Dünyada ən qorxulu müharibə anları (3)

841
SSRİ hərbi cəhətdən Çindən xeyli üstün olsa da, bu ölkə ilə müharibə etmək istəmirdi. Çünki hələ ötən əsrin 50-ci illərinin ortalarında Çin SSRİ-nin yardımı ilə atom bombası əldə edərək nüvə silahı olan ölkəyə çevrilmişdi. Müharibə başlayacağı təqdirdə, Mao Tszedunun nüvə silahına əl ata biləcəyi təhlükəsi kifayət qədər real görünürdü. Belə ki, Mao xarakter etibarı ilə müəyyən qədər Stalinə bənzəyirdi və onun hansı addım atacağını öncədən proqnozlaşdırmaq mümkün deyildi.
Sərhəddə toqquşmalar

SSRİ ilə Çin arasındakı gərginlik iki ölkə arasındakı 7500 kilometr uzunluğundakı sərhəddə də özünü göstərməkdə idi. Belə ki, Karib böhranının qızğın çağında 1962-ci ildə SSRİ-Çin sərhədində çinli sərhədçilər 5 min dəfə sərhədi pozmuş və yeni əraziləri ələ keçirməyə cəhd etmişdilər.

Ümumiyyətlə, həmin dövrdə Mao yalnız SSRİ-yə deyil, digər qonşu ölkələrə, o cümlədən Hindistana qarşı da ərazi iddiaları irəli sürmüşdü. 1962-ci il oktyabr ayının 20-də baş verən Çin-Hindistan toqquşması bölgədə əlavə gərginlik əmələ gətirdi. Bir ay ərzində Çin ordusu Hindistanın hərbi qüvvələrini darmadağın edərək strateji baxımdan xüsusi önəm daşıyan Gammi və Kəşmir ştatlarının bir hissəsini işğal etdi. Bu da Çinə Tibetə daha bir çıxış əldə etməyə imkan verdi. Eyni zamanda Hindistan üzərində qələbə Çinə Pakistanla sərhədə çıxış əldə etməyə imkan verən yeni ərazi əldə etməsi demək oldu. Bu qələbədən ruhlanan Çin eyni uğuru SSRİ ilə də əldə etmək istəyirdi. SSRİ Çinin Hindistana hücumu zamanı neytral mövqedə dayandığını nümayş etdirdi. Amma əlaltından Hindistana hərbi yardım göstərməkdə idi. Bunu Çində də bilirdilər. Belə bir vəziyyətdə Çin SSRİ-yə qarşı ərazi iddialarını daha da sərtləşdirmişdi. 1964-cü ildə iki ölkə arasında sərhəd problemlərinin həlli ilə bağlı məsləhətləşmələr keçirildi. Lakin SSRİ ərazi güzəştinə getmək istəmir, Çin də öz iddialarından geri çəkilmirdi. Nəticədə danışıqlar nəticəsiz başa çatdı. 1968-ci ildə Çexoslovakiyada baş verən xalq üsyanı və bu üsyanın SSRİ qoşunları tərəfindən qan içində boğulması Moskva-Pekin münasibtlərini daha da gərginləşdirdi. Çin Çexoslovakiyada ( indiki Çexiya və Slovakiya) həyata keçirdiyi və minlərlə dinc sakinin ölümü hesabına başa gələn hərbi əməliyyata görə SSRİ-ni sosialist imperializmi yolu seçməkdə günahlandırdı. Həmin dövrdə Çindən gələn hərbi təhlükə qarşısında SSRİ təcili şəkildə adıçəkilən ölkə ilə sərhəddəki hərbi qüvvələrinin sayını artırmaqda idi. Nəticədə ötən əsrin 60-cı illərinin sonlarında SSRİ Çin ilə sərhədə 658 min əsgər və böyük həcmdə hərbi texnika cəmləşdirmişdi. Çin isə Damansk münaqişəsi ərəfəsində SSRİ ilə sərhəddə 814 min nəfər əsgərə malik idi.

Sərhəddə isə toqquşmalar ara vermək bilmirdi. SSRİ beynəlxalq səviyyədə bu işdə Çini, Çin isə SSRİ-ni günahlandırırdı. Əsas toqquşmalar isə Ussuri çayındakı Damansk adası ətrafında gedirdi. Damansk adasının uzunluğu 1500-1800 metr, eni isə 600-700 metr idi. Faktiki olaraq ada Ussuri çayının Çinə aid hissəsində idi. Belə ki, hələ 1919-cu ildə Versalda qəbul ediən beynəlxalq prinsiplərə əsasən iki ölkəni çay və ya dəniz sərhədi ayıracağı təqdirdə, onda hər iki sahildən eyni məsafədə çay və ya dənizin ortasından sərhəd xətti keçməli idi. Orta xəttdən digər tərəfə düşən ərazi isə həmin dövlətlərə aid idi. Amma iş elə gətirmişdi ki, Damansk adası məhz Ussuri çayının ortasından bir neçə kilometr içəridə – Çin tərəfində idi. Amma vaxtı ilə hələ çar dövründə bu ada işğal edildiyindən sonralar da ora SSRİ-nin ərazisi hesab edilirdi. Ada SSRİ-yə məxsus olsa da bu ərazidə, adətən Çin sakinləri müxtəlif təsərrüfat işləri ilə məşğul olurdular və  buna sərhədçilər mane olmurdular. Lakin iki ökə arasında mübahisəli ərazi problemləri meydana çıxdıqdan sonra Damanskda sərhədçilər dinc təsərrüfat işlərilə məşğul olan yerli sakinlərə təhlükə mənbəyi kimi baxmağa başlamışdılar. Ona görə də sərhədçilər çinlilərin adada təsərrifat işlərilə  məşğul olmasına hər vasitə ilə mane olmağa başladılar. Bu isə vəziyyətin daha da gərginləşməsinə yol açdı. Buna cavab olaraq 1969-cu il yanvar ayının 4-də 500 nəfər çinli adada etiraz aksiyası keçirərək təsərrüfat işləri ilə məşğul olmalarına  şərait yaradılmasını tələb etdilər. Buna cavab olaraq Damanskda sərhədçilər adada təsərrüfatla məşğul olan çinlilərə qarşı təzyiqləri daha da artırdılar. Yerli əhali ilə əvvəlcə sərhədçilər arasında əlbəyaxa toqquşmalar başladı. Çinliləri adadan qovmaq üçün onların üzərinə şlanqlarla soyuq su püskürtdülər. Buna baxmayaraq çinlilər adanı tərk etmək niyyətində deyildilər. Bunu görən sərhəd zastavası komandirinin əmri ilə piyadaların döyüş maşınını çinlilərn üzərinə sürdülər. Nəticədə 5 nəfər çinli zirehli maşının təkərləri altında qalaraq öldü. Buna cavab olaraq çinlilər Damanskda sərhədboyı düzülərək özlərinəməxsus aksiya keçirdilər. Onlar arxalarını sovet əsgərlərinə çevirərək şou göstərməyə başladılar. Buna cavab olaraq zastava rəhbərliyi Mao Tzsedunun portretini gətirərək üzünü sərhədin o tayına – Çinə tərəf qoydu. Yalnız bundan sonra çinlilər şounu dayandırmağa məcbur oldular.

Damanska hərbi hücum

1969-cu il martın 1-dən 2-nə keçən gecə 300 nəfər Çin əsgəri Damanskda sərhədi keçdilər.  Onlar 30 nəfərdən ibarət qruplara bölünmüşdülər. Çinli əsgərləri yalnız ertəsi gün səhər saat 10.32-də aşkar etdilər. 57-ci Umansk sərhəd  bölməsinin 2-ci  Nijne-Mixaylovka zastavası Damanska çıxan Çin əsgərlərinin sayının təxminən 30 nəfər olduğu barədə komandanlığa məlumat verdi. Onları qarşılamaq üçün 32 nəfər sərhədçi təcili şəkildə zastavaya köməyə göndərildi.

Lakin onlar Çin əsgərlərinin mühasirəsinə düşdülər və qeyri bərabər döyüşdə öldürüldülər. Amma adaya mühasirəyə düşən əsgərlərin köməyinə göndərilən 24 nəfərlik qrup əlverişli mövqe seçərək çinlilərlə ölüm-dirim döyüşünə girdi. 5 saat davam edən qızğın döyüşdə 248 çinli məhv edildi. Sağ qalan çinlilər geri çəkilməyə məcbur oldu. Amma çinlilər 24-cü piyada diviziyasındakı 5 min əsgərlə yenidən adaya hücuma hazırlaşırdılar. Bundan xəbər tutan SSRİ Müdafiə Nazirliyi təcili şəkildə 135-ci motoatıcı diviziyanı sərhədçilərin yardımına göndərdi. Onların ixtiyarına ən müasir silah olan və o vaxtlar adı gizli saxlanılan “Qrad” raketləri verilmişdi. O dövrdə adaya münasibətdə SSRİ rəhbərliyində fikir ayrılıqları var idi. Ölkəyə rəhbərlik edən Leonid İliç Brejnevin ətrafındakı bəzi yüksək səviyyəli dövlət məmurları hüquqi baxımdan Çinə məxsus olması şübhə doğurmayan və ölkə üçün ciddi əhəmiyyət daşımayan ada üçün Çinlə savaşa girmənin mənasız olduğunu vurğulayırdılar. Belə bir vəziyyətdə 1969-cu il martın 14-də saat 15.00-da SSRİ Müdafiə Nazirliyi adanın tərk edilməsi barədə göstəriş verdi. Amma elə həmin gün saat 20.00-da yeni əmr gəldi: Damanskı son nəfəsə kimi müdafiə edin. Martın 15-də 500 Çin əsgəri yenidən Damanska hücum etdi. 60 nəfər sərhədçi düşmənlə döyüşə girməyə, məcbur oldu. Onların arasında Dəvəçi – indiki Şabran rayonundan hərbi xidmətə çağırılan 23 yaşlı sıravi əsgər pulemyotçu Abbasov Tofiq Rza oğlu da var idi. Tofiq Abbasov bu döyüşdə ağır yaralansa da, mövqeyini tərk etməyərək sona kimi döyüşdü və sərrast atəşlə 10-dan çox Çin əsgərini məhv etdi. Lakin qüvvələr qeyri-bərabər idi və bu döyüşdə Tofiq Abbasov da daxil olmaqla 60 nəfərin hamısı həlak oldu. Adanı ələ keçirən çinlilər yeni hücuma hazırlaşırdılar. Bunu görən Uzaq Şərq Hərbi dairəsinin komandanı general-polkovnik Oleq Losik Müdafiə Nazirliyinin Çinin təxribatına uyaraq onlarla açıq hərbi döyüşə girməmək barədə əmrini qulaqardına vuraraq Damanskdakı Çin əsgərləri üzərinə  “Qrad”lardan atəş açılması barədə əmr verdi.  Amma məsafənin düzgün hesablanmaması üzündən “qrad”lar Çinin ərazisinə düşdü və bir neçə dəqiqə ərzində sərhəd boyunda toplanan Çin hərbi qüvvələri və hərbi strateji təyinatlı obyektlər yer üzündən silindi. Sonrakı zərbələr isə adadakı Çin əsgərləri üzərinə endirildi. Bu dəhşətli zərbədən onlarla çinli əsgər həlak oldu, sağ qalanlar isə dərhal adanı tərk etdilər. Bununla belə sonrakı günlərdə Çin əsgərləri bir neçə dəfə adaya hücum etmək istədilər. Lakin artıq onların gözü qorxmuşdu. Düşmənə endirilən “Qrad” zərbələrindən düşmən uzun müddət özlərinə gələ bilmədilər.

 

Ada Çinə verilir

Düşmənə ağır zərbələr endirilməsinə və əldə edilən qələbəyə baxmayaraq SSRİ rəhbərliyi Damansk adasına görə Çinlə müharibəyə başlamaq istəmirdi. 1969-cu ilin payızında iki ölkə arasında aparılan danışıqlardan sonra qərara alındı ki, Damanskdan SSRİ əsgərləri çıxarılsın, eyni zamanda orada Çin əsgərləri də olmasın. Bu isə adanın faktiki olaraq Çinə verilməsi anlamına gəlirdi. 1991-ci ildə isə Damansk hüquqi baxımdan Çinin ərazisinə çevrildi.

Damansk uğrunda həlak olanların əksəriyyəti SSRİ-nin orden və mədalları ilə təltif edildilər. Həmyerlimiz Tofiq Abbasov isə ölümündən sonra “İgidliyə görə” ordeninə layiq görüldü. Yaxın günlərdə Damanskda qəhrəmanlıqla vuruşaraq canından keçən Tofiq Abbasovun şərəfli həyat yolu  ilə oxucularımızı geniş tanış etmək niyyətindəyik.Əziz Mustafa