Dünya Bankı: “Azərbaycanda biznesə başlamaq istəyən 3 gün, obyekt tikmək istəyən 203 gün gözləməlidir”

498

Dünya Bankı ayrı-ayrı ölkələrdə sahibkarlıq fəaliyyətinin vəziyyətini əks etdirən növbəti – “Doing Business-2017” adlı hesabatını açıqlayıb. Ölkəmiz Dünya Bankının sonuncu hesabatında 190 ölkə arasında 65-ci sırada qərarlaşıb. Ötənilki hesabatda isə Azərbaycan 189 ölkə arasında 63-ci sırada yer alıb. Hesabatda ölkəmiz ən yaxşı nəticəni biznesə başlamaqla bağlı sahədə göstərib. Biznesə başlamaq üçün tələb olunan sənədlərin sayına və icazənin verilmə müddətinə görə Azərbaycan 190 ölkə arasında 5-ci sırada yer alıb.

Dünya Bankı sahibkarlıq fəaliyyətinin vəziyyətini öyrənmək məqsədilə biznesə başlamaq, tikintiyə icazə almaq, kredit ala bilmək, sərhəddən mal keçirmək, mülkiyyətin qeydə alınması, investorların qorunması, vergilərin ödənilməsi və müqavilələrin yerinə yetirilməsi ilə bağlı sahələr üzrə hər il dünya ölkələrini əhatə edən araşdırmalar aparır və nəticələri “Doing Business” adlı hesabata daxil edir. Dünya Bankının “Doing Business-2017” adlı sonuncu hesabatında ölkəmiz ən yaxşı nəticəni biznesə başlamaqla bağlı sahədə göstərib. Biznesə başlamaq üçün tələb olunan sənədlərin sayına və icazənin verilmə müddətinə görə Azərbaycan 190 ölkə arasında 5-ci sırada yer alıb. Region ölkələri arasında bu sahədə ən yaxşı vəziyyət Azərbaycanda qeydə alınıb. Gürcüstanda biznesə başlamaq üçün 3, Ermənistanda 3, Azərbaycanda isə 2 sənəd tələb olunur. Gürcustanda icazəni 3 günə almaq mümkün olduğu halda Ermənistan 4, Azərbaycanda 3 günə almaq olur. Rusiyada biznesə başlamaq üçün 3,7 sənəd və 9,8 gün vaxt lazımdır. Qazaxıstanda bu göstərici müvafiq olaraq 5 sənəd və 9 gün, Türkiyədə 7 sənəd və 6,5 gün, İranda isə 8,5 sənəd və 15,5 gün təşkil edir.

Gürcüstanda mülkiyyəti qeydə aldırmaq üçün cəmi 1 sənəd tələb olunur

“yeni avaz”ın melumatına görə, Mülkiyyətin qeydə alınması ilə bağlı sahədə Azərbaycan 190 ölkə arasında 22-ci yerdə qərarlaşıb. Hesabatda qeyd olunur ki, Azərbaycanda vətəndaşlar mülkiyyətlərini cəmi 8,5 gün ərzində qeydə aldıra bilirlər. Bu proseduru həyata keçirmək üçün isə cəmi 3 sənəd tələb olunur. Region ölkələri arasında bu sahədə ən yaxşı vəziyyət Gürcüstanda qeydə alınıb. Gürcüstanda mülkiyyəti qeydə aldırmaq üçün cəmi 1 sənəd tələb olunur və bu prosedur 1 gün ərzində yekunlaşır. Gürcüstan həm də 190 ölkə arasında 3-cü yerə sahib olub. Ən pis nəticə isə İran və Rusiyada qeydə alınıb. İranda mülkiyyət hüququ 12 günə, Rusiyada isə 15 günə tanınır. Bu ölkələr üzrə müvafiq olaraq 7 və 3 sənəd tələb olunur. Qardaş Türkiyədə isə mülkiyyəti 7 günə qeydə aldırmaq olunur və bunun üçün 7 sənəd təqdim etmək lazımdır.

Tikintiyə başlamaq istəyən şəxs müvafiq icazənin almaq üçün 203 gün gözləməlidi

Ölkəmiz sahibkarlıq fəaliyyətinin vəziyyətini əks etdirən hesabatda ən pis nəticəni ötənilki hesabatda olduğu kimi tikintiyə icazə almaq və sərhəddən mal keçirməklə bağlı sahələr üzrə göstərib. Dünya bankının son hesabatında qeyd olunur ki, Azərbaycanda tikintiyə icazə almaq üçün 18 adda sənəd tələb olunur. Tikintiyə başlamaq istəyən şəxs müvafiq icazənin almaq üçün 203 gün gözləməlidi. Bu sahə üzrə Azərbaycanın reytinq siyahısındakı mövqeyi 190 ölkə arasında 127-ci yerdir. Kredit alınması ilə bağlı vəziyyət də ürəkaçan deyil. Bu sahədə Azərbaycanının mövqeyi 190 ölkə arasında 118-ci olub. Elektrik enerjisi şəbəkəsinə qoşulmaqla bağlı vəziyyətinə gəldikdə qeyd edək ki, Azərbaycan 190 ölkə arasında 105-ci yerdə qərarlaşıb. Elektrik enerjisi şəbəkəsinə qoşulmaq üçün 7 sənəd, 69 gün vaxt lazımdır. İnvestorların qorunması sahəsində 190 ölkə arasında 32-ci sırada qərarlaşıb. Bundan başqa “Doing Business-2017” hesabatında bildirilir ki, vergilərin ödənilməsi ilə bağlı göstərici üzrə ölkəmiz 40-cı, müqavilələrin yerinə yetirilməsi üzrə 44-cü yeri tutur.

Ən böyük geriləmə Türkiyənin mövqeyində qeydə alınıb

Son bir il ərzində MDB və region ölkələri arasında öz mövqeyini ən çox yaxşılaşdıran Rusiya olub. Dünya Bankının ötən ilki hesabatında 51-ci sırada olan Rusiya builki hesabatda 40-cı sırada yer alıb. Rusiya siyahıdakı yerini 11, Gürcüstan 8, Moldova 8, Belarus 7, Qazaxıstan 6 pillə yaxşılaşdırıb. Nəticədə Rusiya 40-cı, Gürcüstan 16-ci, Qazaxıstan 35-ci, Moldova 44-cü, Belarus 37-ci, sıraya yüksəliblər. İran, Ermənistan, Ukrayna, Azərbaycan və Türkiyənin mövqelərində isə geriləmə qeydə alınıb. Ən böyük geriləmə Türkiyənin mövqeyində qeydə alınıb. Dünya Bankının hesabatına görə, Türkiyə son bir ildə 190 ölkə arasındakı mövqeyini 14 pillə pisləşdirib. İran 2 pillə geriləyərək 120-ci yerdə qərarlaşıb. Ermənistan və Ukraynanın mövqeyi 3, Azərbaycanın mövqeyi isə 2 pillə geriləyib. Azərbaycan 65-ci, Ermənistan 38-ci, Ukrayna isə 80-ci sırada qərarlaşıb. Ümumiyyətlə sahibkarlıq fəaliyyətinin vəziyyətini əks etdirən “Doing Business-2017” adlı hesabatda ən yaxşı nəticəni Yeni Zelandiya, Sinqapur, Danimarka, Honkonq, Cənubi Koreya, Norveç, Böyük Britaniya, ABŞ, İsveç və Makedoniya göstərib. Sahibkarlıq fəaliyyətinin ən pis vəziyyətdə olduğu ölkələrin siyahısına isə Somali, Eriteriya, Liviya, Venesuela, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Əfqanıstan, Anqola, Haiti və Çad başçılıq edirlər.

Allahverdi Cəfərov