Donetsk və Luqanskın azad olunması ilə bağlı plan təsdiqlənib

497
Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyası Donetsk və Luqansk şəhərlərinin azad edilməsinə dair Prezident tərəfindən təsdiqlənmiş plana malikdir.
Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini, general Mixail Koval yerli “5-ci kanal”a açıqlamasında deyib. O bildirib ki, dövlət başçısı Donbass bölgəsinin tamamilə silahlılardan azad edilməsi barədə planı dəstəkləyib: “Ali Baş Komandan Petro Poroşenko torpaqlarımızın azad edilməsinin bütün mərhələlərini ehtiva edən planı təsdiqləyib”.

M. Koval onu da qeyd edib ki, Rusiya Ukrayna ilə sərhəddə taktiki tabor qrupları cəmləşdirib və onlara Ukrayna ərazisindəki terrorçu qrupların Rusiya ərazisinə daxil olmasının qarşısını almaq tapşırığı verilib.

Qeyd edək ki, Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi Ukrayna güc strukturları tərəfindən nəzarətə götürülüb. Lakin vilayət mərkəzləri – Donetsk və Luqansk şəhərləri hələlik separatçı-terrorçu qruplaşmaların əlindədir.

 

Rusiya Ukrayna ilə sərhəddə

qoşunların sayını artırır

Ukraynada hökümət qoşunları Slavyanskı ələ keçirdikdən sonra Ukrayna Daxili İşlər Nazirliyi şəhərin yenidən qurulmasını öz üzərinə götürüb. Yerli sakinlər üsyançıların idarəçiliyi dönəmlərində dinc əhaliyə qarşı pis davranıldığını deyirlər.

Daxili işlər naziri Arsen Avakov Slavyanskda vəziyyətin dəyişdiyini, şəhərin yenidən həyata qayıtdığını və bu dəyişkənliyi bir-iki günə hamının hiss edəcəyini deyib.

Ukraynalı rəsmilər isə Rusiyanın Ukrayna sərhədi boyunca qoşunların sayını artırdığını xəbər verir. Dövlət Sərhəd Xidmətinin rəis müavini Pavel Şişolin bildirib ki, Rusiya Federasiyası tərəfdən sərhəddə hərbi vasitələr gətirilməyə davam edir: “Bura tanklar, zirehli şəxsi heyət daşıyıcıları və digər zirehli texnika daxil olur. Bu kimi faktlar hər gün qeydə alınır.”

 

Antiterror mərkəzinin

rəhbəri vəzifəsindən çıxarılıb

Ukrayna Prezidenti Pyotr Poroşenko Ukrayna Təhlükəsizlik Xidməti yanında Antiterror mərkəzinin rəhbəri vəzifəsindən azad edib. Bununla bağlı müvafiq sərəncam dövlət başçısının saytında dərc edilib.

“Krutov Vasili Vasilyeviç Ukrayna Təhlükəsizlik Xidməti yanında Antiterror mərkəzinin rəhbəri vəzifəsindən azad edilsin”, – sənəddə deyilir. Poroşenkonun digər sərəncamı ilə Ukrayna Təhlükəsizlik Xidməti sədrinin birinci müavini Vasili Qritsak  Antiterror mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Vasili Krutov 2014-cü ilin aprelindən Ukraynanın şərqində keçirilən xüsusi operativ əməliyyat qərargahına rəhbərlik edirdi.