“Dollarla kredit götürənlərə heç bir güzəşt olmadı”

498

 
Məlum olduğu kimi, sonuncu devalvasiyadan sonra banklardan dollarla kredit götürənlərin vəziyyəti çətinləşib. Çünki manatın dollarla müqayisədə ucuzlaşması banklardan dollarla kredit götürənlərin aylıq ödənişlərinin məbləği ilə yanaşı, manatla ifadədə kreditlərin ümumi həcmini də artırıb. Devalvasiyanın ilk vaxtlarında dollarla götürdükləri krediti ödəməkdə çətinlik çəkən vətəndaşlara köməklik, güzəştlər ediləcəyi ilə bağlı müəyyən məlumatlar yayılmışdı. Ancaq üstündən xeyli vaxt keçməsinə baxmayaraq, bir çox vətəndaşlar onlara heç bir köməkliyin olunmamasından şikayətlənirlər. Bəs, görəsən, dollarla kredit götürənlərə niyə kömək, hər hansı bir güzəşt olunmadı?

“Bizə heç bir kömək, güzəşt olunmayıb”
Dollarla götürdüyü krediti ödəyə bilməyənlərdən, hazırda maddi baxımdan çox çətin günlər yaşayan Kərim Novruzov qəzetimizə müsahibəsində bildirdi ki, bizə bu barədə heç bir köməklik göstərilməyib: “Prezident Aparatına qədər hər yerə müraciət etmişik. Ancaq heç kim bizə kömək etmir. Artıq məhkəməyə də müraciət etmişik. Bank bizi aldadıb, pulu manatla aldığımıza dair sənədə qol çəkmişik. Manatla bizə cədvəl də verilib. Yəni müqaviləmiz manatla olub. Bir ay yarımdan sonra qol çəkəndə gördük ki, məbləğ dollarladır. Manatla danışılıb, dollara qol çəkdiriblər. İndi də bizə heç bir kömək, güzəşt edilməyib. Bank deyir, dövlət etməlidir; dövlət deyir, bank etməlidir. Keçən il bankdan 82 min dollar götürmüşəm. 20 min manatın qaytarmışam, indi 160 min manat borcum qalıb. Bilirəm ki, məhkəmə də bizə heç bir xeyir etməyəcək, sadəcə, prosesi uzadacaq”.

“Ayrı-ayrı kommersiya bankları, təbii ki, öz müştəriləri ilə razılaşa bilər, kursla bağlı güzəştə gedə bilərlər”
Mövzu ilə bağlı iqtisadçı Nazim Məmmədov bildirdi ki, dollarla kredit götürənlərə güzəşt olunmasının tərəfdarı deyil: “Çünki bu, birinci növbədə, bank qanunvericiliyinə ziddir. Bankların özü vasitəsilə güzəşt oluna bilər. Ancaq dövlət büdcəsi hesabına, vergi ödəyicilərinin vəsaiti hesabına hər hansı bir sosial qrupun nümayəndəsinin götürdüyü kreditə güzəşt edilməsinin doğru addım olmadığını düşünürəm. Bu, iqtisadiyyata da ziddir. Buna görə də mən bunun tərəfdarı deyiləm. Ayrı-ayrı kommersiya bankları, təbii ki, öz müştəriləri ilə razılaşa bilər, kursla bağlı güzəştə gedə bilərlər. Belə güzəştlər etmək olar. Amma onu da qeyd edim ki, əgər belə bir addım atılarsa, yaxşı olardı ki, Mərkəzi Bank hökumətlə birgə hərəkət etsin. Çünki dollarla kredit götürənlər və ya digərləri Mərkəzi Bankın və hökumətin rəsmilərinin çıxışları əsasında bu addımları atır. Dolların kursu valyuta bazarında müəyyən olunmadığına görə, banklararası birjada müəyyən olunmadığına görə birinci devalvasiyadan sonra onu fors-major hadisə hesab etmək olar. Fors-major hadisə olduğu zaman da öhdəliklər tam yerinə yetirilməyə bilər. Bu haqda müqavilədə də qeyd olunur. Vətəndaşlarımız da bu müqavilədən irəli gələn addımları məhkəmə yolu ilə tələb edə bilər və banklara əvvəlki kursla ödəniş edə bilərlər. Bunun hüquqi yolu budur. Ancaq bu zaman da, banklar ziyana düşmüş olacaqlar. Bunun qarşısını almağın yeganə yolu isə banklara ucuz resursların verilməsidir. Bu zaman ola bilsin ki, Mərkəzi Bankın rezervlərinə və yaxud Neft Fondunun xaricdə saxlanılan vəsaitləri hesabına kreditləri aşağı faizə keçirmək olar”.

“Kredit öhdəliklərinin mənim,
sizin hesabınıza edilməsi doğru deyil”
İqtisadçı N. Məmmədov onu da əlavə etdi ki, 15, 20 faiz, hətta 30 faiz istehlak kreditləri alan vətəndaşlar var. Ancaq dolların kursu dəyişdikdən sonra bu işdə vətəndaşların günahı olmadığı üçün kredit faizlərinin ucuzlaşdırılması üçün dövlət vəsaitindən istifadə oluna bilər: “Buna bir vətəndaş, bir iqtisadçı kimi mən də razı olaram. Ancaq kiminsə borcunun bağışlanmasının tərəfdarı deyiləm. Yəni, yenə deyirəm, dövlət büdcəsi hesabına hər hansı bir sosial qrupun aldığı kreditin ödənilməsi doğru deyil. Faizlə bağlı da qeyd etdiyim kimi, aşağı salınmasının bir yolu var, o da xaricdə saxlanılmış vəsaitlərin Azərbaycan banklarına həmin o kurs müqabilində gətiriməsidir. Düşünürəm ki, hökumət bu kimi güzəştlər edə bilər. Ancaq bankla ödəməçi arasında olan münasibətlərin, kredit öhdəliklərinin mənim, sizin hesabınıza edilməsi doğru deyil”.

Nərmin Haqverdiyeva