Döyüşmək cəsarətdirsə…

0
117

 

Hamımız üçün müqəddəs sayılan torpaqlarımızın azad olunması onu göstərdi ki, Vətənimizin hər qarışı uğrunda canımızdan keçməyə hazırıq.

Azərbaycan xalqı və müstəqil dövlətimiz müasir tarixinin ən şanlı, qürur və fəxarət dolu günlərini yaşayır. Şanlı, müsəlləh Azərbaycan Ordusunun Qarabağın, işğal olunmuş ərazilərimizin mənfur erməni işğalından azad olunması uğrunda başlatdığı ikinci Qarabağ savaşı,  Vətən müharibəsi Azərbaycan ordusunun qələbəsi ilə başa çatdı. Ermənistanın sentyabrın 27-də əl atdığı növbəti qanlı təxribat, bütün cəbhə boyu atəşkəsi pozması onun üçün baha başa gəldi. Nəinki Ermənistan, hətta bütün dünya Azərbaycan Ordusunun, Azərbaycanın nəyə qadir olduğunu gördü.

30 il döyünən ürəyindən ayrılan, sonunda 10 noyabr 2020-ci ildə cənab Ali Baş Komandanın başçılığı ilə Qarabağına qovuşan Azərbaycanımız.  44 gün davam edən qanlı mübarizə Ermənistan tərəfinin məğlubiyyəti ilə sona çatdı.  Əlbəttə, bu zəfər asan başa gəlməyib.  Prezidentimizin rəhbərliyi və şanlı ordumuzun şücaəti sayəsində Azərbaycan qalib oldu. Allah şəhidlərimizə rəhmət eləsin, əsgərlərimiz var olsun. Biz də igid əsgərlərimizdən, şəhidlərimiz haqqında yazılar yazaraq onları dünyaya tanıtmağımızı özümüzə borc bilirik. Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə sinəsini düşmən gülləsinə sipər edən, qəhrəmancasına şəhid olan vətən oğulları, şanlı ordumuz  Azərbaycanın yeni tarixini yazdılar. Belə oğullardan biri də İkinci Qarabağ savaşının qazisi mingəçevirli Vüqar Ələsgərovdur.

Bu günlərdə Vüqar xəstəxanadan çıxıb evlərinə dönüb. Onunla  həmöhbət olduq, Vüqar bizə keçdiyi döyüş yolundan bəhs etdi.
Qeyd edək ki, Vüqar Ələsgərov 1990-cı ildə Mingəçevirdə anadan olub.  Subaydır. 2014-cü ildən hərbidə MAXE kimi fəaliyyət göstərir.O, BMP3 idarə edib. Yeri gəlmişkən, bildirək ki, Vüqar aprel döyüşlərində belindən yaralansa da, sağaldıqdan sonra yenə də hərbiyə qayıdıb. İkinci Qarabağ müharibəsində də iki dəfə tank əlehinə minaya düşüb və yaralanıb. Sentyabrın 27-də ayağından qəlpə yarası alsa da, yenidən döyüşlərə qatılıb. Oktyabırın 26-da Füzuli  uğrunda gedən döyüşlərdə tank əlehinə minaya düşərək kontuziya alıb.

Söhbət əsnasında qazimizin dilindən hər bir qazi,  həm də şəhid olan silahdaşları haqqında qürurverici xatirələr eşitdik. Qazimiz deyir ki, döyüşlərdə hər kəsin alnına eyni tale yazılmır: ”Döyüşmək cəsarətdirsə, şəhid olmaq ucalıqdır. Yanımda döyüşçü yoldaşlarım şəhid oldular.O anları yadımdan çıxara bilmirəm. Hazırda özüm də bədənimdə ağrılar və kontuziyanın yaratdığı fəsadlarla yaşayıram. Amma arzum ürəyimdə qaldı. Belə ki, mən  Şuşanın da alınmasında iştirak etmək istəyirdim”.

Qazimiz  sağlamlığında yaranan problemlərə baxmayaraq, bundan sonra da hər zaman Vətənin keşiyində dayanmağa hazır olduğunu vurğuladı.

Esmira Hidayətova, Mingəçevir