“Dövlət xəstəxanalarında həkimlər pul istəyirlərsə, onlar rüşvətxordular”

484

Ölkədə tibbi qiymətlərin baha olması bir çoxumuza məlumdur. Azərbaycanda tibbi xidmətin baha olmasını səbəbini tanınmış həkimlər Yeniavaz.com-a belə şərh etdilər.

“İranda xəstəxanada əməliyyat üçün lazım olan hər şeyi dövlət verir”

“Hər bir insanın əsas tibbi yardım almaq haqqı var”. Bunu tanınmış uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl dedi. Onun sözlərinə görə, bu Konstitusiyada yazılıb və buna əməl olunması şərtdir: “Bir insanın pulu olmadığına görə, əməliyyat oluna bilməməsi həqiqətən, bizdə olan böyük problemlərdən biridir. Düzdür, Səhiyyə Nazirliyi öz hesabına, öz xəstəxanalarında kömək elətdirə bilir. Ancaq yenə də dediyiniz problem həqiqətən, mövcuddur. Nə qədər də bunu düzəltməyə çalışsalar da, problemlər kökündən həll edilməyib. Yəni olmaması üçün nə qədər işlər görülsə də həqiqətdə belə hadisələr olur. Açıq desək, dəfələrlə şahidi olmuşam ki, vətəndaş Səhiyyə Nazirliyinə məktub yazaraq, üstündə duraraq əməliyyatına köməklik edilməsinə nail olur. Belə köməkliklərin olmasına şahid olmuşam. İkinci məsələ – mən hesab edirəm ki, Azərbaycanda əməliyyatların qiyməti heç də baha deyil. Azərbaycanda əməliyyatların qiyməti öz qonşularından daha ucuzdur. Siz deyə bilərsiniz ki, İranda daha ucuzdur və s. Doğrudur, ancaq İranda əməliyyat edən xəstəxanalara suyunu, elektrikini və s. bu kimi şeyləri dövlətin hesabına alır. Bir şəkildə İran dövləti xəstəxanaya köməklik edir və onlar da əməliyyatları ucuz edirlər. Ancaq bizdə hər şey xəstəxanaların öz hesabına olur. Bir səbəb olaraq bunu göstərirəm. Bu dediklərimizi düşünəndə bahalı olmadığını görürük. Qonşu Gürcüstanda bizdən bahadır”.

“Azərbaycanda qiymətlər də, dərmanlar da bahadır”

Sualımıza tibb elmləri namizədi Rəşid Mahmudovun münasibəti belə oldu: “Qiymətlər bahadır, çox bahadır. Azərbaycanda qiymətlər də, dərmanlar da bahadır. Hər şey xaricdən gəlir və dollarla gəlir. Ona görə də, çox baha başa gəlir. Onu da deyim ki, bir az da burada bahalaşdırırlar. Bizdə olan qiymətlərə nisbətən Türkiyədə daha bahadır, həmçinin Almaniyada bundan da bahadır. Tibbi qiymətlər bizim aldığımız maaşla uyğun gəlmir. Dövlət xəstəxanlarında hər şey pulsuzdur. Mənim dediklərim özəl xəstəxanalara aiddir, yəni özəllərdə bahadır. Əgər dövlət xəstəxanalarında həkimlər pul istəyirlərsə, onlar həkim yox, rüşvətxordular”.

Ruzbeh Məmməd