Dövlət maraqlarına zidd informasiyaların yayılması yolverilməzdir

38

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Təcavüzkar Ermənistan ağır məğlubiyyətə uğrayaraq kapitulyasiya aktına imza atdı. Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş əzəli torpaqlarımızı düşməndən azad etdi. Tarixi Qələbənin memarı Prezident, Ali Baş Komandanı İlham Əliyev, hərəkətverici qüvvəsi isə Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz oldu. İşğalçı Ermənistan üzərində qazanılmış tarixi Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Prezident, Ali Baş Komandan İlham Əliyev o ağır günlərdə döyüşlərə komandanlıq etməklə bərabər, eyni zamanda dünyanın ən nüfuzlu telekanallarına, mətbuat orqanlarına 30-dan çox müsahibə verdi. Ölkə başçısı informasiya müharibəsində ermənipərəst qüvvələrin səyi nəticəsində beynəlxalq ictimaiyyətdə fikir çaşqınlığı yaratmağa cəhd edən qüvvələri ifşa edərək, əsl həqiqətləri diqqətə gətirərək dünya ictimaiyyətini məlumatlandırmağa və inandırmağa müvəffəq oldu. Dövlət başçısı dərin məntiqi, geniş erudisiyası ilə Azərbaycanın haqlı olduğunu, işğala məruz qaldığını, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu bir daha sübut etdi.  Bununla da ermənilərin informasiya manipulyasiyasına ağır zərbələr endirdi. Bütün bunların sayəsində qırx dörd gündə nəinki beynəlxalq ictimaiyyəti yalan məlumatlarla çaşdırmaq istəyən düşmən ölkə, erməni lobbisi ilə işbirliyində olan qüvvələr və anti-Azərbaycan dairələr informasiya müharibəsində də Azərbaycana məğlub oldu.

O ağır və şərəfli günlərdə xalqımız bir daha həmrəylik nümayiş etdirərək bir yumruq kimi birləşdi, hər kəs öz vəzifəsini layiqincə yerinə yetirmək üçün səfərbər oldu. Azərbaycan həm döyüş meydanında, həm informasiya müharibəsində qalib gəldi.  Ürəyi Vətən eşqi döyünən jurnalistlərimizin, televiziyaların, elektron media orqanlarının nümayəndələrinin fədakarlığı sayəsində birbaşa hadisə yerindən informasiyalar, foto və videolar yayımlandı, xalqımızın haqlı mövqeyi dünya ictimaiyyətinə çatdırıldı. Media nümayəndələrimiz informasiya məkanında gedən müharibədə əzmlə, dəyanətlə mübarizə apararaq ölkəmzin haqlı mövqeyini ictimaiyyətimizə və beynəlxalq aləmə çatdırdı.

Ancaq unutmaq olmaz ki, müharibə bitsə də, iki ölkə arasında arasında informasiya müharibəsi hələ də davam edir.  Ermənistanın, ümumiyyətlə, dünyanın müxtəlif nöqtələrində yaşayan ermənilərin informasiya məkanında Azərbaycana qarşı təxribatlarına adekvat cavab olaraq, ölkəmiz bu gün də beynəlxalq informasiya məkanında həqiqətləri əsaslandıra bilir, öz mövqeyini qətiyyətlə müdafiə edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisi durur. “Onların hədəfi Azərbaycanı ləkələməkdir, Azərbaycan haqqında təhrif edilmiş yalan məlumatlar yaymaqdır. Məqsəd inkişafımıza zərbə vurmaq, cəmiyyətimizin ənənəvi dayaqlarını sarsıtmaqdır. Bu, informasiya müharibəsinin bir növüdür”.

Çox təəssüf ki, özünü jurnalist adlandıran bəzi sosial “klaviatura qəhrəmanları”, “hərbi ekspertlər” məsuliyətsizlik nümayiş etdirərək sosial şəbəkələrdə ordumuzun nüfuzuna xələl gətirən əsassız, uydurma xəbərlər yayır, yüksək rütbəli zabitlərimiz hətta təhqiramiz ifadələr işlədirlər. Belələri unudurlar ki, Azərbaycan Ordusu ilə bağlı yalan informasiyaların yayılıması, ordumuzun nüfuzuna xələl gətirən xəbərlərin tirajlanması, həmçinin, dövlət sirri hesab edilən məlumatların paylaşılması yolverilməzdir. Təbii ki, bütün bunlar dövlətçiliyimizə və milli maraqlarımıza ciddi zərbə kimi qiymətləndirlməli və bu cür əməlləri törədənlər öz layiqli cəzalarını almalıdırlar. Əlbəttə, bu cür qanunsuz əməllərlə bağlı hüquq-mühafizə orqanları dəfələrlə media qurumlarına və nümayəndələrinə, sosial şəbəkə fəallarına xəbərdarlıq edib. Şübhəsiz, müəyyən xəbərdarlıqlardan nəticə çıxarmayanlar qanunvericiliyə uyğun olaraq öz layiqli cəzalarını alırlar. Bu günlərdə hüquq-mühafizə orqanları tərəfindən bəzi şəxslərə xəbərdarlıq edilməsi və bloqqer Tofiq Şahmuradovun həbs edilməsi bunun əyani təsdiqidir.

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatında
bildirilir ki, feysbuk sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə “Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.

Bəli, hər kəs bilməlidir ki, media azadlığından sui-istifadə nəticəsində dövlətimizin maraqlarına zidd olan informasiyaların yayılması yolverilməzdir. Belə əməllərə yol verənlər bundan sonra da öz layiqli cəzalarını alacaqlar. “İki sahil”