“Dörd divar uşaqlar üçün “qızıl zindan” deməkdir”

629

Gənc valideynlərin uşağa düzgün və müasir qulluq qaydaları ilə bağlı maariflənmələrinə ehtiyac var. Həkim-pediatr Nərgiz Yusifovad bu fikirdədir. Onunla söhbətimizdə toxunduğumuz məqamlar yəqin ki, bir çoxları üçün maraqlı olacaq.
“Uşağa qulluq məsələlərində gənc valideynlər nələri bilməlidirlər? Bu, çox geniş mövzudur. Hər şeydən əvvəl uşaq hər gün çimizdirilməli, ev çox isti olmamalıdır. Bir çox valideynlər uşağın üstünü basdırırlar, deyirlər, qoy isti olsun. Soruşanda deyirlər ki, ana-nənələrimiz belə ediblər. Unudurlar ki, o vaxt ona görə belə ediblər ki, şərait yox idi. İndi hətta kəndlərimizdə belə normal sosial şərait var. Uşağa qulluq ananın vaxtını çox alır. Körpə sakit olanda ana özünü rahat hiss edir. Ona görə də müxtəlif vasitələrlə uşağın başını qatmağa çalışırlar. Bunun da ən dəbdə olanı elektronik cihazlardır. “Microsoft” şirkətinin qurucusu Bill Qeyts öz uşaqlarına telefonu və televizoru 18 yaşında tanıdıb. Bizdə isə telefonu və ya kompüteri uşağa verirlər ki, səsi çıxmasın, hərəkət eləməsin. Halbuki elektronik vasitələr, cihazlar uşağın sinirini pozur, inkişafına mane olur. Autizmin səbəbinin peyvənd olması barədə loru söhbətlər danışılır. Əslində bunun səbəbi kompüter oyunlarıdır, telefonların uşaqlara təsiridir. Hər bir valideyn bilməlidir ki, uşaq yatan otaqda qoşulu telefon və ya cihaz olmamalıdır. Uşaq ən azı 3 metr məsafədən güclü şüalanmaya məruz qalır. Bəzən həyətdə, restoranda, parkda valideynlər oturub söhbət edirlər, uşaqların əlində isə telefon və planşet – başları qarışıb. Bu, düzgün deyil. Şəhər həyat tərzi az hərəkətliliyə bir səbəbdir, addımdır. İnsanlar çox vaxt qapalı yerdə olurlar. Bəzən valideynlər deyirlər ki, uşaqlar nevrozdurlar, hiperaktivdirlər, məktəbdə sakit otura bilmirlər və s. Uşaq neyləsin? Bütün günü dörd divar – “qızıl zindan”. Böyüklər istəyəndə çıxıb gəzirlər, həyətə düşürlər, amma uşaqlar bunu edə bilmirlər. Mən valideynlərin çoxuna deyirəm, bayıra kim çıxdısa, uşağı qoşun ona, 5 dəqiqəlik də olsa evdən çıxsın və qayıtsın, havasını dəyişsin. Uşaq uzağa baxmalıdır, hərəkət etməlidir. Dörd divar arasında bunu necə eləsin?”,-deyə müsahibimiz qeyd etdi.
“Oğlan uşağı “qızbibi” böyüyür”
“Maarifləndirici işlər görülməlidir ki, valideynlər öz yollarını düzgün tutsunlar”,-deyə bildirən müsahibimizin sözlərinə görə, şəhərlə müqayisədə kənd yerində vəziyyət başqadır: “ Məsələn, həkim yoxdursa qonşu anaya deyir ki, bu belədir, filan cürə etmək lazımdır və s. Yeri gəlmişkən deyim ki, hər 2-3 ildən bir həyat tərzi də dəyişir, uşağa qulluq qaydaları da”.
“Hazırda uşaqlar daha çox hansı xəstəliklərdən əziyyət çəkirlər?” sualımıza müsahibimizin cavabı belə oldu: “İndiki dövrdə iltihabgətirici xəstəliklər çəkilib arxa plana, uşaq xəstəlikləri daha çox nevroza uyğundur. Ön plana isə uşağın qapalılığı, danışmamağı, mühitə adaptasiya oluna bilməməsi və sair aktualdır. Əsas səbəb uşağın 4 divar içində qapalı, ünsiyyətsiz olmasıdır. Cavanlar istəyirlər ki, ayrı yaşasınlar. Bəs nənənin, babanın nağılı hanı? Bəs nənə ilə, baba ilə danışıb oynamaq hanı? Cavanların vaxtı olmur, ata səhər gedir işə, axşam gəlir. Bəs oğlan uşaqlarının tərbiyəsi? Uşaq ata davranışından da, kişi davranışından da uzaqlaşır. Baba, nənə varsa, götürür uşağı, danışdırır, öz cavanlığından, həyatından danışır. Bu da tərbiyədir. Uşaq yıxılır, nənə qışqırır ki, uşaq ölür. Baba deyir ki, heç nə olan deyil, yıxılıb bir azdan keçəcək. Bəs bu gələcəyin formalaşmağı deyilmi? Mən nəyə görə belə həyəcanla danışıram? Qız uşaqları analarının yanında hər şeyi öyrənirlər – evdardırlar, tərbiyəlidirlər, hazırlıqlıdırlar. Ancaq oğlan uşaqları yox. Çünki anası, nənəsi evdədir, kişilər hamısı işdə. Ona görə də el arasında deyildiyi kimi – oğlan uşağı “qızbibi” böyüyür, davranışları oğlanlara uyğun olmur. Birinci növbədə uşağı bağçaya qoymaq lazımdır. Amma danışmayan uşağı bağçaya vermək olmaz. Bağçada bir hadisə olanda uşaq, heç olmasa, gəlib onu evdə danışa, izah edə bilməlidir. Gördün ki, uşağın iki yaşı var, amma danışmır, onu həkimə göstərməlisən. 3-4 yaşında artıq gec ola bilər. Müəyyən dərnəklər var ki, artıq 2 yaşından uşaqlarla məşğul olurlar. Orada uşağa müəllimlər, professionallar ünsiyyət qurmağı öyrədirlər”.
“Niyə biz hesab edirik ki, əgər uşaq təmizdirsə, toxdursa, onun problemi qurtarır?”
Müsahibimizin sözlərinə görə, valideyn uşağa nümunə olmalıdır: “Bir dəfə bir valideyn gəlib dedi ki, mənim uşağım iməkləmir. Ondan soruşdum ki, sən diz çöküb uşağa iməkləməyi öyrətmisənmi? Uşaq gözünü açıb iməkləmək görməyib, haradan bilsin ki, nədir? Bəli, uşağa nümunə göstərmək lazımdır”.
“Xəstəliklər indi həddindən artıq çoxalıb. Televizorda göstərirlər ki, dünya dağılır, baş kəsilir və s. Bu uşaqların psixologiyasına çox mənfi təsir göstərir. Bir uşaq gətirmişdilər yanıma – deyirdi ki, bəs biz hamımız öləcəyik, anam-atam da öləcək. Onu sorğu-sual etdim, həyəcan və qorxusunu müəyyənləşdirəndə məlum oldu ki, bunları televizorda görüb. Atası dəhşətə gəldi. Valideynlərindən soruşdum ki, siz uşağı qucağınıza götürüb maraqlanmısınızmı ki, ay bala, sənin dərdin nədir, nə problemin var. Atası dedi ki, mən işləyirəm, vaxtım yoxdur. Mən bir daha mövzunun əvvəlində verdiyiniz suala qayıdıram – analar bütün günü ev işlərilə məşğul olurlar, uşağa qulluq edirlər və s. Bilirsiniz, qulluqla məsələ tam həllini tapmır. İnsanı heyvanlardan fərqləndirən onun əqlidir, şüurudur, cəmiyyətdə yaşamasıdır. Niyə biz hesab edirik ki, əgər uşaq təmizdirsə, toxdursa, onun problemi qurtarır? Xeyr, bununla onun problemi qurtarmır, ananın işi təkcə uşağı yedizdirmək, təmizləməkdirsə, onda, psixoloji mənada uşaq özbaşına böyüyür. Bir daha vurğulayıram, uşaqla valideyn arasında ünsiyyət olmalıdır. Uşağın harayına ana qaçmalıdır, dayə yox. Bunlara əməl olunmayanda uşağın yeniyetmə yaşlarında mənfi psixoloji nəticələri üzə çıxır”.
“İki yaşdan sonra uşağa ana südünün verilməsi düzgün deyil”
Uşağımız kök olanda çoxumuz sevinirik. Düşünürük ki, balamız sağlamdır. Amma həmsöhbətimiz belə düşünmür: “Piylənmə xəstəlikdir. Bu, uşaqlarda çox ciddi problemdir. Çox vaxt uşaqlarda 1 yaşına qədər piylənmə diaqnozu qoyulmur. Son illər yaxşıdır ki, maarifləndirmə nəticəsində anaların bir çoxu süni qidalardan uzaqlaşır. İşləyən analar da çalışırlar ki, uşağa 2 yaşına qədər süd versinlər. Ana südündən faydalı uşaq qidası yoxdur. Ondan daha faydalı olan əvəzedici hələ tapılmayıb. Həm dərmandır, həm qida vasitəsi, həm də qoruyucu məlhəm. Hətta uşağın xarakterinin formalaşmasında da, ailənin müsbət genlərinin ötürülməsində və inkişaf etdirilməsində də ana südü çox gözəl vasitədir. Ana südü yeməyən uşaqla ana südü yeyən arasında çox böyük fərq var. Sağlam ana uşağına 2 yaşına qədər süd verməlidir. İki yaşdan sonra uşağa ana südünün verilməsi düzgün deyil. Çünki süd artıq keyfiyyətini itirir, ana haldan düşür və uşağın inkişafı yubanır, bədən inkişafdan qalır. İki yaşında uşağın öz orqanizmi qoruyucu funksiyasını formalaşdırmalıdır”.

Nicat İntiqam