Dünyanı heyrətləndirən məşhur müsəlman alimlər: İbn Sina (3)

İbn Sina təbiət etibarilə çox enerjili, gecə-gündüz axtarışda olan bir həkim idi. 
O, yanına xəstələrin çox gəlməsinə baxmayaraq,  onları müalicə etmək üçün çöllərdən dərman otlarını yığmağa və onlardan məlhəmlər hazırlamağa vaxt tapırdı. Adəti üzrə səhər tezdən durar, yanındakılara da deyərdi ki, bütün güllərin, çiçəklərin, canlıların ən gözəl xoşbəxt anı səhər erkən, günəşin hələ çıxmadığı vaxtdır. O vaxt insan ruhən daha təmiz, daha sağlam olur. Ona görə də həkim dərman bitkilərinin səhər tezdən, günəş çıxmamış, hələ şehi üstündə olarkən toplanılmasına və kölgədə qurudulmasına xüsusi diqqət verərdi. Bir dəfə İbn Sinadan soruşmuşdular ki, bu qədər dərman bitkisini haradan və necə tanıyır? Məşhur həkimsə: “Mən buna görə, ilk növbədə, məndən əvvəl dərman bitkilərini tanıyan və xalq arasından çıxan və dədə-baba üsulu ilə insanları müalicə etməyə çalışan el həkimlərinə, sonra da oxuduğum kitablardan öyrəndiklərimə borcluyam. Mən bitkiləri öyrənə-öyrənə tədricən hiss elədim ki, onların dilini də başa düşürəm. Hansı çiçəyə, hansı gülə baxıramsa, onlar sanki mənimlə danışır, “mən filan xəstəliyin dərmanıyam”,-deyir. Bu dünyada güllərdən və çiçəklərdən saf və təmiz, insan üçün ən xeyirli olan bir şey tapa bilməzsiniz. Təbiətdə olan elə bir bitki  yoxdur ki, o, insan üçün xeyirli olmasın. Hətta zəhərli bitkilər belə insanda qorxulu, müalicəsi çətin olan xəstəlikləri sağaltmağa imkan verir. Mən çiçəklərin dilini bilirəm, siz də təbiətlə mütəmadi olaraq əlaqədə olsanız, çiçəklərin, ağacların, bitkilərin dilini başa düşəcək, onlarla baxışlarınızla, ruhunuzla danışa biləcəksiniz”,-demişdi.

Qeyd edək ki, İbn Sina 5 mindən artıq müalicə əhəmiyyəti olan bitkini tanıyırmış. Yenə də deyilənə görə, İbn Sina bir dəfə yanına gələn və ölüm ayağında olan xəstənin yaxınlarına məsləhət görübmüş ki, onu dağlara aparsınlar və insanlar arasında zəhərli ot kimi tanınan və mal-qara yeyəndə dərhal ölən bir bitkinin köklərini dəmləyərək ilıq halda, səhər tezdən, günəş doğmamışdan ona içirsinlər və bunu bir həftə təkrar etsinlər. Nə isə elə də edirlər. Xəstəyə bu otun kökünü dəmləyib içirən kimi özündən gedir.  Dərhal İbn Sinanın yanına yüyürüb gəlirlər ki, bəs sən səhv müalicə dedin, xəstə öldü. İbn Sina dərhal deyir ki, ölməyəcək, bədəni zəif olduğundan belə olub. Dərman ona yaxşı təsir edib, sağalacaq. Elə də olur, bir həftədən sonra xəstə sağalıb ayağa qalxır və birdən-birə sanki 10 il cavanlaşır. Bunu görən xəstənin sağlam qohumlarına nəfs güc  gəlir, onlar da xəstə olmadıqları halda, həmin otun kökünü dəmləyib içməyə başlayırlar. Bu isə əks nəticə verir, onlarda vaxtından əvvəl qocalma halları müşahidə olunmağa başlayır, zəhər bədənə pis təsir edir, əl-ayaqların bir hissəsi iflic olur. Buna görə xəstənin qohumları İbn Sinaya şikayət edəndə məşhur həkim: “Elə dərman var ki, sağ adam içsə, onu məhv edəcək. Həmin dərmanı xəstə adama versən, onda onu sağaldacaq, cavanlaşdıracaq. Siz səhv etmisiniz, bu otun dəmləməsi xəstənin sağalması üçün idi, sağlam adama onu vermək olmazdı. Sizin bu səhvinizi isə düzəltməkdə acizəm”,-deyir.

Ümumiyyətlə, İbn Sina müalicəvi əhəmiyyəti olan bitkilərdən dərman kimi yalnız müəyyən miqdarda istifadə etmənin vacibliyini bildirmişdi. O deyirdi ki, ən şəfalı otdan belə qədərindən artıq istifadə etsən, onda bunun ziyanını görəcəksən, qədərindən az istifadə etsən, onda müalicə alınmayacaq.

 Sultan Mahmudun təklifini qəbul etmir

İbn Sinanın həkim kimi şöhrəti artdıqca onun düşmənlərinin sayı da çoxalırdı. Onlar istər Xarəzm hökmdarına, istərsə də saray əyanlarına qarşı guya İbn Sinanın pis fikirdə olduğu, hətta hökmdarı, ətrafındakıları müalicə adı altında öldürəcəyi barədə şayiələr yaymaqda idilər. Guya İbn Sina bu yolla hakimiyyəti ələ keçirmək niyyətində idi. Halbuki İbn Sinanı siyasət maraqlandırmırdı. Onun üçün insanları sağaltmaq, müalicə etmək minlərlə insanı müharibədə ölümə göndərməkdən daha müqəddəs iş idi. Bir dəfə əyanlardan biri İbn Sinadan soruşmuşdu ki, heç hökmdar olmaq ürəyindən keçdimi. İbn Sina isə ona cavabında demişdi ki, mənə insan hökmdarı olmaq lazım deyil və buna ehtiyacım da yoxdur. Mən onsuz da hökmdaram, amma güllərin, çiçəklərin, şəfalı bitkilərin hökmdarıyam, belə bir hökmdarlıq mənə bəs edər.

Bu arada məşhur həkimi Qəznəli türk dövlətinin hökmdarı Sultan Mahmud öz sarayına dəvət etdi. Sultan Mahmud İbn Sinaya sarayda hər cür şəratit yaradacağını, onu həkimbaşı edəcəyini vəd etmişdi. Amma Sultan Mahmudun sarayına  getməsi İbn Sinanın xalq mühitindən ayrılması demək olacaqdı. İbn Sina isə sadə xalqla təmasda olmağı, onları müalicə etməyi çox xoşlayırdı. Sadə əhalidən ayrılmaq, saray mühitində yaşamaq onun üçün həbsdə olmağa bərabər idi. Bundan əlavə, bu qüdrətli türk hökmdarı, İslamın Pakistan, Hindistan və Cənubi Şərqi Asiyaya yayılmasında əvəzsiz xidmətlər göstərən Sultan Mahmud haqqında İbn Sinaya yanlış məlumat vermiş, onu elm adamlarını himayə etməyən hökmdar kimi təqdim etmişdilər. Halbuki Sultan Mahmud İslam dininə bütün varlığı ilə bağlı olan və bu dini Cənub Şərqi Asiyada yaymaq üçün canından keçməyə hazır olan, eyni zamanda elmi, elm adamlarının yüksək dərəcədə qiymətləndirən, onların məsləhətləri ilə hərəkət edən qüdrətli bir türk hökmdarı və sərkərdəsi idi.  Lakin qeyd etdiyimiz kimi,  Sultan Mahmud haqqında yanlış məlumat alan İbn Sina bu qüdrətli türk hökmdarının onu saraya dəvət etməsi təklifinə rədd cavabı verir. Bununla da həyatının ən yanlış addımlarından birini atmış olur.

Üstəlik, həmin dövrdə İbn Sinanı öz şəxsi həkimi kimi görmək istəyən digər əyalət səviyyəli hökmdarlar da var idi. Onlar müxtəlif yollarla İbn Sinanı öz saraylarına gətirtmək üçün dəridən-qabıqdan çıxırdılar. Onlardan biri də Həmədan hökmdarı idi.

Xarəzmdən Həmədana

Sultan Mahmud barədə aldığı yanlış məlumatlar nəticəsində Sultan Mahmudun təklifini rədd edən İbn Sina bunun nəticəsində cəzalandırılacağından qorxaraq İsfahan hökmdarının sarayına sığınmağa məcbur oldu. Burada qısa müddətdə o, hökmdarın yanında və yerli türk əhali arasında böyük şöhrət qazandı. Belə ki, İsfahan hökmdarı İbn Sinaya həftənin müəyyən günlərində yerli əhali arasından olan xəstələri müalicə etməsinə imkan vermişdi. Qısa müddətdə İbn Sina İsfahanda yanına gələn yüzlərlə xəstəni müalicə etdi. Lakin bu arada İbn Sina Qəznəli Sultan Mahmudun onun dalınca İsfahana hücum edə biləcəyindən ehtiyat edərək, İsfahan hökmdarı Əlaüddövlənin razılığı ilə Həmədana köç etdi.  İsfahan kimi türklərin ana vətəni olan Həmədanın türk hökmdarı İbn Sinanın oraya gəlişini məmnunluqla qarşıladı. Həmədan hökmdarı İbn Sinanı, əvvəlcə, sarayda həkimbaşı, sonra isə onu vəzir vəzifəsinə təyin etdi. İbn Sina İsfahanda olduğu kimi, Həmədanda yerli əhalini müalicə edir, onlara hörmət və şəfqətlə yanaşırdı. Bu da onun əhali arasında böyük hörmət qazanmasına gətirib çıxarmışdı. İbn Sina həm də Həmədanda elmi işlə məşğul olur tibbə aid yeni əsərlər yazmaqda davam edirdi. O həmçinin ağıllı məsləhətləri ilə Həmədan hökmdarının da böyük hörmət və rəğbətinə nail olmuşdu. Amma Sultan Mahmud Qəznəlinin qorxusundan İsfahandan Həmədana köç etməyə məcbur olan İbn Sina Əlaüddövlə ilə də gizli əlaqələr saxlayırdı. Bu da Həmədan hökmdarının məsələdən hansısa yollarlasa xəbər tutmasına gətirib çıxardı. Nəticədə Həmədan hökmdarı İbn Sinanı həbs etdirdi. Bundan xəbər tutan İsfahan hökmdarı Həmədana hücum edərək oranı tutdu və İbn Sinanı həbsdən azad edərək yenidən öz yanına apardı. Lakin bu hadisədən az sonra Sultan Mahmud Qəznəli İsfahana hücum edərək şəhəri ələ keçirdi. Bundan sonra İbn Sina İsfahandan qaçaraq yenidən Həmədana sığınmağa məcbur oldu.

Əziz Mustafa