Dövlətin sosial qayğısı: Birinci Qarabağ müharibəsi əlillərinə də birdəfəlik ödəmə verilir

38

Azərbaycan dövlətinin sosial siyasəti ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə xidmət edir. Xüsusən də həssas təbəqələrin nümayəndələrinə göstərilən diqqət və qayğının əhatəsi çox genişdir. Bildiyimiz kimi, dövlətimiz Vətən uğrunda sağlamlığını itirən şəxslərə hərtərəfli qayğı göstərir. Bu baxımdan Vətən müharibəsi əlilləri, qazilər, şəhid ailələri öz yerində, dövlət tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə də birdəfəlik ödəmələrin verilməsinə başlandı. İlkin olaraq 11 min Birinci Qarabağ müharibəsi əlilinə təyin edilən birdəfəlik ödəməyə görə 67 milyon manat vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu barədə KİV-ə açıqlamasında bildirib ki, Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi mexanizmi humanist yanaşma, ödənişlə təminat proqramının əhatə dairəsinin daha geniş olması prinsipləri əsasında hazırlanıb. O, qeyd edib ki, birdəfəlik ödəmə təkcə hazırda müharibə əlili statusunda olanlara deyil, həm də vaxtilə Birinci Qarabağ müharibəsi zamanı əlil olmuş, lakin sonradan sağalmış, əlillik dərəcəsi hazırda olmayan şəxslərə də verilir. Həmçinin nazir birdəfəlik ödəmə ilə təminat proqramının icrası üçün ötən dövrdə elektron sistem yaradıldığını, müvafiq e-məlumat bazası formalaşdırıldığını qeyd edib. Birdəfəlik ödənişlərin də məhz e-sistem üzərindən proaktiv qaydada həyata keçirildiyini vurğulayıb.

Ümumiyyətlə, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğı və verilən maddi dəstək Azərbaycan dövlətinin sosial siyasətinin göstəricisidir. Prezident İlham Əliyev bu barədə bildirmişdir: “Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Ermənistanda nə qədər verilib? Sıfır! Bir koma da verilməyib, bir daxma da verilməyib. Yəni, əlbəttə, biz Ermənistanla özümüzü heç cür müqayisə etmək istəmirik. Amma bu reallıqdır. İndi dünyada o qədər müharibələr olub – bizim bölgəmizdə, bizim coğrafiyaya yaxın olan yerlərdə, başqa yerlərdə. Hansı ölkə bunu edir? Mənə desinlər, mən eşitməmişəm. Ona görə etmirik ki, bununla öyünək, ona görə edirik ki, bunu mənəvi borc bilirik, edirik və edəcəyik. Bütün şəhid ailələri, hansılar ki, hələ növbədədir, yaxın gələcəkdə evlərlə təmin ediləcək”.

Paralel olaraq postmüharibə dövründə sözügedən kateqoriyadan olan 100 min insana 193 min xidmət göstərilib. Həmin xidmətlərin əsas istiqaməti müxtəlif sosial ödənişlərin verilməsidir. Yeri gəlmişkən, qeyd edək ki, ötən il sosial müavinətin məbləği 60, cari ildə isə təqaüdlər 60 faiz artırılıb.

Müharibə əlillərinin normal həyata qayıdışı da diqqət mərkəzindədir. Məhz bu məqsədlə 11 min müharibə əlili və müharibə veteranı sosial-psixoloji dəstək və reabilitasiya proqramlarına cəlb olunub. Onlara bu dövrdə 21 min reabilitasiya vasitəsi təqdim edilib. Ümumiyyətlə, indiyədək 200 nəfərdən çox Vətən müharibəsi əlili ən yüksək texnologiyalı dördüncü nəsil müasir protezlərlə təchiz olunub. Bundan əvvəl isə həmin kateqoriyadan olan 130 nəfər belə protezlərlə təmin edilmişdir.

Bu gün şəhid ailələrinin və qazilərin məşğulluq problemi də həll olunur. Beləliklə, indiyədək həmin kateqoriyadan olan 8 min nəfərdən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub. Həmin şəxslər kiçik ailə təsərrüfatları quraraq özlərinə gəlir mənbəyi qazanıblar. Bununla yanaşı, 4500 müharibə əlili və veteranı münasib işlə təmin olunub.

“İki sahil”