“Dövlət”in günahı

470
İdarə və təşkilat adlarımızdan bir neçə dəfə söz açmışam. İndi bəzi yazarlar kimi onlardan sitat gətirib bu dar yerimi doldurmaq fikrində deyiləm. Elə bu səbəbdən keçirəm birbaşa mətləbə. Hə, bir də onu deyim ki, bu dəfə mövzuya yenidən qayıtmağımın səbəbi başqadır. Yəni heç  düşünmədiyim halda bu mövzuya ilişdim. Nə isə… Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yerləşdiyi binanın yaxınlığındakı dayanacaqda avtobus gözləyirdim. Tərslikdən gözlədiyim marşrut üzrə avtobus gəlmək bilmirdi ki, bilmirdi.
Bir neçə dəqiqədən sonra mənə bir nəfər yaxınlaşdı və o, əli ilə binanın üzərində yazılmış “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözlərini göstərərək dedi:

– Rəsmi adlarda da ifrat sözçülük baş alıb gedir e…

– Ay ağsaqqal, son illər biz hər şeydən qüsur axtarmaq üzrə sanki ustalaşmışıq. Bağışlayın, məgər “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası”nda ifrat sözçülük var?

– Elə isə məni başa sal görüm, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında “üzrə”yə ehtiyac varmı?

Mən qeyri-ixtiyarı:

– Ehtiyac olmasaydı, yazmazdılar ki? – dedim.

– Elə belə düşüncə tərzimizin ucbatından bu gündəyik də… Sözə bax, ehtiyac olmasaydı, yazmazdılar ki… Anla və başa düş, ay bala, burada “üzrə” və “dövlət” sözlərinə əsla ehtiyac yoxdur. Unutma ki, “üzrə” bizim dilin sintaktik quruluşuna xas deyil, bu, rus dilindən tərcümə ilə gələn modeldir, formadır. Odur ki, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası adını bu şəkildə təqdim etmək daha doğrudur: “Azərbaycan Respublikasının Tələbə Qəbulu Komissiyası”.

– Bəs “dövlət”in günahı nədir?

– Ay bala, məgər görmürsən ki, Tələbə Qəbulu Komissiyasının qarşısında Azərbaycan Respublikası yazılıb? Yəni söhbət Azərbaycan Respublikasından gedirsə, deməli, bu dövlət qurumudur da. Yəni burada “Azərbaycan Respublikası” sözü elə “dövlət” sözünün ekvivalenti deməkdir. Bu mənada burada “dövlət” də artıqdır.

– Ay ağsaqqal, belə çıxır ki, bu dediklərini Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə də şamil etmək olar.

– Ay rəhmətliyin nəvəsi, şamil etmək nədir? Şamil olunmalıdır e… Həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu kimi adlara da əl gəzdirmək, daha doğrusu, artıq sözləri aradan qaldırmaq lazımdır. Hə, tək yanlışlıq bunlarda olsa idi, dərd yarı idi. Bəzi idarə və təşkilat adlarındakı “yanında” sözü də mənə çatmır e… Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və sairə…. Necə yəni “yanında”? Halbuki həmin adları bu şəkildə işlətmək daha düzgündür… Bir də həmin söz burada müəyyən ağırlıq yaradır axı… Azərbaycan Prezidentinin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikası Prezidentinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası… Belə olsa onları çox rahat tələffüz də etmək olar. Üstəlik, onların abreviaturalarını da yazmaq mümkündür.

– Ağsaqqal, deyirəm bəlkə, bu təkliflə çıxış edəsiniz?

– Yox, bala, mənim ümumiyyətlə, haralarasa nəsə yazmağa əsla həvəsim yoxdur. Mən bir ağsaqqal kimi sözümü sənə dedim. İstəyirsən yaz, istəmirsən yazma.

– Bəs sizin adınız nədir, ay ağsaqqal? Çünki yazacaqlarımı sizə istinadən qeyd etmək istəyirəm…

– Adımı neyləyirsən, el arasında mənə “Oxumamış alim” deyirlər.

“Oxumamış alim”ə daha bir necə sualla da müraciət etmək istədim. Lakin o, bayaqdan bəri gözlədiyi avtobusun gəldiyini görüb məndən uzaqlaşdı.

Qvami Məhəbbətoğlu