Dünyanı heyrətləndirən məşhur müsəlman alimlər: İbn Xəldun (1)

Əsrlər boyu dünya elminə yüzlərlə məşhur alimlər verən İslam dünyasının ən böyük simalarından biri də Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl-Hədramidir. Dünya elm tarixində qısaca olaraq İbn Xəldun kimi tanınan bu böyük elm fədaisi orta əsrlərin filosofu, dövlət xadimi və tarixçisi kimi adını bəşəriyyətin görkəmli simaları sırasına qızıl hərflərlə yazdırıb. Gələcəyin elm dahisi imkanlı və adlı-sanlı ailədən olduğu üçün dövrünə görə üçün olduqca mükəmməl hesab edilən təhsil almış, müxtəlif elmlərə dərindən yiyələnmişdi. Bir müddət siyasi fəaliyyətlə məşğul olan və buna görə başı böyük bəlalar çəkən, siyasi intriqalar nəticəsində həyatının iki ilini zindanda keçirən ibn Xəldun Dəməşqi işğal edən Əmir Teymurla görüşmüş və onunla bəzi siyasi məsələləri müzakirə etmişdi. Həmin dövrdə ibn Xəldun bədəvi qəbilələrini yaxından tanıdığı üçün Əmir Teymur və digər dövlət rəhbərləri ona tez-tez müraciət edir, ondan məsləhətlər alırdılar.  Amma sonra o, siyasi fəaliyyətdən çəkilərək tarix elmi ilə məşğul olur və 7 cilddən ibarət dünya tarixini, “Kitabul-İber” və onun giriş kitabı olaraq düşündüyü “Müqəddimə”ni yazdı. Həmin dövrdə ibn Xəldunun tarix əsəri müasirlərinin diqqətini cəlb etməsə də, XIX əsrdə onun bu əsəri Avropa tarixçiləri tərəfindən yüksək qiymətləndirildi. Təsadüfi deyil ki, məşhur ingilis tarixçisi  Arnold Cozef Toynbi ibn Xəldunu dünyanın ən böyük tarix fəlsəfəsinin sahibi adlandırıb.

Yeri gəlmişkən, onu da deyək ki, hələ sağlığında ikən ibn Xəldun digər məzhəblərdən olan insanlardan fərqlənmək üçün Maliki, həyatının əsas hissəsini Məğribdə keçirdiyi üçün də Məğribi kimi ləqəblərlə də tanınırdı. Qeyd edək ki, ibn Xəldunun qardaşı da tarixçi olub və sarayın rəsmi tarixçisi olmaq istəyən başqa bir tarixçi rəqibi tərəfindən qətlə yetirilib…

Atası Yəməndən, özü Tunisdən…

 Əsl adı Əbu Zeyd Əbdürrəhman ibn Xəldun əl-Hədrami olan və sonralar tarixə ibn Xəldun adı ilə düşəcək gələcəyin bu böyük alimi 1332-ci ildə Tunisdə anadan olub. Onun atası Əndəlusda yaşayırdı və Bəni Xəldun olaraq tanınırdı. İbn Xəldunun atası əslən Yəmənin Hədramut bölgəsindən olduğu üçün o  həm də Hədrami, Tunisdə dünyaya gəldiyi üçünsə Tunisi kimi də çağırılırdı.

 Yenə də qeyd etmək yerinə düşər ki, ibn Xəldunun uşaqlıq dövrü və həyatı haqqında ətraflı məlumat onun özünün şəxsən yazdığı  “Ət-Tərif” əsərində var. Bu əsər o dövrün digər tanınmış siyasi, elmi xadimləri ilə müqayisədə ibn Xəldun haqqında daha geniş məlumat əldə etməyə imkan verir. İbn Xəldunun ailəsi o dövrdə önəmli dövlət vəzifələrindən birində çalışırdı və Əndəlusda mühüm vəzifələrdən birini həyata keçirirdi. Lakin XIII əsrin 50-ci illərində Əndəlus Kastiliya kralı III Ferdinand tərəfindən ələ  keçirildi və bundan sonra ibn Xəldunun atası Tunisə köç etmək və burada yaşamaq məcburiyyətində qaldı. Yenə də ibn Xəldunun “Ət-Tərif” əsərində yazdığından məlum olur ki, onun əcdadları İspaniyaya bu bölgənin fəthinin ilk illərində gəlmişlər. Onlar İspaniyanın fəthindən sonra buranın Karmona və Seviliya bölgələrində yaşamışlar. İbn Xəldunun ulu babası Vail ibn Həcərin Məhəmməd Peyğəmbəri (SƏS) ziyarət etdiyi, onun xeyir-duasını aldığı və eyni zamanda ondan 70 hədis söyləmiş bir səhabə olduğu məlumdur. İbn Xəldun da  öz əsərində kökünün Vail ibn Həcərdən gəldiyini qeyd edir, lakin bu məsələdə tədqiqatçılar arasında fikir ayrılıqları da mövcuddur. Onun guya özünü adlı-sanlı ailəyə mənsub olduğunu göstərmək üçün əcdadlarının Vali ibn Həcərə gedib çıxdığını uydurduğunu iddia edənlər də var.  Lakin bununla bağlı məsələni araşdıran əksər tədqiqatçıların fikrincə, bütün  hallarda ibn Xəldunun ərəb olması şübhə doğurmur. Tunisə geri qayıdan ibn Xəldunun babası bir müddət sarayda vəzir vəzifəsində çalışıb. Həmin dövrdə onun atası Məhəmməd Vəbili İslam elmi və ədəbiyyat sahəsinin mahir bilicisi kimi tanınırdı. Məhəmməd Vəbili oğluna özü təhsil verir və ona yazmağı, oxumağı öyrədir. Sonra onu o dövrün tanınmış müəllimlərinin yanına qoyur və oğlunun mükəmməl təhsil almasına yardım edir.

İbn Xəldun o dövrdə Tunisin məşhur  ziyalısı və alimi, xalq arasında böyük hörmətə malik olan Şeyx Məhəmməd ibn Bəzzali Ənsaridən Quranı ərəb dilinin 7 ləhcəsində də oxumağı və bu müqəddəs  kitabı başdan-ayağa əzbərləməyi öyrənir. Təhsil aldığı illərdə ibn Xəldunun müəllimləri arasında digər tanınmış simalar, o cümlədən riyaziyyatçı və filosof olan Əl-Əbili, də olub. İbn Xəldun əl-Əbilidən riyaziyyat, məntiq və fəlsəfəni öyrənərək bu elmlərə dərindən yiyələnir. Oxumağa olan böyük həvəsi nəticəsində gələcəyin böyük alimi ibn Rüşdünün, İbn Sinanın, Fəxrəddin Razinin və Şərafəddin əl-Tusinin əsərlərini oxuyur. Bu əsərlər onda böyük təsir buraxır və özünün də dediyi kimi, onu qəflət, cahillik yuxusundan ayıldır.

20 yaşında həbsə atılır

 İbn Xəldunun gənc yaşlarından başı qalmaqallarda olub. Belə ki, o, təhsilini başa vurandan sonra bir müddət Tunisdə sarayda Sultan Əbu İshaq İbrahim Əl-Müstənsirin mirzəsi kimi çalışdı. Amma 1347-ci ildə Tunis Əbu Həsən Tunisi tərəfindən işğal edildi. Bundan sonra ibn Xəldun Tunisdən Mərakeşə köç edərək, Merini sarayında ibn Təfraqın yanında mirzə vəzifəsini həyata keçirməyə başladı. Sonra ona Merini sultanı olan Əbu İnan Farizin fərmanlarını yazmaq vəzifəsini tapşırdılar. Amma saray daxili intriqalar ibn Xəldundan da yan keçmədi. 25 yaşı olanda ibn Xəldun böhtan nəticəsində sultan tərəfindən həbs edildi. O, sultanın ölümünə qədər, 22 ay həbsdə qaldı. Əbu İnan Fariz 1358-ci ildə öldü və bundan sonra onun yerinə keçən oğlu ibn Xəldunu həbsdən azad etdi. Azadlığa çıxandan sonra ibn Xəldun Mərakeşdə əmisi Əbu Səlimin sarayında katib və hakim vəzifəsində oldu. Əbu Səlimin devrilməsindən sonra ibn Xəldun daha Mərakeşdə yaşamaq istəmədi. O, əcdadları kimi İspaniyaya köç etməyi və orada yaşamağı qərara aldı. 1362-ci ildə ibn Xəldun İspaniyanın Qranada şəhərinə köç etdi. Qranada əmiri olan V Məhəmməd İbn Xəldunu yaxşı qarşıladı və onu

Sevilyadakı Araqon kralı olan IV Pedronun yanına sülh müqaviləsi bağlamaq üçün göndərdi. O bu vəzifəni layiqincə yerinə yetirdi. Bir müddət ibn Xəldun Qranadada qaldıqdan sonra yenidən saraydaxili siyasi intriqalar nəticəsində İspaniyanı tərk etməyə məcbur oldu. Yenidən Şimali Afrikaya qayıdan ibn Xəlduna Bicayədəki Həfsi sultanı Əbu Abdullah özünün  vəziri olmaq təklifini etdi. İbn Xəldun bu vəzifəni layiqincə yerinə yetirdi. O, bərbərlər arasından vergi yığırdı və onlar arasında böyük hörmətə malik idi. Ona görə də alim bölgədə bir-birini əvəz edən sultanlar arasında əvəzedilməz şəxs kimi qəbul edilirdi. O, çöllərdə və dağlarda yaşayan ərəb və bərbər qəbilə başçılarının xidmət etdikləri hökmdarlara siyasi cəhətdən bağlanmalarında önəmli rol oynadı. Buna görə həmişə onun xidmətindən istifadə etmək zərurəti meydana çıxırdı. Bu baxımdan sultanlar dəyişəndə o, həbsə atılsa da, sonra onu yenidən azad etməyə və bədəvilərlə sultan arasında xoş münasibətlər qurulması üçün qəbilə başçılarının yanına göndərməyə məcbur olurdular.

 Tarix kitabını yazmağa başlayır

 Bədəvilər arasında tez-tez olması və onların hörmətini qazanması onu köçəri ərəblərin tarixindən kitab yazdırmağa həvəsləndirdi.           Tilimsandakı Əbdülvadi sultanı Əbu Hammu 1375-ci ildə ibn Xəldunu Biskradakı Davadid bərbərlərinin yanına göndərdi. Bundan sonra İbn Xəldun Tilimsan ilə Biskra arasında, Bicayənin cənubunda yerləşən Kalatu İbn Sələmə adlı qalada Bəni Arif qəbiləsinin himayəsində yaşadı. Burada yaşadığı illərdə dünya tarixindən bəhs edən “Kitabul-İber”in ilk bölümü olan “Müqəddimə”ni yazmağa başladı. 4 il  tarix kitabını yazsa da, hiss elədi ki, hələ çox şey öyrənməlidir. Çünki kifayət qədər mənbə çatışmırdı. Ona görə də yenidən Tunisə dönərək kitabxanalardakı mənbələri araşdırmalı oldu. Yenidən onu sarayda xidmətə dəvət etdilər. Amma Sultan Əbu Abbasın sarayında yeni intriqalarla qarşılaşan İbn Xəldun özünü gözləyən yeni təhlükədən xilas olmaq üçün Həccə getmək adı altında Tunisi tərk etdi. O, Misirə gələrək burada tarix əsəri üzərində işini davam etdirdi.

Əziz Mustafa