Dünya erməni vəhşiliyinə biganə qalmamalıdır

Erməni vandallarının xalqımıza qarşı törətdikləri soyqırımı aktları sırasında 31 mart faciəsi xüsusi yer tutur. Həmin kütləvi qırğında erməni vəhşiləri Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda  50 mindən çox dinc sakini qətlə yetiriblər.

Kifayət qədər faktların olmasına baxmayaraq, ermənilərin törətdikləri bu dəhşətli soyqırımı beynəlxalq aləm tərəfindən qınaq obyektinə çevrilmədiyinə, öz siyasi-hüquqi qiymətini almadığına, günahkarlar ədalət mühakiməsinə cəlb olunmadığına görə onlar sonrakı illərdə də xalqımıza qarşı bu cür vəhşiliklər törədilib. 1919-cu ilin noyabr–dekabr aylarında və 1920-ci ilin yanvarında Hamazaspın, Njdenin, Dronun başçılıq etdiyi quldur dəstələri Qafan, Zəngilan, Mehri və Qubadlıda 200-dək kəndin günahsız dinc əhalisini tarixdə görünməmiş bir vəhşiliklə öldürüblər. Erməni vəhşilərinin ötən əsrin 90-cı illərinin əvvəllərində Xocalı şəhərində, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrimizdə törətdikləri kütləvi qırğınları da bura əlavə etsək, onların soyqırımı coğrafiyasının nə qədər geniş olduğunu görmək mümkündür. Erməni daşnakları bu vəhşilikləri zamanı yaşayış məntəqələrimizlə yanaşı, mədəniyyət abidələrimizi, məscid və qəbiristanlıqlarımızı da yerlə-yeksan ediblər.

Yeri gəlmişkən, 1918-ci il kütləvi qırğınları, ümumiyyətlə, ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin nəticələrinin obyektiv tədqiqatı və təhlili yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra mümkün olub. Mart soyqırınından  80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Unutmayaq ki, ermənilərin xalqımıza qarşı törədikləri bütün kütləvi qırğınlar öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. Odur ki, gələcəkdə belə kütləvi qırğınlardan sığortalanmaq üçün erməni faşizminin darvanışlarına dünya miqyasında hökmən layiqli qiymət verilməlidir. Azərbaycan həmişə dünya ölkələrini 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımına, həmçinin digər kütləvi qırğınlara səssiz qalmamağa, bu qatı cinayətləri beynəlxalq səviyyədə soyqırımı aktları kimi tanımağa, qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə çağırır. Şübhəsiz, 44 günlük Vətən müharibəsində işğalla barışmadığını nümayiş etdirən, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirərək öz ərazi bütövlüyünə nail olan, qələbəsi ilə regionda yeni reallıqlar yaradan Azərbaycan bir gün erməni vandallarının xalqımıza qarşı törətdikləri qətliamların da dünya miqyasında bütöv bir xalqa qarşı planlı surətdə həyata keçirilən soyqırımı aktları kimi tanınmasına da nail olacaq. Bu məqamda 2013-cü ildə Prezident İlham Əliyevin Quba Soyqırımı Memorial Kompleksinin açılışında söylədiyi bu fikri də xatırlatmaq yerinə düşərdi: “Erməni faşizminə o vaxt düzgün qiymət verilmədiyi üçün sonra tarixin müxtəlif dövrlərində erməni faşizmi öz yırtıcı sifətini nümayiş etdirmişdir.”

Bu gün bolşevik-erməni silahlı dəstələrinin torpaqlarımızda həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə soydaşımızın xatirəsi əziz tutulur və böyük hörmətlə anılır.

Qvami Məhəbbətoğlu, “İki sahil”