Dünya uşaqları və gəncləri teatr günündə ölkəmiz təmsil olunacaq…

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının üzv olduğu nüfuzlu Beynəlxalq qurum  –  ASSİTEJ 20 mart Dünya uşaqları və gəncləri teatr gününü xüsusi qeyd edəcək. Artıq neçə ildir ki, həmin gün münasibətilə “Uşağı teatra apar” devizi ilə tədbirlər həyata keçirən Beynəlxalq qurum bu dəfə tərkibinə daxil olan 100-dən artıq ölkənin ana dilində sözügedən devizi ifadə edən loqolar hazırlayıb.

Beynəlxalq ASSİTEJ-in yaranmasının 50 illik yubileyi çərçivəsində həyata keçiriləcək Teatr günü münasibətilə bir sıra konfranslar, seminarlar, xüsusi tədbirlər baş tutacaq.

ASSİTEJ – Azərbaycan Milli Mərkəzi – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sözügedən tədbirlərdə ölkəmiz üçün ayrılmış guşədə ana dilimizdə hazırlanmış loqo və ASSİTEJ –Azərbaycan Milli Mərkəzinin fəaliyyətini əks etdirən foto və video – sərgi ilə təmsil olunacaqdır.

Məlumat üçün bildirək ki, Dünya uşaqları və gəncləri teatr gününün keçirilməsinin əsas məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan uşaq və gəncləri, eləcə də yeniyetmələri teatra cəlb etmək, teatr adlı sehrli aləm ilə onları daha yaxından tanış etməkdir