“Dövlət başçısı ilə görüşdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılır”

Martın 5-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə müzakirə edilən məsələlərə həsr olunmuş mətbuat konfransı keçirildi.

Nazir Əbülfəs Qarayev son illər mədəniyyət sahəsində görülən işlər, aparılan islahatlar barədə geniş məlumat verdi.

Mədəniyyət Nazirliyində həyata keçirilən islahatların uğurla davam etdirildiyini deyən nazir bildirdi ki, Prezident İlham Əliyevin 2016-cı il martın 29-da imzaladığı sərəncama uyğun olaraq 2017-ci ildən nazirliyin Bakı şəhəri üzrə baş idarəsi və 15 regional mədəniyyət idarəsi yaradılıb. Ölkə başçısının “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il iyunun 6-da imzaladığı fərmana uyğun olaraq Mədəniyyət Nazirliyinin strukturu yenidən formalaşdırılıb.

Əbülfəs Qarayev Prezident İlham Əliyevin bu il yanvarın 15-də imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanın ölkəmizdə mədəniyyət sahəsinin müasir tələbələrə uyğun inkişafının təmin edilməsi baxımından müstəsna əhəmiyyətini qeyd etdi. Vurğuladı ki, fərman mədəniyyət sahəsində müasir sistemin qurulmasını, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsini, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutur: “Həyata keçirilən islahatlar zamanı beynəlxalq təcrübədən istifadə olunması istiqamətində də zəruri addımlar atılacaq. Biz xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiq olunması məqsədilə Avropa İttifaqının “Tvinninq” layihəsini həyata keçirmişik. Qarşımızda duran əsas məsələlərdən biri də hazırda qabaqcıl beynəlxalq təcrübəni öyrənib ölkəmizdə tətbiqini davam etdirməkdir”.

Dövlət başçısının mədəniyyət sahəsində islahatların sistemli şəkildə həyata keçirilməsini istədiyini deyən nazir bildirdi ki, son iki ildə eksperimental da olsa, bu istiqamətdə mühüm işlərin görülməsinə nail olunub: “Aparılacaq islahatlarda insan faktoru diqqətdə saxlanılacaq. İslahatların məqsədi kiminsə işdən çıxarılması, iş yerlərinin sayının azaldılması ilə bağlı deyil. İnsanların öz işlərini itirməsi, kimlərinsə işdən azad olunmasından söhbət gedə bilməz. İslahatlar bundan sonra da davam etdiriləcək”.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə toxunan Əbülfəs Qarayev bildirdi ki, bu görüş cəmiyyətdə böyük əks-səda doğurub. Görüşdə mədəniyyət və incəsənətimizin müxtəlif sahələrinin inkişafı ilə bağlı fikirlər səsləndirilib. Qaldırılan məsələlərə dövlət başçısı tərəfindən dəstək ifadə olunub, müvafiq tapşırıqlar verilib. Prezident İlham Əliyevin son günlər imzaladığı “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamlar mədəniyyət sahəsinə dövlət tərəfindən göstərilən diqqətin bariz nümunəsidir.

Nazir dövlət başçısı ilə görüşdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atıldığını dedi: “Görüşdə səslənən təkliflərdən biri də Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə heykəllərinin ucaldılması idi. Hazırda bu məsələ ilə bağlı müzakirə aparılır. Abidələri hazırlayacaq heykəltəraşlar müsabiqə yolu ilə seçiləcək. Bu yaxınlarda ilkin layihə üçün müsabiqə elan ediləcək. Həm memarların seçilməsi, həm də heykəllərin hansı ərazilərdə ucaldılması ilə bağlı yekun qərar veriləcək”.