Dolların satışı rekord həddə çatıb

666

Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 17-də mütəşəkkil banklararası valyuta bazarına təxminən 153 milyon ABŞ dolları həcmində valyuta intervensiyası həyata keçirib. Bununla da bu həftənin ilk 4 iş günü ərzində AMB-nin valyuta satışı 493 milyon dollara çatıb.

Həftənin ilk günü (dekabrın 14-də) satış 102 milyon dollar, ikinci gün (dekabrın 15-də) 101 milyon dollar, üçüncü günü (dekabrın 16-da) isə 137 milyon dollara yaxın olub. Orta hesabla bu həftə gündəlik valyuta intervensiyası 123,25 milyon dollar təşkil edib. Bu, keçən həftənin analoji göstəricisi ilə müqayisədə 93% çoxdur.

Son bir ildə Mərkəzi Bankın həyata keçirdiyi aylıq valyuta intervensiyasının orta həftəlik göstəricidən məlum olur ki, bu həftə həmin orta göstərici rekord həddə çatıb. Nəzərə almaq lazımdır ki, dünən üçün satış həcmi hələ dəqiq olmadığına görə, bu həftənin göstəricisinın daha da artacağı gözlənilir.

Qeyd edək ki, ötən həftənin çərşənbə axşamı (dekabrın 8-də), Azərbaycan Dövlət Neft Fondunun valyuta satışını dayandırmasından sonra bazarda əməliyyatlara başlayan AMB, keçən həftə ərzində ümumilikdə (4 günə) 255 milyon dollar həcmində satış həyata keçirib. Bununla da keçən həftə orta günlük satış 63,75 milyon dollar olub. Son 8 iş günü ərzində isə AMB-nin ABŞ valyutasının satışı təxminən 748 milyon dollar təşkil edib. Nəticədə, dekabrın 1-nə 6,2 milyard dollara bərabər olan AMB-nin valyuta ehtiyatları 5,5 milyard dollara yaxınlaşıb.

Dünən Bakı şəhərinin mərkəzi hissəsində yerləşən valyuta mübadiləsi məntəqələrində nisbi alıcı artımı müşahidə olunub. “Report”un apardığı monitorinq nəticəsində müəyyənləşib ki, valyutadəyişmə məntəqələrində ABŞ dolları müştərilərdən təxminən 1,0540 AZN/USD məzənnəsi ilə alınır və 1,0560 AZN/USD-yə satılır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dünənə müəyyənləşdirdiyi rəsmi məzənnə 1,0499 AZN/USD-yə bərabər olub. Yəni, paytaxtın nağd valyuta bazarında dollar üzrə alış-satış əməliyyatları rəsmi məzənnədən təxminən 0,4% yüksək qiymətlə aparılır. Alıcıların üstünlük təşkil etdiyi valyuta məntəqələrində müştərilər əsasən 1-10 min dollar məbləğində nağd dollar kütləsi alır. Valyutadəyişmə məntəqələrindən verilən məlumata görə, dollara tələbin ilin sonuna qədər davam etməsi gözlənilir. Bununla yanaşı qeyd olunub ki, kommersiya banklarının valyutaya tələbatı Mərkəzi Bank tərəfindən tam qarşılanır.