Dövlət başçısının növbəti humanist addımı

292

Əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrinin – məhdud fiziki imkanlı şəxslərin, əlillərin sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası da dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Yeri gəlmişkən qeyd edək ki, hazırda ölkəmizdə 600 mindən çox əlilliyi olan şəxs vardır ki, onlar əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinət alırlar. Bu il əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün aylıq sosial müavinətin məbləği də orta hesabla 100 faiz artırılıb. Əlillər, həmçinin mənzil və avtomobillərlə də təmin olunurlar.

Əlillərin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Məlumata görə, 2019-cu ilin 11 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanları vasitəsilə 2200-dən çox əlilliyi olan şəxsin məşğulluğu təmin edilib.

Ölkəmizdə əlillərin reabilitasiya məsələsi də gündəmdən düşmür. Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2019-cu il 2 dekabr tarixli Sərəncamı buna əyani sübutdur. Mütəxəssislərin fikrincə, bu Sərəncamla bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatı məqsədilə maliyyə vəsaitinin ayrılması müasir tələblərə uyğun yeni sosial xidmət və reabilitasiya müəssisələrinin istifadəyə verilməsinə, bu sahə üzrə infrastrukturun genişlənməsinə, 2020-ci ildə ayrı-ayrı bölgələrdə yeni bərpa mərkəzlərinin tikintisinə təminat verəcəkdir.

II qrup Qarabağ əlili, ehtyatda olan baş leytenant Əhliyət Mehdiyev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu istiqamətdə atılan hər bir addım həssas qrupdan olan şəxslərə növbəti dəstəkdir: “Prezident İlham Əliyevin sosial siyasətində əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğı mühüm yer tutur. Fikrimcə, dövlət başçısının onların sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət insan amilinə verilən yüksək dəyərin nümunəsidir. Bu kimi məsələləri həmişə diqqət mərkəzində saxlayan möhtərəm Prezidentimizə təşəkkürümüzü bildiririk”.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün 14 reabilitasiya və 15 sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Ötən ay  nazirliyin Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa mərkəzləri, Mərdəkan Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra müasir ləvazimatlarla, avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Hazırda Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa mərkəzlərində, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzində, Göygöl və Şamaxı psixonevroloji Sosial Xidmət müəssisələrində əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Yaxın vaxtlarda isə Qobustan Sosial Adaptasiya Mərkəzi və Gəncə Peşə Tədris Mərkəzinin də istifadəyə verilməsi gözlənilir.

Onu da qeyd edək ki, Heydər Əliyev Fondunun  dəstəyi ilə Bakının Yeni Günəşli yaşayış massivində istifadəyə verilmiş Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi bu kateqoriyadan olan uşaqların reabilitasiyasında əhəmiyyətli rola malikdir. Fondun mühüm sosial layihələrindən biri kimi ölkəmizin müxtəlif bölgələrində Regional İnformasiya Mərkəzlərinin təşkilidir ki, həmin mərkəzlər əlilliyi olan şəxslərin İKT-dən istifadəsinə geniş imkanlar açır.

Hazırda əlilliyi olan şəxslərlə bağlı reabilitasiya işinin mütərəqqi dünya təcrübələri əsasında yenidən qurulması məqsədilə yeni “Reabilitasiya Konsepsiyası” sənədinin layihəsi üzərində də iş gedir. Şübhəsiz, bütün bunlar məhdud fiziki imkanlı şəxslərə, əlillərə olan qayğının əyani təzahürüdür.

Qvami Məhəbbətoğlu, “İki sahil”