Dünyada ən qorxulu müharibə anları (2)

523

Oktyabrın 28-də ABŞ-la SSRİ arasında nüvə danışıqları başladı. Danışıqlar nəticəsində SSRİ Kubadan nüvə başlıqlı raketlərini çıxarmağa razılıq verdi. Əvəzində ABŞ Kubaya müdaxilə etməyəcəyi barədə öhdəlik götürdü. Noyabrın 2-də Kennedi Kubadakı sovet raketlərinin demontaj edildiyi və 5-9 noyabr arasında adadan tam şəkildə çıxarılacağı barədə bəyanat verdi. Noyabrın 21-də isə ABŞ Kubanın blokadasını aradan qaldırdı. Dekabr ayının 12-də SSRİ canlı hərbi qüvvəsi və nüvə başlıqlı raketlərinin tamamilə adadan çıxarılması prosesini başa çatdırdı. Beləliklə, Yer kürəsi son anda nüvə müharibəsi nəticəsində məhvolma təhlükəsindən xilas oldu.

ABŞ olduqca çətin vəziyyətdə qalmışdı. SSRİ minlərlə kilometr uzaqlıqdan Kubaya hərbi qüvvə və nüvə başlıqlı raketlər gətirərək yerləşdirirdi, Mərkəzi Kəşfiyyat İdarəsi isə bundan xəbər tuta bilmirdi. Belə güman edilir ki, Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ-ın ali dairələri, ümumiyyətlə, SSRİ-nin Kubaya nüvə başlıqlı raketlər yerləşdirməsini ağlasığmaz hesab etmişdilər. Ona görə də bu məsələ ilə ciddi məşğul olmamışdılar. Digər tərəfdən də, ABŞ hərbi kəşfiyyat təyyarələri müntəzəm olaraq Kuba üzərində uçuşlar həyata keçirsələr də, adada SSRİ-yə məxsus nüvə başlıqlı raketlərin yerləşdirilməsini müşahidə etməmişdilər. Halbuki adaya SSRİ-nin mülki gəmilərinin səfərlərinin həddindən artıq çoxalması ABŞ kəşfiyyatına məlum idi. Bu mülki gəmilər vasitəsilə isə hərbi texnika, o cümlədən nüvə başlıqlı raketlərin adaya daşınması praktiki və nəzəri baxımdan problem hesab edilmirdi. Lakin ABŞ hərbi kəşfiyyatının diqqətini yayındırmaq üçün SSRİ Kubada nüvə başlıqlı raketlərin yerləşdirilməsi və bununla bağlı aparılan mövcud inşaat işlərini dumanlı havalarda və əsasən gecə vaxtı həyata keçirirdi. Nəhayət, SSRİ-nin bəxtindən idimi, ya nədən idisə həmin dövrdə ada ətrafında yağışlı, dumanlı hava hökm sürürdü. Bu da, öz növbəsində, ABŞ-ın kəşfiyyat təyyarlərinin ada üzərindəki uçuşlarının azalmasına və ümumiyyətlə, dayandırılmasına gətirib çıxarmışdı. Belə ki, 1962-ci ilin avqust- sentyabr ayları ərzində ABŞ-a məxsus kəşfiyyat təyyarələri pis hava şəraiti ucbatından ada üzərində cəmisi bir neçə dəfə uçuş həyata keçirmişdilər. Amma ada üzərindəki qatı duman ABŞ-ın hərbi kəşfiyyat təyyarələrinə adada nələr baş verdiyini müəyyən etməyə imkan verməmişdi. SSRİ özü üçün əlverişli hava şəraitindən məharətlə istifadə edə bilmişdi. Nəticədə Kubada nüvə başlıqlı raketlərin yerləşdirilməsi qısa müdətdə həllini tapmışdı. ABŞ bundan xəbər tutanda isə artıq iş-işdən keçmişdi. Ona görə də SSRİ-nin Kubada nüvə başlıqlı raketlər yerləşdirməsi Vaşinqtonda böyük həyəcanla qarşılanmışdı və bundan çıxış yolu axtarmağa başlamışdılar.

Kennedi təhlükə barədə xəbərdarlıq edir

Oktyabrın 16-17-də Kennedi ABŞ Təhlükəsizlik Şurasının iclasını çağıraraq onlarla yaranmış təhlükəli vəziyyəti müzakirə etdi və adadakı sovet hərbi raket bazasına zərbələr endirilməsi barədə planı generallarla razılaşdırdı. Oktyabrın 22-də isə Kennedi yaranmış təhlükəli vəziyyətlə bağlı televiziya ilə xalqa müraciət etdi. O bildirdi ki, ABŞ hərbi qüvvələri döyüşə hazır vəziyyətə gətirilib və 24 oktyabrda Kuba adası blokadaya alınacaq, ora çıxışa və girişə icazə verilməyəcək. Onun bu çıxışı isə bütün dünyada şok effekti əmələ gətirdi. Məlum oldu ki, dünya nüvə müharibəsinin bir addımlığındadır və ehtiyatsız cüzi hərəkət Yer kürəsinin məhvinə çıxara biləcək hadisələrə yol açacaq.

Kennedinin bu çıxışı SSRİ-ni də təşvişə salmışdı. Kennedinin xalqa televiziya ilə müraciətinin ertəsi gün, oktyabrın 23-də SSRİ rəhbərliyi bəyanat verərək bildirdi ki, ABŞ odla oynayır. Bəyanatda böhranın səbəbləri barədə bir kəlmə də olsa deyilməmişdi. Həmin gün Nikita Xruşşov ABŞ prezidenti Kennediyə məktub göndərərək, adadakı silahların sırf müdafiə məqsədlərinə xidmət etdiyini bildirdi. Vəziyyətin təhlükəli hal aldığını görən BMT baş katibi U Tan təcili şəkildə tərəflərə müraciət edərək, onları bəşəriyyətin taleyi ilə oynamamağa, məsuliyyətlərini dərk etməyə çağırdı. Həmin gün də BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası başladı. Amma tərəflər geri addım atmaq niyyətində deyildilər. Oktyabrın 27-də faktiki olaraq ABŞ və SSRİ nüvə müharibəsi astanasına qədər gəlib çatdılar. Belə ki, iki dəfə ABŞ hərbi aviasiyası adaya desant çxarmağa cəhd etdi. Amma güclü atəş altında adaya desant çıxarmaq mümkün olmadı. Kəşfiyyat əməliyyatlarına cəlb edilən ABŞ təyyarəsi “U-2” isə raketlə vuruldu.

Təhlükə son anda sovuşdu

Kennedi oktyabrın 29-da adadakı sovet hərbi bazalarının bombardman edilməsi barədə sərəncam imzaladı. Belə vəziyyətdə U Tan çətinliklə də olsa tərəfləri danışıqlar stolu arxasında oturmağa razı sala bildi. Oktyabrın 28-də ABŞ-la SSRİ arasında nüvə danışıqları başladı. Danışıqlar nəticəsində SSRİ Kubadan nüvə başlıqlı raketlərini çıxarmağa razılıq verdi. Əvəzində ABŞ Kubaya müdaxilə etməyəcəyi barədə öhdəlik götürdü. Noyabrın 2-də Kennedi Kubadakı sovet raketlərinin demontaj edildiyi və 5-9 noyabr arasında adadan tam şəkildə çıxarılacağı barədə bəyanat verdi. Noyabrın 21-də isə ABŞ Kubanın blokadasını aradan qaldırdı. Dekabr ayının 12-də SSRİ canlı hərbi qüvvəsi və nüvə başlıqlı raketlərinin tamamilə adadan çıxarılması prosesini başa çatdırdı. Beləliklə, Yer kürəsi son anda nüvə müharibəsi nəticəsində məhvolma təhlükəsindən xilas oldu.

Amma həmin dövrdə bəşəriyyəti fəlakətə sürükləyəcək müharibə təhlükəsi qalmaqda davam edirdi. Bəşəriyyəti fəlakətə sürükləyə biləcək belə müharibə təhlükələrindən biri də Uzaq Şərqdə SSRİ ilə Çin arasında baş verdi.

Damansk toqquşma meydanına çevrilir

II Dünya müharibəsi başa çatandan sonra Çin kommunistlərinin lideri Mao Tszedun SSRİ-nin yardımı ilə qısa müddətdə ölkəsini Asiyada sosializmin ən etibarlı dayaqlarından birinə çevirdi. Stalinlə Mao Tszedun arasında olduqca yaxın münasibətlər var idi və bu yaxınlıq, öz növbəsində, Çinin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olmasında mühüm rol oynadı. Halbuki SSRİ-nin yardımı olmasaydı, Avropada ən geridə qalan ölkələrdən biri hesab edilən Çinin dünyanın taleyini həll edən BMT TŞ-nin 5 daimi üzvündən biri olması şirin yuxu olaraq qalacaqdı. O vaxt Stalin Çinin BMT TŞ-nin daimi üzvü olmasına nail olmaqla, ABŞ başda olmaqla Fransa və İngiltərə qarşısında bu qurum daxilində təklənməkdən xilas olmaq niyyətində idi. Həqiqətən, Çin həmin dövrdə SSRİ-nin Qərb ölkələri qarşısında təcrid edilməsinə imkan vermədi və onun beynəlxalq aləmdə əsas dayaqlarından birinə çevrildi. 1950-ci ildə Koreya yarımadasında baş verən müharibədə Qərb ölkələrinin məğlub duruma düşməsində Çindən gedən könüllülər böyük rol oynadılar. Bu, adanın şimal hissəsində sosializmin bölgədə dayağı halına gətiriləcək rejimin-Koreya Xalq Demokratik Respublikasının qurulmasına imkan verdi. Lakin Stalin öləndən sonra dünya kommunistlərinin lideri rolunu oynamaq fikrinə düşən Mao Tszedunla SSRİ-nin yeni rəhbəri Nikita Xruşşov arasında soyuqluq yarandı. Buna səbəb Xruşşovun Stalinə münasibətdə sərt mövqe tutması və onu tarixin səhnəsindən silmə cəhdləri oldu. Üstəlik, Xruşşov Mao Tszeduna üstdən aşağı, Çinə isə SSRİ-nin hər sözünü yerinə yetirməli olan vassal ölkə kimi baxırdı. Bu isə iki ölkə arasında münasibətlərin sürətlə soyumasına gətirib çıxardı.

İki ölkə arasında münasibətlərin soyumasına digər bir səbəb isə Xruşşovun Mao Tzsedunun yardımı ilə Sibirdə 1 milyon nəfər çinlidən işçi qüvvəsi kimi istifadə edilməsi ilə bağlı təklifi oldu. Mao Tszedun bunun arxasında SSRİ-nin uzaqgedən siyasətinin və gələcəkdə həmin işçi qüvvəsindən Çindəki mövcud rejimə qarşı hərbi güc kimi istifadə edilməsi təhlükəsinin olduğunu gördü. Buna cavab olaraq, Çin rəsmi şəkildə SSRİ-nin düzgün yolda olmadığını və sosializmi səhv istiqamətə yönəltməkdə günahlandırmağa başladı. Buna paralel olaraq, Çində SSRİ-yə qarşı ərazi iddiaları güclənməyə başladı. Həmin dövrdə Mao Tszedun belə hesab edirdi ki, vaxtilə çarizm Çinin zəif olmasından istifadə edərək, bu ölkənin 1,5 milyon kvadratkilometr ərazisini zəbt edib. Bir halda onlar – SSRİ və Çin qardaş ölkələrdir, onda bu prinsipi əsas tutaraq SSRİ vaxtilə işğal edilən torpaqları xoşluqla onun əsl sahibləri olan çinlilərə geri qaytarmalıdır. Amma SSRİ-də Çinin ərazi iddiasını olduqca sərt qarşıladılar və bu da Moskva ilə Pekin arasında gərginliyin get-gedə artmasına gətirib çıxardı. Əziz Mustafa