Döyüşçülərimizin gözlərində qorxudan zərrə qədər də əsər-əlamət görmədim

Vətən uğrunda canlarından keçmiş şəhidləri, eləcə də döyüşlərdə qəhrəmanlıq göstərmiş qaziləri, müharibə iştirakçılarını yaddan çıxarmaq mümkün deyil. Biz də bu amalla şəhidlərimizi anır, qazilərimizlə görüşür, onların fikirlərini ictimaiyyətə çatdırırıq.

44 günlük Vətən müharibəsində iştirak edən və qələbədə payı olan oğullarımızdan biri də baş leytenant Nahid Elçin oğlu Hüseynovdur. Bu günlərdə onunla da həmsöhbət olduq.

– 1995-ci il avqust ayının 7-də Cəlilabad rayonunun Söyüdlü kəndində anadan olmuşam. Bakı şəhərindəki 98, 269 saylı orta məktəblərdə və  261 saylı məktəb-liseydə orta təhsil almışam. 2010-cu ildə həmin məktəb-liseyin 8-ci sinfini bitirib Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmuşam. 2013-cü ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilimi davam etdirmişəm. 2017-ci ildə bu hərbi məktəbi  tankçı ixtisası üzrə leytenant hərbi rütbəsində bitirərək “N” saylı hərbi hissənin tank bölüyünün tank tağımının komandiri vəzifəsinə təyin olunmuşam. 2019-cu ilin avqust ayından isə digər hərbi hissədə bu vəzifəni icra etmişəm. 2020-ci il iyun ayının 26-da Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmrinə əsasən, mənə baş leytenant hərbi rütbəsi verilib.

Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq başlayan Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak etmişəm. Möhtərəm Prezidentimizin, Ali Baş Komandanımızın sərəncamları ilə “Döyüşdə fərqlənməyə görə”  və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşam.

– Hərbçi olmağınızda hansı amillər mühüm rol oynayıb?

-Hələ kiçik yaşlarımdan valideynlərim mənə ermənilərin xalqımızın başına açdıqları müsibətlərdən, o cümlədən Xocalı faciəsindən  söz açardılar. Onlar mənə erməni vəhşilərinə nifrət aşılamışdılar. Odur ki, yaşa dolduqca erməni barbarlarından qisas almaq hissi mənə hakim kəsildi. Beləcə, hərbçi olmaq qərarına gəldim.

– Ümumiyyətlə, iştirak etdiyiniz hansı döyüşləri daha uğurlu hesab edirsiniz?

-Əgər hər döyüşümüzdə şəhər, qəsəbə, kəndlər azad etmişiksə, deməli, onların hər biri uğurlu olub.

– Şəhid olmuş döyüşçü yoldaşlarınızla bağlı xatirələriniz varmı?

– Bəribaşdan deyim ki, Vətən müharibəsində hər bir döyüşçümüz misli-bərabəri olmayan qəhrəmanlıqlar göstərdi. Bir zabit kimi deyə bilərəm ki, onların gözlərində qorxudan zərrə qədər də əsər-əlamət görmədim. Əsgər və zabitlərimiz düşmən üzərinə elə şığıyırdılar ki… Amma unutmayaq ki, müharibə itkisiz olmur. Oktyabrın 20-də idarə etdiyim tank düşmən mərmisinə tuş gəldi. Mənim tabeçiliyimdə olan gizir, Aprel döyüşlərində də iştirak etmiş 24 yaşlı Əmənov Məhəmməd İltizam oğlu döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. Sonradan öyrəndim ki, oktyabrın 20-də ağır döyüşə qatılacaqlarını bildirən igid döyüşçü anasına son vəsiyyətini edibmiş: “Şəhid olsam, mənim üçün ağlamayın…” Ona və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Əsgər və zabit yoldaşları  onların qisasını erməni vəhşilərindən aldılar. Yeri gəlmişkən onu da deyim ki, Biləsuvardan olan bu şəhidimiz Vətən müharibəsində göstərdiyi igidliyə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

– Qələbə xəbərini harada eşitdiniz?

– Noyabr ayının 9-da gecə saatlarında Ağdərə istiqamətində çətin bir əməliyyata başlamalı idik. Amma bir neçə saat keçməmiş bizə Ermənistanın kapitulyasiya xəbərini verdilər. Qələbədən sonra bütün ağrı-acımı, arxada qalan çətinlikləri unutdum.

– Şəhid ailələrinə, müharibə əlillərinə, müharibə iştirakçılarına göstərilən diqqətdən razısınızmı?

-Əlbəttə. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilib. Bu il isə bu kateqoriyadan olan şəxslərə 3 minə yaxın mənzil verilməsi nəzərdə tutulub. İndiyədək müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını təqdim olunub. Prezident İlham Əliyevin fevralın 25-də Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində bildirdiyi kimi, o qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib. Bir sözlə, Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir.

– Ümumiyyətlə, bu günün Azərbaycan Ordusunu necə xarakterizə edərdiniz?

– 2020-ci il sentyabrın 27-də növbəti erməni hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycanın işğalçı ölkənin  təcavüzü nəticəsində zəbt olunmuş ərazilərimizin azad edilməsi kimi zəruri və ədalətli məqsədə xidmət etdi. 30 illik münaqişəni sona çatdıran bu qısamüddətli müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü. Artıq dünyanın tanınmış hərbi ekspertləri etiraf  edirlər ki, Azərbaycan, həqiqətən, XXI əsrin  yeni müharibə modelini ortaya qoyub. Hətta mən deyərdim ki, tar-mar etdiyimiz Ermənistan ordusu 100 il bundan sonra da, ordumuzun indiki vəziyyətinə çata bilməz. Çünki cənab Ali Baş Komandan hər bir hərbi qulluqçunun sosial durumuna, eləcə də ordunun yüksək dəqiqlikli silah və texnika ilə təmin olunmasına ciddi diqqət ayırır. Yəni, dövlətimizin yanaşması belədir ki, gücümüz hər il artmalıdır. Bir məsələyə də toxunmaq istərdim. Müharibə qurtarsa da, heç kim unudulmur, heç nə yaddan çıxmır. Ölməzliyə qovuşan şəhidlərimiz hər zaman sonsuz məhəbbət və ehtiramla yad edilir, qazilərimizə diqqət göstərilir. Bu da gələcək nəsillərin daha vətənpərvər ruhda yetişməsinə stimul verir.

Qvami Məhəbbətoğlu, “İki sahil”