Dolqan türkləri

Rusiyanın ən ucqarlarında, Taymır muxtar dairəsində (Krasnoyarsk ölkəsi), həmçinin Yakutiyada yaşayan və hazırda obyektiv və subyektiv səbəblər üzündən tarixin səhifəsindən yox olub getmək təhlükəsi ilə üz-üzə qalan türk xalqlarından biri də Dolqan türkləridirlər. Dolqan türkləri eyni zamanda tarixçilər tərəfindən tıa-kixi və saxa adı altında tanınırlar.
Dolqan türklərinin tarixi

Dolqanlarla bağlı tarixi mənbələrdə ilk məlumata XIX əsrin sonu-XX əsrin əvvəllərində nəşr edilən Brokqauz və Efronun ensiklopediya lüğətində rast gəlinir. Lüğətdə deyilir: “…Yakutların bir hissəsi Yenisey quberniyasına və Turuxan mahalına köç edərək buradakı dolqanların bir hissəsini assimilyasiya etdi”.

V. V Uşnitski isə “XVII əsrdə Yakutiya soyları, etnik formalaşma və mənsubiyyət” ( Tunqusskie rodı Yakutii XVII v: Voprosı prosixojdeniya i etniçeskiy prinadlejnosti) adlı tədqiqat əsərində yazır ki,  dolqanlar müstəqil xalqdırlar və onların etnik baxımdan formalaşmasında, həmçinin folklorunda qonşu xalqların, tunqusların və yakutların təsiri aydın hiss edilir: “Dolqanların knyazı Dıqınçi olub. Bu şəxs həm də tarixi şəxsiyyətdir. Dıqınçinin adı həmçinin yukaqirlərin (  Sibirdə xalq) knyazı kimi çəkilir. Onun adı şimal yakutlarının folklorunda Darinçu adı altında çəkilir. Onun oğlu Yunkeebil Olenke ətrafında yaşayan real şəxsiyyət olub”

Bütün bunlar isə Dolqan türklərinin azsaylı türk xalqlarından biri olduğunu sübut etməkdədir.

Dilləri

Dolqan dili türk dillərinin Yakut altqrupuna aid edilir. Lakin bəzi dilçi alimlər Dolqan dilini Yakut dilinin dialektlərindən biri hesab edirlər. Dolqanlar isə özlərini müstəqil xalq, dillərini də müstəqil dil hesab edirlər. Qeyd etdiyimiz kimi Dolqan türklərinin müstəqil xalq kimi formalaşması 18-ci əsrin sonlarında başladı və 19-cu əsrin birinci yarısında başa çatdı. Dolqanların etnik cəhətdən xalq kimi formalaşmasında, onların etnegenezisində yakutlar, yakutlaşmış evenklər, nqanasanlar və çox az sayda ruslar iştirak ediblər. Bu qruplar öz aralarında o dövrdə tundrada yaşayan xalqlar arasında geniş yayılan yakut dilindən istifadə etməklə əlaqə saxlayırdılar. Bu amil öz növbəsində Dolqan dilinin formalaşmasına da güclü təsir göstərib. Qeyd edək ki, Rusiyanın işğalçılıq siyasəti nəticəsində 17-18-ci əsrlərdə Yakut türklərinin şimala köçünün ilk dalğası başlamışdı. Onlar öz növbəsində şimalda yaşayan qohum xalqlar, o cümlədən Dolqan, Evenk, Nqanasan və digərləri ilə qaynayıb qarışır və onların dilinin formalaşmasına öz töhfələrini verirdilər.

Digər tərəfdən də bu xalqlar adət-ənənələrinə, yaşayış tərzlərinə, etnik köklərinə görə çox yaxın idilər və üstəlik eyni coğrafi ərazidə yaşamaq onları bir-birlərinə daha sıx bağlayan həlledici amilə çevrilmişdi. Belə bir vəziyyətdə tundra xalqları arasında sayca daha çox olan Yakutların dillərinin bölgədəki digər qohum dillərə təsir göstərməsi təbii idi. Bu baxımdan bir neçə qohum etnosdan formalaşan Dolqan türklərinin dilinə də yakut dili öz təsirini göstərib. Ona görə də Dolqan dili qrammatik baxımdan yakut dilinin əsas funksiyalarını özündə əks etdirir, lakin  bu dil özündə onun (Dolqan dilinin) formalaşmasında iştirak edən digər etnoslara məxsus dillərin də elementlərini qoruyub saxlayıb. Bu amil Dolqan dilinin leksikasında daha güclü iz buraxıb. Yeri gəlmişkən qeyd edək ki, Dolqan (dulqaan) adı dolqanların etnik cəhətdən formalaşmasında iştirak edən Evenk soylarından birinin adıdır. Yaşadıqları ərazidən asılı olaraq Dolqan türklərinin bir hissəsi özlərini dolqan ( Xatanq bölgəsi), haka ( Yakutiya) həmçinin tıa kihite, tıalar ( Tundra adamı) adlandırırlar. Türk dilində Tia (tau, tuu, too, dağ) tundra formasına düşüb.

Dolqan dilinin müstqil dil olması barədə məsələ ilk dəfə 1940-cı ildə gündəmə gəldi. O vaxt E. İ. Ubryatov Norilsk dolqanlarının dili adlı dissertasiya müdafiə etdi və o, öz elmi işində bu dilin müstəqil dil olmasını sübut edən faktlar gətirdi. Sonrakı dövrdə Ubryatovun  dedikləri digər dilçilər tərəfindən öz təsdiqini tapdı. Əlbəttə dilin ayrı dil olmasını sübut edən digər kriteriyalar (yazı dili-əlifba, yayıldığı ərazi və ondan geniş istifadə edilməsi) da mövcuddur. Dolqan dilinin əlifbası 1978-ci ildə kiril əlifbası əsasında yaradılıb. Hazırda ibtidai siniflərdə  dolqan dili ana dili kimi tədris edilir. Bundan əlavə Gertsen adına Dövlət Universitertində Dolqan dili müəllimləri hazırlanır.

 

Məşğuliyyətləri

Dolqan türkləri əsasən maralçılıqla, ovçuluqla və balıqçılıqla məşğul olublar. Əsas yeməkləri maral əti, balıqdır. Vəhşi quş ətini yeməyi də çox sevirlər. Bundan əlavə tundrada yabanı halda bəzi yeməli otlardan da istifadə edirlər.

 

Folklor

Dolqan türklərinin folkloru Yakut türklərinin folklarına çox oxşayır və onlardan çox şey götürüblər. Rəqslərində evenklerin təsiri aydın hiss edilir. Bundan əlavə Dılqan qadınları arasında kustar şəkildə toxuculuq inkişaf edib. Qışda maral və şimalda yaşayan digər heyvanların dərilərindən hazırlanmış isti kürklərdən, yayda isə nisbətən nazik geyimlərdən istifadə edirlər.

 

Assimiyasiya prosesi və ayları

Rus işğalına qədər dolqan türkləri şamanizmə sitayiş edirdilər. Ancaq dolqan türkləri arasına gələn keşişlər onları xristianlaşdırdılar. Nəticədə xristian dinini qəbul etməyə məcbur edilən Dolqan türkləri xrisitan ad-soyadları (Kudryakov, Çuprin, Jarkov) daşımağa başladılar.

1959,1970,1979,1989 və 2002-ci illərdə keçirilən siyahıyaalma zamanı Dolqan türklərinin sayı müvafiq olaraq 3932, 4877,5053, 6929, 7000, 7300 nəfər olub. 1979-cu ildə keçirilən siyahıyalma zamanı Dolqan türklərinin 90 faizi dolqan dilini ana dilləri hesab etdiklərini bildirmişlər. Lakin rus dili rəsmi yazışma dili kimi işlədildiyindən Dolqan türklərinin böyük əksəriyyəti  adı çəkilən dildə sərbəst danışırlar. Dolqan türklərinin bir hissəsi Yakut dilində kitab jurnal oxuyur və yazırlar.

2002-ci ildə Rusiyada keçirilən siyahıyaalma zamanı Taymır muxtar dairəsində 5,5 min, Yakutiyada isə 1,3 min nəfər (cəmisi 7,3 min nəfər) Dolqan türkünün yaşadığı məlum olub. Lakin ruslar tərəfindən həyata keçirilən assimilyasiya prosesi nəticəsində Dolqan türklərinin sayının da sürətlə azalmasi ilə müşahidə olunmaqdadır. Bu isə Dolqan türklərini tarixin siyasi səhnəsindən yox olmağa, yeni milli faciələrə aparır…

Əziz Mustafa