“Dünya bizim qədər təəccüblənmədi”

0
448

Bir neçə gün bundan əvvəl bu ilin Nobel ədəbi mükafatının sahibi bəlli oldu. Namizədlər arasında Pol Oster, Peter Handke, Xavier Marias, Bob Dilan, Milan Kundera kimi dünyaca məşhur yazarların adları var idi. Lakin Nobel Komitəsi bu il amerikalı musiqiçi, yazıçı Bob Dilanı bu mükafata layiq gördü. Daha çox musiqiçi kimi tanınan Bob Dilanın bu mükafata layiq görülməsi dünya mediası tərəfindən birmənalı qarşılanmadı. “Yeni Avaz” qəzeti olaraq biz də, yerli qələm sahibləri arasında sözügedən mövzu ilə bağlı sorğu apardıq. Müsahiblərimizin cavablarını olduğu kimi sizə təqdim edirik.

Cəlil Cavanşir (şair): “Mən Bob Dilanı “Beat” nəslinə yaxın bir sənətçi kimi tanıyırdım. Onun qadağan olunmuş “Tarantula” adlı eksperimental kitabını 4-5 il öncə oxumuşdum. “Beat” nəslinin Amerika sənətinə, ədəbiyyatına böyük təsiri danılmazdır. Təsadüfi deyil ki, Bon Dilan öz imzasını məhşur “bitnik” Dilan Tomasın şərəfinə götürüb. Əslində bu məsələnin heyrətlənəcək tərəfi yoxdur. Bob Dilan təmsil etdiyi nəslin, “Beat generation”ın haqq etdiyi mükafatı alıb. Mən hesab edirəm ki, bu Nobel Ginsberq, Barrouz, Keruac, Dilan Tomas, Ferlingetti məktəbinə, o etiraz dalğasına, o möhtəşəm inqilabi nəsilə verilmiş mükafatdır. Bob Dilanın mükafat alacağını gözləmirdim, hətta Kundera kimi, Rot kimi nəhənglər qala-qala, Murakami kimi məhşur yazıçı varkən, Adonisə mükafat vermək siyasi divident gətirəcəkkən, musiqiçi və şair Dilanın mükafat alması inanılmaz hadisədir. Amma Bob Dilan sənət, ədəbiyyat dünyası üçün təsadüfi adam deyil. Bu “mükafatın musiqiçiyə verilməsi” söz-söhbəti yığışdırılmalıdır. Sənətkar musiqidə olduğu kimi, poeziyada da sözünü deyib. Bu mükafatı azadlığa, sərbəstliyə, fərqli düşüncəyə, alternativ sənətə verilmiş mükafat kimi qiymətləndirmək lazımdır. Poeziyada bəyənərək oxuduğum “underground” şeirin daha geniş yayılacağına, bu istiqamətin daha da inkişaf edəcəyinə inanıram. Amma sənətlər arasında sərhədlərin qalxması maraqlı tendensiyadır. Bu təcrübənin bizdə də tətbiqi əla olar. Məsələn, Habil Əliyev, Aftandil İsrafilov, Rəmiş kimi adamlar xatirələrini çılpaq dildə, senzurasız yazsaydı, indi bestseller olardılar. Bunu qısqanc qarşılamaq, ələ salmaq lazım deyil. Nəticədə, mükafatlar ədəbiyyat tarixi üçün şərti məsələdir. Ədəbiyyat üzrə Nobel almış Çörçil bu gün kimə maraqlıdır? Amma zamanında böyük və səs-küylü hadisə idi”.

Zahir Əzəmət (şair): “Dünya, “Bob Dilan Nobel aldı” xəbərinə bizim qədər təəccüblənmədi. Onlar Bob Dilanın kimliyini, dəyərini anlayırlar. Bizlər musiqiçi adı eşitdikdə gözümüzün önündə Elza Seyidcahan, Nadir Qafarzadə, Üzeyir Mehdizadə canlanır deyəmi qıcıqlanırıq? Axı bizim hələ Bob Dilan bir yana qalsın, Sezen Aksu, Barış Manço, Əhmət Kaya kimi musiqiçilərimiz heç olmadı ki… Öz müsiqi mətnləri – şeirləri ilə qalın-qalın romanlardan daha çox iş görən sənətçilər harda gördük ki? Şit ayrılıq mahnılarından, meyxanadan başqa da mahnıların, mövzuların olduğunu harda gördük ki, hələ durub belə mövzulara rəy də bildirək? Bob Dilan sadəcə bir musiqiçidirmi? Yox, o özünü şairdən daha çox, küçə sənətçisi adlandırsa da, az qala yarım əsrdir ki, bir azadlıq şairi kimi milyonların qəlbni fəth edib. Onilliklər boyu neçə-neçə nəsillər onun şeirlərindən, musiqilərindən keçib formalaşıb. Əlbəttə, hər dəfə Nobel tipli mükafatlar verildikdə “başqaları da vardı, onlar da ala bilirdi” kimi müzakirələrin açılması da normaldır. Amma mükafatlar nəyi dəyişir ki? Bob Dilanın adının özü artıq bir mükafat olma haqqını qazanmış sənətçidir. Yaxşısı budur, gedək meyxanamızı dinləyək, çırtma çalaq, telekanallarımızda müğənniciklərimizin dedi-qodularını dinləyək”.

Azad Qaradərəli (yazıçı): “Musiqiçi deyiləndə gözümüz önünə bizim toyxana manısları gəlməsin. Qərbin rokçuları ciddi sənət adamları sayılırlar. Məsələn, Rusiyanın özündə (keçmiş SSRİ zamanı) Vladimir Vısotski belə bir azman sənətçi idi. Onların bir çoxu ölkə prezidentindən daha ötkün söz sahibi olurlar. Yaradıcılığı ilə dərindən tanış olmasam da (açığı Nobel alandan sonra tanımışam) bilirəm ki, kral akademiyası bu ödülü hər “aa-uuu” eliyənə vermir. Bir də ki, bildiyim qədərilə, Bob Dilan həm də şairdir. Və onun nəğmələrində bir azadlığa çağırış var. Dünyamızın get-gedə uçuruma, fəlakətə və özünüməhvə yaxınlaşdırdığı bir zamanda azadlıq hayqırtıları və rokçu səsi bəlkə daha gur eşidilməlidir fikrindəyəm. Məndən olsaydı, bu ödülü Milan Kunderaya verərdim. Amma bu mənim əlimdə deyil. Qalır bir şey: Bob Dilanı təbrik edirəm! Və bütün yaltaq, yalaq və düşük müğənniləri ondan nümunə götürməyə çağırıram. Bir az da xalqınızın ağrı-acıları ilə nəfəs alın ki, səsiniz batanda bu xalq sizə yiyə dursun”.

Şərif Ağayar (yazıçı): “Nobeli də bütün mükafatlar kimi yazıçıların gücünü müəyyən eləmək baxımından yox, onların tanınması, oxunması baxımından qiymətləndirirəm. Sevmədiyim mətni Nobelin diktəsi ilə sevə bilmərəm. Bob Dilanın musiqilərini dinlədim, bir- iki şeirini oxudum. Vicdanı, ləyaqəti, sənətkar əxlaqı olan adamdır. Yazı sənətkarlığının səviyyəsi haqda danışmağım üçün bu beş-üç şeir kifayət etmir. Nobel Komitəsi adətən səhv eləmir. Ancaq bəzən siyasi konyukturaya meyllənir. Ümidvaram ki, bu seçim belə deyil”.

Aslan Quliyev (yazıçı): “Bu il Nobel mükafatını Amerikalı musiqiçiyə verdilər. Mən elə bilirdim tək bizdə ədəbiyyatı, kitabı ələ salır, ayaqlar altına atırlar. Amma bu proses artıq dünyanın əksər ölkələrində başlayıbmış. Keçən il orta səviyyəli yazıçı aldı Nobeli, bu il isə guya şeirlər də yazdığı deyilən, amma dünyanın şair kimi tanımadığı Bob Dilan. Qənaətimcə müasir ədəbiyyatda bu mükafatı almağa layiq olan ən güclü yazıçı Milan Kunderadır. Belə yazıçı qaldığı halda o mükafatı musiqiçiyə vermək mükafatın nüfuzuna zərbədir. Şəxsən mənim üçün daha bu mükafatı alan yazıçı-şairlər maraqlı deyillər”.

Ruzbeh Məmməd