“Donbasda silahlı qruplaşmalara qarşı mübarizə davam etdiriləcək”

Donetsk və Luqansk vilayətlərinin müəyyən rayonlarına xüsusi status verilməsi haqqında qanunun qəbulu antiterror əməliyyatlarının dayanması demək deyil.
Bunu Ukrayna Prezidentinin müşaviri, “Batkivşina” fraksiyasından olan deputat Nikolay Tomenko deyib.

Onun sözlərinə görə, Donbas bölgəsində silahlı qruplaşmalara qarşı mübarizə davam etdiriləcək.

Bu ərazilərin üçillik statusu haqqında danışan N. Tomenko qeyd edib ki, bu, maksimal müddətdir: “Vəziyyətin dəyişəcəyi halda statusun müddəti Ali Rada tərəfindən dayandırıla bilər. Həm də bunu demək vacibdir ki, Ukraynada prezident seçkiləri zamanı seçicilər Pyotr Poroşenkonun sülh planına səs verdilər, üçillik müharibə planına yox. Bu qanunun qəbulu o demək deyil ki, biz antiterror əməliyyatını və Ukrayna silahlı qüvvələrinin inkişafını dayandırırıq. Silahlı qüvvələrimizin bu gün yeni növ silahlara, hazırlığa və müasir orduya çevrilməsinə ehtiyac var”, – deyə prezident müşaviri əlavə edib.

 

“Ukrayna da Rusiyaya eyni münasibəti göstərəcək”

Rusiya Ukraynaya ticari məhdudiyyətlər tətbiq edəcəyi halda, Ukrayna da Rusiyaya eyni münasibəti göstərəcək. Bu barədə Ukraynanın Baş naziri Arseni Yatsenyuk  Nazirlər Kabinetinin iclasında deyib. O bildirib ki, Ukrayna Rusiyanın ticari məhdudiyyətlərinə hazır olmalıdır: “Mən rəsmi şəkildə demək istəyirəm ki, Ukrayna tezliklə Rusiyanın ticari sanksiyaları ilə üzləşəcək. Biz də elə həmin gün dərhal bu məhdudiyyətlərə qarşı lazımi ölçülər götürəcək və qarşılıq verəcəyik”.

Bu arada isə bir qrup ukraynalı deputat Rusiya Dövlət Dumasının sessiyasına qatılıb.

“Ukrayna Ali Radasının “Sülh və sabitlik” parlament qrupunun üzvü olan 24 millət vəkili Ukraynanın demokratik gələcəyi və maraqları naminə öz həyatlarını riskə ataraq belə bir ağır vəziyyətdə bizim sessiyamızda iştirak ediblər”-, deyə Dövlət Dumasının MDB və soydaşlarla iş üzrə komitəsinin sədri Leonid Slutski bildirib.

Dövlət Dumasının sədri Sergey Narışkinin Ukrayna nümayəndə heyəti ilə görüşüb və onlarla iki ölkə arasında yaranmış son vəziiyəti müzakirə edib.

“Sanksiyalar Ukrayna böhranını həll etməyəcək”

Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi Ukraynada daxili böhranın tənzimlənməsinə kömək etməyəcək, əksinə, böhranın dərinləşməsinə gətirib çıxaracaq”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib. O bildirib ki, Rusiyaya qarşı sanksiyalar yolu ilə təzyiq Ukraynadakı qarşıdurmanın dərinləşməsinə, dialoqun çətinləşməsinə gətirib çıxaracaq: “Avropa Birliyinin bizim ölkəyə qarşı sentyabrın 12-də qüvvəyə minən yeni sanksiya paketinə Brüsselin Ukraynadakı böhranın tənzimlənməsi ilə bağlı təmas qrupunun Minsk görüşünün nəticələrinə reallıqları nəzərə almayan cavabı kimi baxırıq. Avropa Birliyinin bu addımı Kiyevdəki “müharibə partiyası”na birbaşa dəstək barədə siqnal göndərir, hansılar ki, Minsk protokolunun həyata keçirilməsində maraqlı deyillər”.

Rusiyaya qarşı sanksiyalar barədə danışan Sergey Lavrov onu da əlavə edib ki, Rusiya Federasiyası ölkənin qanuni milli maraqlarının, o cümlədən milli təhlükəsizlik maraqlarının qorunması üçün tədbirlər görülməsi haqqını özündə saxlayır: “Bununla yanaşı, ümid edirik ki, tərəfdaşlarımızın yanaşmalarında praqmatizm və sağlam düşüncə sonda qalib gələcək”.