peyğəmbər həm fəlsəfə məsələlərində, həm də mənəviyyat məsələlərində ən yüksək zirvəyə çatan müqəddəs varlıqdır.Fərabiyə görə, insanların xoşbəxtliyi yalnız dövlət çərçivəsində mümkündür. İnsanlar müxtəlif qabiliyyətlərə malikdir; cəmiyyətə və dövlətə xidmətdə müxtəlif vəzifələrini yerinə yetirirlər. Ona görə də dövlət öz vətəndaşları üçün elə şərait yaratmalıdır ki, onlar özlərinin həqiqi qabiliyyətlərini göstərə bilsinlər

İdeal dövlət ilahi qanunlara uyğun qurulduğundan onun vətəndaşları tamamilə xoşbəxt olmalı idi. Dövlətin isə borcu vətəndaşlarının xoşbəxt olmasını təmin etmək idi. Fərabi xoşbəxtliyin mahiyyəti və onun əldə edilməsi yolları haqqında ətraflı danışır. Fərabiyə görə, xoşbəxtliyin 3 şərhi var: 1) Xoşbəxtlik sırf nəzəri fəaliyyətdir. 2) Xoşbəxtlik sırf praktiki fəaliyyətdir. 3) Xoşbəxtlik yuxarıda deyilənlərin hər ikisinin əlaqələndirilməsidir. Xoşbəxtliyin əldə edilməsinin real yollarının fərdi-şəxsi fəaliyyətin nəticəsi kimi göstərilməsinə baxmayaraq, Fərabinin həmin xoşbəxtliyin əxlaqi qanunlarına müvafiq olaraq xoşbəxtliyə insanların birliyi sayəsində, daha dəqiq desək, cəmiyyət kontekstində, Allaha sarılmaqla nail olmağın mümkünlüyünü qeyd etməsi diqqəti cəlb edir. Göründüyü kimi, Fərabi mükəmməl dövlət quruculuğunun zəruriliyini ali ideal hakimin mövcudluğu ilə əlaqələndirir (Mənbə zəka.az).

 

Əl-Fərabi yaradıcılığının

Azərbaycana təsiri

Əl-Fərabi Azərbaycanda da sevilən və hörmətlə xatırlanan ən böyük insanlardan biridir. Onun yaradıcılığı orta əsrlərdə Azərbaycanda fəlsəfənin inkişafına yeni təkan verərək, onlarla tanınmış filosofun, o cümlədən Azərbaycan filosoflarından Eynəlqüzat Miyanəci (1099-1131) və Şihabəddin Yəhya Sührəvərdinin (1154-1191) yetişməsində önəmli rol oynayıb.

Əl-Fərabinin yaradıcılığı Azərbaycanda da ciddi şəkildə tədqiq olunub.  Dahi elm xadiminin yaradıcılığı fəlsəfə elmləri doktoru Zakir Məmmədov, professor M. Xeyrullayev və digərləri tərəfindən tədqiq olunub, araşdırılıb.

Zakir Məmmədov “Bəhmənyarın fəlsəfəsi” kitabında yazır ki, Əl Farabi Bağdadda Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir.

Professor M.Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini, 949-950-ci illərdə isə Misirə səfər etdiyini bildirmişdir.

M.Xəyrullayev Farabinin 950-ci ildə noyabr, yaxud dekabr ayında Dəməşqdə vəfat etdiyini yazmışdır.

Fərabi riyaziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misiliz töhfələr bəxş etmiş, Aristotelin əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır. Farabi İslam dünyasını Yunan fəlsəfəsi ilə tanış etmiş ilk alimlərdən olmuşdur.

 

Farabi məntiqi “təxəyyül” və

“sübut” olmaqla iki

kateqoriyaya ayırmışdır..

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Əl Farabi yaradıcılığını iki istiqamətdə apardığını bildirmişdir: 1) Öz sələflərinin kitablarına yazmış. 2) Yeni əsərlər qələmə almışdır. Zakir Məmmədov yazır ki, üç mühüm elmi-fəlsəfi təlimdən birini – Şərq peripatetizmini türk filosofu Əl Fərabi, digər ikisini – panteizmi və işraqiliyi Azərbaycan filosoflarından Eynəlqüzat Miyanəci (1099-1131) və Şihabəddin Yəhya Sührəvərdi (1154-1191) yaratmışlar.

Alimin məşhur əsərlərindən biri “Fəzilətli şəhər əhlinin baxışları” adlı kitabıdır. Bu əsərində “İdeal dövlət” konsepsiyasını irəli sürmüşdür. Farabi həmçinin fizikada boşluqların varlığı və onlarin təbiəti haqqında fikir söyləmiş ilk tədqiqatçılardan biri hesab olunur.

Fərabinin əsərləri bir neçə əsr müddətində dünya elm və fəlsəfəsinin inkişaf istiqamətini müəyyənləşdirmiş, Şərqdə, sonralar isə Qərbdə bir neçə yüzilliklər ərzində masaüstü dərslik kitabları olmuşdur (Füsus əl-Hikam). Dövrümüzə qədər 117 kitabı gəlib çıxmışdır ki, bunlardan 43-ü məntiq, 11-i metafizika, 7-si əxlaq, 7-si siyasi elmlər, 17-si musiqi, tibb və sosiologiyaya aiddir. 11 əsərə isə şərh yazmışdır.

Fərabi “Səadətə çatmağın yolları” əsərində yazır: “Fəlsəfə… bizə yunanlardan: Platon və Aristoteldən gəlmişdir. Onların hər biri bizə təkcə fəlsəfəni deyil, həm də ona doğru gedən yolu, o itərkən və ya tənəzzülə uğrayarkən onun yenidən yaradılması yolunu öyrətmişdir”.

Fərabinin elmi-fəlsəfi irsi İbn Sina, Bəhmənyar, Nizami, İbn Rüşd, Səfiəddin Urməvi, N.Tusi, İbn Xəldun və b. üçün zəngin bilik xəzinəsi, ideya qaynağı olmuşdur.

Ümumiyyətlə, əl-Fərabi Aristoteldən sonra bütün dövrlərin və xalqların ən böyük filosofu sayılır. Fərabi Şərqin İbn Sina və İbn Rüşd kimi dühalarının formalaşmasına birbaşa təsir göstərmişdir.

 

Musiqiyə aid ilk kitab yazıb

Əl-Fərabinin ən böyük xidmətlərindən biri də musiqiyə böyük qiymət verməsi və onu elmi baxımdan tədqiq etməsi olub. Bu müstəvidə də əl-Fərabi dünyada musiqiyə aid ilk əsər yazan alimlərdən biri kimi  məşhurdur.

Musiqiyə dair “Kitab əl-musiq əl-kəbir” (”Musiqi haqqında böyük kitab”) çoxcildli məşhur əsərində Fərabi musiqi elmini nəzəri və əməli hissələrə bölüb, melodiyanın daxili düzülüşünü, qanunauyğunluqlarını hesablamışdır. Şərq musiqisinin ritmik əsasını dəlillərlə şərh etmişdir. Fərabi məşhur musiqiçi, bəstəkar, yeni musiqi alətlərinin ixtiraçısı olmuşdur.  Yazdığı “Kitabi əl-Musiqə əl-kəbr” (Musiqi haqqında böyük kitab) əsəri ilə musiqişünaslığın inkişafına təkan vermişdir. Müasir ərəb musiqisində istifadə olunan səs sistemini məhz Fərabi işləyib hazırlamışdır.

Əl-Fərabinin musiqini yaxından bilməsi, ona dərindən bələd olması, özünün də musiqi alətində çalmağı bacarması təsadüfi deyil.   Çünki qədimlərdən türklər düşmən üzərində qələbə çaldıqdan sonra qələbələrini musiqi ilə qeyd etmiş və məclislərinə el aşıqlarını ( manasları) dəvət etmişlər. Manasların o dövrdə Türküstanda geniş yayılan dombrada və qopuzda ( kopuz-saz) məharətlə etdikləri ifalar türklərin  toylarının, el şənliklərinin ruhu idi. Türklərin əksəriyyəti o dövrdə bu musiqi alətlərində çalmağı bilirdi. Təbii ki, məhz belə bir mühitdə böyüdüyündən əl-Fərabi hələ uşaq yaşlarında musiqi alətində çalmağı öyrənmişdi. Ona görə də o musiqi  sahəsini tədqiq edərək özündən bu sahəni elmi şəkildə araşdıran ilk alim olmaq şərəfinə nail olub. “Kitab əl-musiq əl-kəbir” (“Musiqi haqqında böyük kitab”) kitabı bu gün də araşdırmaçı musiqişünaslar üçün qədim türk və Şərq milli musiqisini öyrənmək və tədqiq etmək baxımından olduqca qiymətli bir mənbədir.

Əl-Fərabi irsi bu gün də öz əhəmiyyətini qoruyub saxlamqda davam edir və o əbədiyyətə kimi özündən sonra qoyub getdiyi zəngin elmi əsərləri ilə yaşayacaq.

Əl-Fərabinin  aşağıdakı əsərləri günümüzə qədər gəlib çatıb: “Ara əhl əl-Mədinət əl-fadilə” (Fəzilətli şəhər əhlinin baxışları), “Risalə fil-əql” (Zəkaya dair risalə), “Kitab əl-hüruf” (Hərflər haqqında kitab), “Kitab ihsa` əl`-ülum” (Elmlərin siyahıya alınmasına dair), “Kitab əl-musiqi əl-kəbr”, “Fi ma yənbəği ən yüqəddimə qəblə təəllüm əl-fəlsəfə” (Fəlsəfəni öyrənməkdən əvvəl nəyin müqəddimə verilməsi haqqında), “Təhsil əs-səadə” (Xoşbəxtlik qazanma)