Dünyanı heyrətləndirən məşhur müsəlman alimlər: İbn Xəldun (5)

0
613
İbn Xəldunun iqtisadiyyatla bağlı fikirləri və söylədikləri onun bu sahəni olduqca dərindən bildiyini göstərir. 
Maraqlıdır ki, İbn Xəldunun iqtisadiyyat və onun dövlətlə əlaqələrinə dair söylədikləri, yazdıqları günümüzdə belə əhəmiyyətini itirməyib. Bu baxımdan İbn Xəldunun iqtisadi sahəni dərindən analiz etməsi və iqtisadi inkişafın istiqamətlərini müəyyənləşdirməsi XVI-XVIII əsrlərdə Avropanın iqtisadi inkişafında istifadə edildi. Qətiyyətlə demək olar ki, XVI-XVIII əsrlərdə yaşayan Qərbin ən tanınmış iqtisadçı alimlərinin dedikləri, Qərbin inkişafında tətbiq etdikləri iqtisadi inkişaf modeli məhz İbn Xəldunun yazdıqlarının təkrarından başqa bir şey deyil.  Buna da səbəb İbn Xəldunun iqtisadi inkişaf modelini zərgər dəqiqliyi ilə müəyyən etməsi və iqtisadi inkişaf yolları, iqtisadi tənəzzül, dövlət və iqtisadiyyat əlaqələrini müəyyən etməsidir. İbn Xəldun yazır ki, hər bir dövlətin iqtisadi inkişafı və ya tənəzzülü, ilk növbədə, ölkəni idarə edənlərdən asılıdır. İbn Xəldun yazır ki, əgər dövlət iqtisadi cəhətdən inkişaf etmək istəyirsə, onda azad ticarətə müdaxilə etməməlidir. O, bütün hallarda dövlətin iqtisadi həyata müdaxilə etməsinə qarşı çıxır. Onun sözlərinə görə, iqtisadi hadisələrin də özünəməxsus qanunları vardır və bunlara təzyiq göstərmək iqtisadiyyata ağır zərbə vurur. İbn Xəldun uzaqgörənliklə yazır ki, iqtisadi şərtlərin pis, ticarət həyatının qeyri-taraz, gəlir bölgüsünün isə ədalətli olmadığı bir toplumda rifah və sağlam iqtisadi həyat da mövcud ola bilməz. İbn Xəldun bütün hallarda  azad iqtisadiyyatı dövlətin iqtisadi inkişafı üçün əsas sayır. İbn Xəldunun bir böyük uzaqgörənliyi də dövlətin iqtisadiyyatla, birbaşa istehsalla məşğul olmasının əleyhinə çıxması ilə bağlıdır. O belə hesab edir ki, dövlətin iqtisadiyyatla məşğul olması (istehsal) bu sahənin monopoliyaya alınmasına və azad ticarətin boğulmasına, ədalətsiz bölgüyə gətirib çıxarır. Nəticədə bu amil ölkədə iqtisadi tənəzzülə səbəb olur.Bütün bunları nəzərə alaraq, İbn Xəldun dövlətin iqtisadi sahəyə müdaxiləsinin, istehsalla birbaşa məşğul olmasının yolverilməzliyini vurğulayır. Onun fikrincə, dövlətin əsas vəzifəsi iqtisadi sahədə nizam-intizamı təmin etmək, burada haqsız rəqabətlərin, ədalətsizliklərin qarşısını almaq və hər hansı bir səbəbdən iqtisadi sahədə əmələ gələ biləcək xaosa yol verməməkdir. 

Vergilərin azaldılması iqtisadi

inkişafa yol açır

İbn Xəldunun bir uzaqgörənliyi də onun dövlətin yaşamasının əsasını vergilərin təşkil etməsini dəqiqliklə müəyyən etməsi və bu sahənin dəqiq xarakteristikasını verməsi ilə bağlıdır. İbn Xəldun yazır ki, hər bir dövlətdə vergilər olduqca dəqiq və vergi ödəyicisinin imkanları və vəziyyəti nəzərə alınmaqla müəyyən edilməlidir. İbn Xəldun bununla bağlı yazır: “Elə etmək lazımdır ki, vergi ödəyicisi vergini ödəyəndən sonra istehsalı artırmaq, bundan mənfəət əldə etmək imkanı əldə etsin. Vergilər nə qədər yüksək olarsa, istehsalçı da o qədər istehsalı inkişaf etdirməkdə maraqlı olmayacaq. Yüksək vergilər dövlət üçün qısamüddətli xeyir gətirə bilər, amma müyyən müddətdən sonra yüksək vergilər istehsalın azalmasına və nəticədə dövlət xəzinəsinə vergi daxilolmalarının ən aşağı səviyyəyə düşməsinə, bu da, öz növbəsində, iqtisadi tənəzzülə yol açacaq.

Dövlətin iqtisadiyyata ədalətli olmayan müdaxilələri, haqsız, çoxsaylı  vergilər, ya da mülkiyyəti mənimsəməsi iqtisadiyyata mənfi təsir göstərir. Bu da, öz növbəsində, dövləti özünün varlığını davam etdirməsi üçün lazımlı vergilərdən məhrum edir. Belə olduqda dövlətin gəlirləri azalır və  o çökür”.

İbn Xəldun həmçinin vurğulayır ki, iqtisadiyyat ödəniş, mənfəət və vergidən təşkil olunan dövriyyə ilə sıx əlaqədardır.

O belə hesab edir ki, ödənişlərin müəyyən qayda üzrə davam etməsi, sabit ödəniş bazarda mənfəətə, o da, öz növbəsində, vergiyə çevrilir. Ona görə də dövlətin əsas vəzifələrindən biri də ödəniş, mənfəət və vergidən təşkil olunan dövriyyənin sabit, tarazlı inkişafını təmin etməkdir.

İbn Xəldun ödəniş və maaşların azaldılmasının sonda dövlətin gəlirlərinin də azalmasına yol açdığını və bunun iqtisadiyyatı durğunluğa sürükləyəcəyini və vergiləri azaldacağını qeyd edir. İbn Xəldun yazır ki, iqtisadi inkişafın əsasını vergilərin azaldılması nəticəsində istehsalla məşğul olanlar daha çox qazanmaq üçün istehsalı artırırlar. Bu öz növbəsində, yeni istehsal sahələrinin yaranmasına və nəticədə dövlət xəzinəsinə daha çox verginin daxil olmasına səbəb olur

O, uzaqgörənliklə, dönə-dönə qeyd edir ki, vergilərin azaldılması istehsalın inkişafına, vergilərin artırılması isə iqtisadi tənəzzülə aparır, bu da sonda dövlətin əsaslarını sarsıdaraq onu uçuruma, özünü məhvə sürükləyir.

Bir sözlə, İbn Xəldun məşhur tarixci olmaqla yanaşı, həm də iqtisadiyyatı dərindən bilən bir alim kimi özünü sübut edərək, bu sahədə Qərbin  və dünyanın tanınmış iqtisadçı alimlərinin müəllimi rolunu oynayıb və oynamaqda davam edir.

 

İbn Xəldunun əsərləri

İbn Xəldunun ona şöhrət gətirən tarixi əsərindən əlavə, digər əsərləri də var. Onlardan biri də İbn Xəldunun 19 yaşında ikən yazdığı “Lubabul-Mühəssəl”əsəridir. Bu əsəri İbn Xəldun 19 yaşında ikən müəllimi Əl-Əbilinin nəzarəti altında yazıb. Bu əsərin əlyazması hazırda İspaniyanın Eskorial kitabxanasında saxlanılır. Əsər 4 bölmədən ibarətdir.

İbn Xəldunun digqər bir əsəri “Şifaus-Sail li-Təhzibil-Məsail”dir və bu kitab təsəvvüfə aiddir. Əsərin təxminən 1372-1374-cü illərdə yazıldığı ehtimal edilir. Bu əsər 1977-ci ildə isə Süleyman Uludağ tərəfindən türk dilinə tərcümə olunub.

İbn Xəldunun digər əsəri isə özünün avtobioqrafiyası hesab edilən “Ət-Tarif bi ibn Xəldun”dur.  Bu əsəri İbn Xəldun Misirdə yazmağa başlayıb və həyatının son illərinə kimi üzərində işləyib.  Əsərdə məşhur alim ölümündən bir il əvvələ qədər olan həyatı, səyahətləri və xatirələrini əks etdirmişdir. Əsəri tərcümə edən Frans Rosental yazır ki, İbn Xəldunun yazdığı avtobioqrafiya təkcə İslam ədəbiyyat, tarixinin ən əhatəli avtobioqrafiyası deyil, həm də fərqli dövr və mədəniyyətlərdə yazılmış avtobioqrafiyalar arasında da özünəməxsusluğu ilə seçilir. Belə ki, əsərdə də hadisələr geniş və əhatəli şəkildə əks etdirilib, orada dövrün ən xırda hadisələri belə dəqiq şəkildə təsvir olunub.

İbn Xəldunun bundan əlavə, “Qəsideyi-Bürdə rəyi”, “İbn Rüşd fəlsəfəsi haqqında bir risalə”, “Məntiqə aid bir risalə (Kitab əl-Məntiq), “Hesab haqqında bir risalə (Kitab əl-Hesab), “Mərakeş sultanına yazılan bir risalə,”Şeirə aid bir risalə” əsərləri var.

 

Dünya alimlərinin müəllimi

İbn Xəldunun əsərləri Qərb və Şərq dünyasında yeni nəsil iqtisadçıların, tarixçilərin və sosiloqların yetişməsində böyük rol oynayıb.

Bunu Qərbin məşhur alimlərinin İbn Xəldun haqqında dedikləri də sübut edir. Məsələn, ingilis tarixçisi Arnold Cozef Toynbi İbn Xəldunun böyüklüyü haqqında belə yazır: “İbn Xəldun  dünyanın ən böyük tarix fəlsəfəsinin sahibi, elm dəryasıdır”.

Digər məşhur alim Hitti isə İbn Xəldunu İslam dünyasının ən böyük alimi, tarixçisi, filosofu, iqtisadçısı, qeyri-adi zəka sahibi adlandırıb.

Qərbin digər tanınmış tədqiqatçı alimləri, o cümlədən Klavdi Huart, İtalo Pizzi, Reynold Alleyni, Nikolsun (ərəb ədəbiyyatı tarixçiləri), T.J de Boyer, Uilyam Muyir, Auqust Müller (İslam tarixçiləri), Edvard Meyer və Yaves Lakoste də əsərlərində İbn Xəlduna geniş yer verərək, onu orta əsrlər elminin dünyaya, gələcəyə yol göstərən elm nuru hesab etmişlər. Eyni zamanda A.Ferreyra və Ludviq Qumploviç kimi tanınmış sosioloqlar İbn Xəldunun sosiologiyanın xəbərçisi və banisi olduğunu söyləyərək, onu bütün elmlərin xəzinəsi adlandırıblar.

Cəmil Meriç isə, öz növbəsində, İbn Xəldunu elm səmasının tək ulduzu adlandıraraq, onu İslam dünyasının bəşəriyyətin mənəvi və elmi xəzinəsinə verdiyi ən böyük töhfə hesab edir. Bir sözlə, İbn Xəldun özünə xas olan müəyyən qədər ziddiyyətli şəxs olmasına baxmayaraq, bu gün də dünyanın ən böyük filosofu, tarixçisı, iqtisadiyyatçısı və sosioloqu olmaqda davam edir. Onun yazdıqları hələ yüz illər bundan sonra da adıçəkilən sahələri öyrənmək üçün bir məktəb rolunu oynamaqda davam edəcək..

Son

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here