Donetsk döyüşləri davam edir

497
Ukrayna tərəfi Donetsk hava limanının tam nəzarətə götürüldüyü haqda separatçıların bəyanatlarını növbəti dəfə təkzib edib. 
Antiterror Əməliyyatının (ATO) mətbuat xidmətinin rəhbəri Roman Turovets şiddətli və arasıkəsilməz hücumlara məruz qalan aeroportdakı Ukrayna kontingentinə lazımi atəş dəstəyinin verildiyini bildirib: “Orada indi döyüş gedir. Hücum səhər saat 8-də başlayıb. Vəziyyət kifayət qədər mürəkkəbdir, lakin nəzarət olunandır. Döyüşçülərimiz güclü atəş dəstəyi alır və bunun sayəsində davam gətirir”. Antiterror əməliyyatı qərargahının başqa açıqlamasına əsasən son sutka ərzində Donbassda gedən döyüşlərdə 6 Ukrayna əsgəri həlak olub, 18-i yaralanıb. ABŞ-ın Ukraynadakı səfiri Ceffri Paett bəyan edib ki, separatçıların Donetsk hava limanına hücumları Minsk razılaşmalarının pozulmasıdır: “Rusiya tərəfindən dəstəklənən separatçıların hücumları onların Minsk razılaşmalarını pozmasına dair sonuncu nümunədir”.

Qeyd edək ki, Prokofyev adına Donetsk hava limanı şiddətli döyüşlər və bombardmanlar nəticəsində tam xarabazara çevrilib. Köhnə terminalın xarabalıqları separatçıların, yeni terminal isə Ukrayna ordusunun nəzarətindədir. Hazırda yeni terminalın xarabalıqlarında döyüşlər gedir.

Donbas regionuna əlavə

qoşun göndəriləcək

Ukrayna hökuməti ölkənin şərqinə əlavə qoşun göndərəcək. Bunu Ukrayna Prezidenti Pyotr Poroşenko bəyan edib. Onun sözlərinə görə, Donbas regionunda yerləşən qoşunların qruplaşması yenidən aparılacaq. “Bütün bunlar ona görə edilir ki, biz atəşkəsin zəiflik əlaməti deyil, güc olduğunu göstərək. Kimsə atəşkəsi pozmaq istəsə, bunu həyatı hesabına ödəcəyək”, – deyə o vurğulayıb. Ukrayna Prezidenti həmçinin qeyd edib ki, son aylarda ordu xeyli güclənib.

Ukrayna Prezidenti Pyotr Poroşenko deputatların və məhkəmə hakimlərinin toxunulmazlığının ləğv olunmasını təklif edib. Bu barədə o, parlament fraksiyalarının rəhbərləri ilə görüşündə deyib: “Mən təşəbbüs göstərərək deputat toxunulmazlığının tam ləğvi barədə qanun layihəsi hazırlamışam. Bu, çoxlarımızın seçki kampaniyası zamanı vədlərindən biri idi. Prezident və Konstitusiyanın təminatçısı olaraq mən demokratiyanın qorunmasına təminat verirəm. Hakimiyyətdə və ya müxalifətdə olmasından asılı olmayaraq, bizdə heç kim siyasi motivlərlə təqib edilməyəcək”. P. Poroşenko deputatlarla birlikdə hakimlərin də toxunulmazlıq hüququnun məhdudlaşdırılmasını təklif edib.