Donumuz barədə

477
Kim nə deyir desin, don geyindirməkdə bizə çatan olmaz. Çünki biz elə şeylərə, elə hadisələrə elə donlar geyindiririk ki, onlar qeyri-millətlərin ağıllarına belə gəlməz. Odur ki, deyirəm, elə bu səbəbdən heç bir millət bizimlə bu sahədə yarışa girə bilməz.
Bu günlərdə işə gələrkən avtobusda bir hadisənin şahidi oldum. Sürücünin sərnişinlərə müraciətlə dediyi: “Dayanacaqda düşən olacaqmı?” sualı yanımda oturmuş bir nəfəri yerindən oynatdı. O: “Bu müraciəti ilə sürücü nə demək istəyir?” – deyərək sürücüyə yaxınlaşdı və dedi: “Bala, bu nə sualdır sərnişinlərə verirsən? Avtobusu dayanacaqda saxlamalısan da… Buna görə referendum-filan keçirməyə ehtiyac yoxdur axı… Bir də bunun üçün məgər avtobusdan düşənin olması şərtdir? Tutalım, heç düşən yoxdur. Məgər saxlamalı deyilsən? Bəlkə, sərnişinlərdən lal-kar olan var?”

Kişinin bu sözləri, deyəsən, sürücünün xoşuna gəlmədi. Odur ki, dedi:

– Ay kişi, mənim işimə, iş siyasətimə qarışma… Probkaya düşüb vaxt itirmişəm. Başqa çarəm yoxdur.

– Bala, bu ki sərnişinlərə qarşı hörmətsizlikdir… Probkaya düşüb düşməməyindən asılı olmayaraq, hər bir dayanacaqda saxlamaq sənin borcundur. Məgər bu barədə sənə dərs keçməyiblər?

Kişinin bu sözlərindən sonra sürücü hirsləndi və onu acıladı. Sərnişin telefonunu çıxarıb onun bu qeyri-etik davranışı ilə bağlı müvafiq orqana məlumat verəcəyini deyəndə sürücü birdən-birə yumşaldı:

– Əmi, vallah, o müraciətimdə elə bir qəbahət yoxdur. Mən, sadəcə, sərnişinlərimə daha yüksək səviyyədə xidmət göstərmək istəyirəm, odur ki, belə bir müraciət edirəm. Hərdən onlar səsimə səs verəndə elə bil dünyaları mənə bağışlayırlar. Düz on iki saat sükan arxasında oturmaq sizə heç də asan gəlməsin.

Növbəti dayanacaqda sürücü bu sözləri demədi.

… Biz bilərəkdən, yaxud da bilməyərəkdən etdiklərimizə don geyindirməklə bu yaxınlarda məşğul olmağa başlamamışıq. Bunun “tarixi” kökləri var. İstəyirəm ki, bu tarixi köklərdən biri ilə bu yazımı davam etdirim. (Onu da deyim  ki, bu məzəli əhvalatı sənətşünas Ziyadxan müəllim danışıb). Deyilənlərə görə, Lənkəran zonasında yerləşən rayonların birində ucaldılan Leninin abidəsinin başı sınır və onu düzəltmək mümkün olmayır. Yaxın günlərdə rayona Moskvadan qonaq gələcəyinə görə raykom katibi sınan başı yenisi ilə əvəzləməyə göstəriş verir. Bu məqsədlə bir qrup rayon sakini Bakıya heykəltəraş İsa Məmmədovun yanına gəlir. Heykəltəraş cənublu qonaqları emalatxanaya dəvət edir. Qonaqlar içəridə çoxlu sayda Leninin hazır başını görüb sevinirlər. Nə isə… Qonaqlar sövdələşib Leninin başı kepkalı başını alırlar. Rayona aparılan baş yerli memarın rəhbərliyi ilə abidəyə yapışdırılır.

Bir neçə gündən sonra moskvalı qonaqlar gəlirlər və bu münasibətlə abidənin önündə toplantı keçirilir. Heykələ çox diqqətlə baxan qonaqlardan biri üzünü raykom katibinə üzünü tutub deyir:

– Mən SSRİ-ni demək olar ki, başdan-başa gəzmişəm, amma heç yerdə iki kepkalı Lenin görməmişəm. Bunu haradan tapmısınız? Raykom katibi qonağın bu sözündən diksinən kimi olur və özü də dərhal əvvəllər o qədər diqqət yetirmədiyi heykələ baxır. Doğrudan da, kepkanın biri Leninn başında, digəri isə əlində idi… Pərtliyini gizlətməyə çalışan katib:

– Papaq bizdə qeyrət rəmzidir, elə papağın iki olması da Leninin qeyrətinin çoxluğundan xəbər verir, – deyir.

Onun bu “don”undan sonra sonra qonaq da, elə onu dövrələyənlər də doyunca gülürlər.

Bəli, don geyindirmək bizdə yeni bir şey deyil. (Bunun bəlkə də lap qədim tarixi var, amma mənim bildiyim budur). Bu səbəbdən bu ənənəni yaşatmağın nəyi pisdir ki? Qəribə burasıdır ki, indi belə don geyindirmələrə lap yuxarılarda da rast gəlmək mümkündür. Odur ki, deyirəm: camaat, belə “donlar”ı, yaxud “donlu”ları görəndə təəccüblənməyin…

Qvami Məhəbbətoğlu