Dondurulmuş münaqişə ssenarisi işə salınır

515
Fevralın 12-də Minskdə “Normand dördlüyü” ( Almaniya, Fransa, Ukrayna, Rusiya) arasında Ukraynanın cənub-şərqində münaqişənin dayandırılması ilə bağlı əldə edilən sazişdən sonra da Ukrayna ərazi itkisinə məruz qalıb. 
Belə ki, Rusiyadan hərbi dəstək alan separatçı qüvvələrin Debaltsovoda həyata keçirdiyi hərbi əməliyyatlar bölgədə yeni siyasi vəziyyətin əmələ gəlməsinə səbəb olub. Bu müstəvidə də bir neçə gün bundan əvvəl mühüm strateji məntəqə hesab edilən Debaltsovonun rusyönümlü qüvvələr tərəfindən ələ keçirilməsindən sonra Ukrayna vəziyyətdən çıxış yolu axtarmağa başlayıb. Ötən gün Ukrayna Prezidenti Pyotr Poroşenko münaqişə zonasına beynəlxalq sülhməramlı güclərin yeridilməsi təşəbbüsü ilə çıxış edib. Onun bu təklifi Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən də bəyənilib. Bununla bağlı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili şəkildə keçirilən son iclasında münaqişə zonasına beynəlxalq sülhməramlı kontingentin yeridilməsi ilə bağlı qərar qəbul edilib. Bu qərar əsasında da Ukrayna BMT və Avropa Birliyinə rəsmi şəkildə müvafiq müraciət edib. Məsələ ilə bağlı açıqlama verən Ukrayna xarici işlər naziri Pavel Klimkin: “Biz sülməramlı missiyanın yalnız Avropa ölkələrindən təşkil edilməsini istəyirik. Rusiya münaqişədə tərəf olduğu üçün o, sülhməramlı missiya rolunda çıxış edə bilməz”,-deyib. Poroşenko geri addım atmağa məcbur oldu

Xatırladaq ki, Debaltsovoda baş verən son hadisələrə, daha dəqiq desək, məğlubiyyətə kimi, Ukrayna rəhbərliyi münaqişə zonasına hər hansı xarici sülhməramlı qüvvələrin göndərilməsinin əleyhinə idi və bunu qəbul etmirdi. Məsələ ilə bağlı Münhendə keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında jurnalistlərin suallarına verdiyi cavabında Pyotr Poroşenko demişdi: “Münaqişə zonasına sülhməramlı güclərin göndərilməsi üçün BMT Təhlükəsizlik Şurası tərəfindən müvafiq qərar qəbul edilməlidir. Bunun üçünsə ən azı yarım il vaxt lazım gələcək. Həmin müddətə kimi Ukrayna xalqı təcavüzkar tərəfindən məhv ediləcək”.

Bununla belə, Debaltsovo məğlubiyyətindən sonra Poroşenkonun münaqişə zonasına beynəlxalq sülhməramlı güclərin göndərilməsi barədə təşəbbüslə çıxış etməsi və rəsmi şəkildə BMT və Avropa Birliyinə müraciəti regionda siyasi və hərbi vəziyyətin Rusiyanın xeyrinə dəyişməsinin təsdiqi kimi qəbul edilə bilər. Müraciətdə diqqəti cəlb edən bir mühüm amil də beynəlxalq sülhməramlı güclərin yalnız münaqişə zonasında deyil, həm də Rusiya-Ukrayna sərhədləri boyunca yerləşdirilməsi ilə bağlıdır. Yuxarıda qeyd etdiyimiz kimi, müraciətdə irəli sürülən önəmli şərtlərdən biri də Rusiyanın bu prosesdə iştirak etməməsi ilə bağlıdır. Öz növbəsində, Ukraynanın Radikal Partiyasının sədri Oleq Lyaşko bildirib ki, beynəlxalq sülhməramlı güclər Ukraynaya separatçı və terrorçu rusiyayönümlü güclərə silah və hərbi texnka verilməsinin qarşısının alınması üçün lazımdır.

Əslində münaqişə zonasına beynəlxalq sülhməramlı güclərin göndərilməsi barədə təşəbbüslə çıxış etməsi MDB məkanında Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və qondarma Dnestryanı kimi daha bir dondurulmuş münaqişə ocağının yaradılması demək olacaq.  Faktiki olaraq, məsələnin bu cür qoyuluşu hazırda Qərbin iqtisadi sanksiyaları altında inləyən Rusiya üçün də göydəndüşmə hesab edilə bilər. İş orasındadır ki, Rusiyanın postsovet məkanı ölkələrində dondurulmuş münaqişələrlə bağlı böyük bir təcrübəsi var. Bu təcrübədən istifadə etməklə Rusiya postsovet məkanı ölkələrini özünün hərbi və siyasi təsiri altında saxlamağa cəhd edir. Hər halda, belə demək mümkünsə, Rusiya dondurulmuş münaqişələr vasitəsi ilə gələcəkdə imperiyanı yenidən bərpa etmək imkanlarını əldə saxlamaqdadır. Yenə də qeyd edək ki, faktiki olaraq postsovet məkanı ölkələrindəki heç bir dondurulmuş münaqişəni Rusiyanın iştirakı olmadan həll etmək, aradan qaldırmaq mümkün deyil. Tanınmış politoloq, ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Zbiqnev Bjezinskinin də dediyi kimi, dondurulmuş münaqişə ocaqları faktiki olaraq imperiyanın qalıqlarıdır və onlar Avropa üçün təhlükə mənbəyidir.

 Rusiya sülhməramlı güclərin münaqişə zonasında yerləşdirilməsinə razı olacaqmı?

Ukraynanın münaqişə zonasında beynəlxalq sülhməramlı güclərin yerləşdirilməsi barədə BMT və Avropa Birliyi qarşısında təşəbbüslə çıxış etməsi Rusiyada birmənalı qarşılanmayıb. Bu müstəvidə də Poroşenkonun son təklifinə ilk reaksiya Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç tərəfindən gəlib. Lukaşeviç: “Münaqişə zonasına beynəlxalq sülhməramlı güclərin yerləşdirilməsi ilə bağlı detallar bizə məlum deyil. Həmçinin beynəlxalq sülhməramlı güclərin hansı mandat altında bölgəyə yeridiləcəyi və hansı ölkələrdən təşkil olunacağını da bilmirik”,-deyib.

Rusiyanın BMT-dəki xüsusi səlahiyyətli nümayəndəsi Vitali Çurkin isə Ukraynanın son təşəbbüsünü anlamaqda çətinlik çəkdiyini vurğulayıb. O deyib ki, “Normand dördlüyü” arasında Minskdə əldə edilən razılıqda sülhməramlı güclərin münaqişə zonasına yeridilməsi ilə bağlı heç nə deyilməyib. Çurkin: “Minsk anlaşmasının şərtləri yerinə yetirilmədən hansısa beynəlxalq sülhməramlı güclərin münaqişə zonasına göndərilməsi barədə qaldırılan məsələ geriyə doğru atılan addımdır. Belə başa düşmək olar ki, bununla da Minsk anlaşmasını iflasa uğratmaq istəyirlər”,-deyib.

Rusiyanın tanınmış ekspertlərinin də münaqişə zonasına beynəlxalq sülhməramlı güclərin göndərilməsi ilə bağlı mövqeləri birmənalı deyil. Məsələn, Rusiyanın Anatoli Sobçak Fondunun eksperti Sergey Stankeviç münaqişə zonasına beynəlxalq sülhməramlı güclərin göndərilməsinin ən azından qan tökülməsinin qarşısının alınması və əhalinin təhlükəsizliyinin təmini baxımından önəmli hesab etdiyini bəyan edib. Amma o, beynəlxalq sülhməramlı güclərin mandatı barədə razılığa gəlinməsinin heç də asan olmayacağı qənaətindədir. Sergey Stankeviç: “BMT mandatı altında münaqişə zonasına beynəlxalq sülhməramlı güclərin göndərilməsi Donbasda müharibəyə son qoya bilər. Bununla bağlı “Normand dördlüyü” Minskdə paket sazişi imzalamaq istəyirdi. Lakin Poroşenko bunun əleyhinə çıxdı. Avropa Birliyi isə Ukraynanı buna məcbur etmək gücündə deyildi. Debaltsovoda məğlubiyyətə uğramasından sonra Poroşenko fikrini dəyişməyə məcbur oldu. İndi də Poroşenko bölgəyə beynəlxalq sülhməramlı güclərin yeridilməsini təklif edir. Qarşı tərəfin – Rusiyanın buna razılıq verməsi isə bu məsələdə ölkənin maraqlarının maksimum nəzərə alınmasından asılı olacaq”,-deyib.

Rusiyanın Beynəlxalq Məsələlər Şurasının baş direktoru Andrey Kortunov isə belə hesab edir ki, əsas məsələ sülhməramlı güclərin BMT, Avropa Birliyi və ya ATƏT mandatı altında münaqişə zonasına göndəriləcəyi ilə bağlıdır: “Bundan əlavə, sülhməramlı güclərin hansı ərazilər boyunca yerləşdirilməsi də Rusiya üçün önəm daşıyacaq. Əgər bu güclər Rusiya-Ukrayna sərhədi boyunca yerləşdirilərsə, onda Rusiya buna razılıq verməyəcək”.

Ukraynanın cənub-şərqini faktiki olaraq Kiyevin nəzarəti altından çıxarmağa nail olan Rusiya isə çətin ki onu qane etməyən sülhməramlı missiyanın bölgəyə göndərilməsi ilə bağlı məsələyə razılıq versin. Belə bir vəziyyətdə isə sülhməramlı güclərin mandatı və onun bölgəyə göndərilməsi ilə bağlı Poroşenkonun təşəbbüsünün reallaşması heç də asan olmayacaq. Eyni zamanda münaqişənin həlli ilə bağlı ortada acı bir həqiqət də var: Belə ki, faktiki olaraq “Normand dördlüyü” arasında Minskdə əldə edilən son razılıq postsovet məkanında daha bir dondurulmuş münaqişə ocağının ortaya çıxması anlamına gəlir. Bu isə Avropa üçün daha bir təhlükə ocağının yaradılması deməkdir.

Əziz Mustafa