… Dövlətdən dəstək gözləyir

0
543

Mingəçevirli gənc yeni üç cizgi filmi hazırlayıb. 29 yaşlı Elvin Mutaliboğlu ixtisasca iqtisadiyyatçı olsa da, cizgi filmləri hazırlayır. Artıq 3 cizgi filmini tamamlayan qəhrəman 4-cü filmin üzərində çalışır. Elvin Mutaliboğlu “Zaman-Azərbaycan”a müsahibəsində bildirdi ki, cizgi filmlərinin birincisi 15 seriyadan ibarətdir: “Hər biri 15 dəqiqə gedir. İkinci cizgi filmi bir saatdan ibarətdir, bir seriyadır. 3-cü cizgi filmi isə Yeni ilə aiddir, 15 dəqiqəlikdir. Hazırda 4-cü cizgi filminin çəkilişinə hazırlaşırıq. 4 seriyalı olacaq. Bunun hələ vaxtı dəqiq deyil”.
Müsahibimiz deyir ki, filmlərdə personajlar artdıqca üzərində işləmək də çətin olur. O filmlərin birini 1 ilə, digərlərini isə bir neçə aya ərsəyə gətirib. Süjet xətti ilə bir-birindən maraqlı olan filmlər “Fəzada döyüş”, “Yeni il”, “Banu və dostları” adlanır. Cizgi filmləri hazır olsa da, təəssüflər olsun ki, səsləndirmək mümkün olmayıb. Elvin deyir ki, bunun üçün maddi dəstəyə ehtiyacı var: “Cizgi filmi hazırdır, hər 3-ü, demək olar ki, efirə buraxılacaq qaydadadır. Sadəcə, səsləndirə bilmirik. Bizim problemimiz, ilk növbədə, budur. Çünki səs pultuna ehtiyacımız var. Səs pultunu da almaq üçün isə külli miqdarda vəsaitə ehtiyac var. Bundan əlavə, səsləndirmə üçün istər-istəməz aktyorlar cəlb edilməlidir. Məktəbdə və ya orta məktəbdə oxuyan sıravi bir gənci gətirib bu işə cəlb edə bilmərik”.
Müsahibimizin dediyinə görə, cizgi filmlərində hazır şəkillərdən istifadə etmək mümkün deyil: “Çünki əgər filmlər milli filmlərdirsə, arxa görünüş, hər bir ağac, hətta personajların hərəkətləri belə milliliyə xarakterik olmalıdır. Bəzən də elə olur ki, hansısa obyektin şəklini canlandırmaq üçün maketlər hazırlanır”.
2D formatında çəkilən filmlərin ssenarilərini də özü yazan Elvin filmlərdə yeni milli personajları tanıtmaq fikrindədir: “Azərbaycanda cizgi filmlərinin sayı getdikcə azalır. Gündən-günə cizgi filmi çəkilən studiyalar da azalır. Belə deyə bilərik ki, yox dərəcəsindədir. Mənim məqsədim ondan ibarətdir ki, Azərbaycan körpələrinin öz nağıl qəhrəmanları olsun, öz cizgi film qəhrəmanlarını tanısınlar”.
Qeyd edək ki, filmləri yayımlamaq üçün Türkiyədən Elvinə təklif gəlib. Amma Elvin filmləri başqa ölkələrə satmaq niyyətində deyil. Onun hədəfi çəkdiyi filmləri qeydiyyata aldırmaq və Azərbaycan tamaşaçılarına təqdim etməkdir.
Rövşən Əşrəfov Mingəçevir