Dördüncü üçtərəfli görüş: Sülhə doğru inamlı addımlarla

57

Qarabağ müzakirə mövzusu deyil!  Minsk qrupunun üstündən xətt…

Postmüharibə dövründə Azərbaycanın sülh təşəbbüsündəki qətiyyətli mövqeyi, həmçinin sabitliyə sadiqliyi xüsusilə Avropa İttifaqı (Aİ) tərəfindən yüksək səviyyədə dəstəklənir. Ötən müddətdə bu  nüfuzlu beynəlxalq təşkilat Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında ədalətli mövqeyi, qərəzsiz və bitərəfli fəaliyyəti ilə diqqət çəkir. Avropa İttifaqı öz üzərinə öhdəlik olaraq götürüb ki, sülh müqaviləsinin imzalanması və xüsusilə iki dövlət arasında etimad mühitinin formalaşması üçün rəsmi Brüssel əlindən gələn bütün imkanları səfərbər edərək bu istiqamətdə yardımını göstərəcək.

Dövlətimizin başçısının Aİ Şurasının Prezidenti Şarl Mişellə davamlı görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirildi. Bununla da Prezident İlham Əliyev və Aİ Şurasının  Prezidenti Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyuldu. Bu görüş zamanı Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi həmin vaxt geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib və bildirib ki, dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.

İkinci görüş isə cari ilin aprel ayının 6-da reallaşıb.  Liderlər arasında Brüsseldə baş tutan ikinci görüşdən sonra Şarl Mişel yaydığı bəyanatda artıq konkret məsələlər üzrə razılıq əldə olunduğunu bildirib. Avropa İttifaqı Şurasının Prezidenti liderlərin ikinci görüşünün nəticəsi olaraq sərhəd komissiyasının yaradılması ilə bağlı razılığa gəlindiyini diqqətə çatdırıb. Birgə sərhəd komissiyasının mandatına iki ölkə arasında sərhədlərin delimitasiyası, sərhəd xətti boyunca  və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi daxil idi.

Brüsseldə sülh danışıqlarının üçüncü mərhələsi mayın 22-də reallaşdı. Tərəflər razılığa gəliblər ki, sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutsun. Bu iclasda sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq. Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəliblər. Tərəflər Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılıq əldə ediblər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydalarını razılaşdırıblar və Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.

Avropa İttifaqı Şurasının Prezidentinin dəvəti ilə növbəti dəfə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Prezident İlham Əliyevin avqustun 31-də bu qurumun rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə sayca dördüncü görüşünü prosesin rəsmi Bakının irəli sürdüyü, qarşı tərəfin isə qəbul etdiyi prinsiplər üzərindən irəliyə doğru aparılması və intesivləşdirilməsi baxımından Azərbaycan diplomatiyasının növbəti uğuru kimi dəyərləndirmək olar.

Brüsseldəki danışıqlarda erməni tərəfinin müqavimət göstərməsinə və real nəticələrin əldə olunmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, dövlətimizin başçısı Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticə əldə edə bilib. Danışıqların əsasını Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması təşkil edib. Bu istiqamətdə aparılan danışıqlar isə Azərbaycan tərəfinin təklif etdiyi və beynəlxalq hüquq normalarına uyğun olan 5 prinsip təşkil edir. Beləliklə, bir ay müddətində Xarici İşlər Nazirliyi xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olunub. Görüşdə Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəlinib və xarici işlər nazirlərini mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimatlandırılıb. Bununla bərabər, tərəflər humanitar məsələlər, o cümlədən minalardan təmizlənmə, saxlanılanlar və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirə də aparılıb.

Yeni sənəddə Qarabağ mövzusu, həmçinin ATƏT-in Minsk qrupu yer almayıb. Minsk qrupu  formatının artıq tarixdə fəaliyyətsiz bir qurum kimi qalması, yəni mahiyyət etibarilə, Minsk qrupu formatının tamamilə sıradan və gündəmdən çıxdığı barədə reallıq növbəti dəfə öz təsdiqini tapıb, Qarabağ mövzusunun isə Azərbaycanın daxili işi olduğu istisnasız olaraq qəbul edilib. Hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Avropa İttifaqının vasitəçilik formatı var və bu format çərçivəsində həyata keçirilən proses Azərbaycanın irəli sürdüyü 5 təməl prinsip üzərindən inkişaf etdirilir.

Bütövlükdə, görüşdə müzakirə olunan bütün istiqamətlər, o cümlədən sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, minalanmış ərazilər, Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan vətəndaşları ilə əlaqədar məsələlərlə bağlı irəliləyişin əldə olunması, prosesin müsbət dinamika ilə inkişaf etdirildiyinin göstəricisi kimi dəyərləndirilə bilər.  Müzakirə mövzusu olan digər məsələlər, sərhəddə təhlükəsizliyin daha etibarlı təmini, o cümlədən mina və itkin düşmüş şəxslər kimi humanitar xarakterli problemlərin də gündəmə gətirilməsi isə Azərbaycanın bu məqamlarla  bağlı israrlı olduğunu və qətiyyətli mövqeyini  bir daha nümayiş etdirdi.

Yeri gəlmişkən, Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlə bağlı bəyanatında qeyd edilib ki, biz nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlərin müzakirəsində əldə olunmuş nəticələri nəzərdən keçirdik: “Bütün bu müzakirələrlə qeyd etmək istəyirəm ki, hər iki tərəfin əhalisini uzunmüddətli və davamlı sülhə hazırlamaq vacibdir. Bu istiqamətdə ictimai mesaj çox əhəmiyyətlidir – bu cür həssas situasiyada digər tərəf ictimaiyyətdə danışılan hər bir sözü həqiqətən eşidir və qiymətləndirir. Avropa İttifaqı uzunmüddətli və davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazırdır. Avropa İttifaqı hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək. Biz noyabrın sonunda yenidən bu formatda görüşməklə bağlı razılığa gəldik”.

Xüsusi qeyd olunmalıdır ki, Avropa İttifaqı və şəxsən Aİ Şurasının Prezidenti Şarl Mişelin bu prosesdə rolu Azərbaycanın, bütövlükdə bölgənin gələcəyinə təminat verən milli maraqlarına uyğundur və bu mənada Brüssel prosesinin davamında uğurlu yekun sülh sazişinə ümid etmək olar. Aİ rəhbərinin üzərinə böyük missiya götürməsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normalllaşmasına çalışması ölkəmiz tərəfindən yüksək qiymətləndirilir. Bununla bağlı   Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twiter” hesabındakı paylaşımında qeyd edib: “Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası normallaşmaya kömək etməsini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib”.

Qalib Azərbaycanın postmüharibə mərhələsində sülh prosesinə sadiq qalmasına rəğmən, məğlub Ermənistan  qeyri-sabit mövqe sərgiləyir. Ermənistan rəhbərliyi son otuz ildə olduğu kimi, 44 günlük müharibədən sonra da bütün təşəbbüslərə “bəli!” deyir və ertəsi günü tamamilə fərqli fikirlər səsləndirir. Ermənistan rəhbərləri unudurlar ki, həmin otuz ildə Azərbaycanın maraqlarını qulaqardına vurduqlarına görə ömrü boyu unuda bilməyəcəkləri cəzanı alıblar. Görək, Avropa İttifaqının maraqlarının təmin edilməsinə mane olandan sonra hansı cəzanı alacaqlar? Hər bir halda Ermənistan rəhbərləri üçün daha  yaxşı olar ki, vaxtı uzatmaq üçün yazdığı uğursuz ssenarilərdən birdəfəlik əl çəksinlər. Ermənistan da artıq yeni reallıqları anlamaq, həzm etmək məcburiyyətindədir. Çünki başqa çıxış yolu yoxdur. Ya, sülh müqaviləsi imzalamaqla özünü xilas etməli, ya da  ki…

“İki sahil”