Dollara tələbat səngimək bilmir

Mərkəzi Bank fevral ayının 21-də manatın kəskin devalvasiyasına gedərək valyuta ehtiyatlarını qorumağa çalışsa da, açıqlanan rəqəmlər göstərir ki, buna nail olmaq hələ ki mümkün olmayıb. Devalvasiyadan sonra – mart ayında Mərkəzi Bankın valyuta ehtiyatları daha 1 milyard 532,3 milyon dollar azalıb.
Ötən ay Mərkəzi Bankın (MB) valyuta ehtiyatları 1 milyard 532,3 milyon dollar və ya 13,9% azalaraq 9 milyard 472,1 milyon dollara düşüb. Cari ilin əvvəli ilə müqayisədə, yəni son 3 ay ərzində MB-nin valyuta ehtiyatları 4 milyard 286,2 milyon dollar və ya 31,1%, son 4 ay ərzində isə 5 milyard 524 milyon dollar azalıb. Mövzu ilə bağlı iqtisadçı alim Həzi Eynalov qəzetimizə verdiyi açıqlamada bildirdi ki, dolların bahalaşması dünyada və eyni zamanda da ABŞ iqtisadiyyatında baş verən proseslərlə bağlıdır. Müsahibimizin sözlərinə görə, dollara tələbatın artması indiki halda başadüşüləndir: “İnsanlar əllərində olan vəsaitlərin real dəyərini qorumağa çalışırlar. Dollara tələbat bundan sonra da davam edə bilər. Amma Mərkəzi Bank da sahib olduğu valyutanın hamısını xərcləmək istəməyəcək. Bu səbəbdən də hökumət bununla bağlı addımlar ata bilər”. Dolların gələcək taleyinin neft amilindən də asılı olduğunu deyən iqtisadçı alimin sözlərinə görə, bu mövzuda proqnoz vermək çətindir: “Hesab edirəm ki, hökumət dolların kəskin bahalaşmasına imkan verməyəcək. Çünki bu, baş verərsə, insanların sosial vəziyyətinə ciddi təsir edə bilər. Ancaq eyni zamanda hökumət ölkənin ixrac imkanlarını artırmağı düşünür ki, bu da dolların məzənnəsinin dünyada baş verən proseslərə uyğun tənzimlənməsini tələb edir”. “Mart ayında ehtiyatın azalma sürəti fevral ayındakı qədər olub”, – deyən iqtisadçı-ekspert Samir Əliyev isə belə hesab edir ki, ölkədə dollara tələbat tam ödənilməyib: “Böyük məbləğlərdə vəsaitlərin, xüsusən də qeyri-rəsmi pulların dollarlaşdırılaraq ölkədən çıxarılması ehtimalı getdikcə artır. Panikanın yaradılmasında da məqsəd ajiotaj “görüntüsü” fonunda böyükhəcmli vəsaitlərin dollara çevrilməsi və həmin vəsaitlərin əhalinin ayağına yazılmasıdır. Proseslər göstərir ki, Mərkəzi Bank manatın yumşaq devalvasiyasını davam etdirəcək. Narahatçılıq bundadır ki, manatın ucuzlaşması gözlənildiyindən də sürətli templə davam etdirilə bilər”.

Ötən ay Mərkəzi Bankın (MB) valyuta ehtiyatları 1 milyard 532,3 milyon dollar və ya 13,9% azalaraq 9 milyard 472,1 milyon dollara düşüb. Cari ilin əvvəli ilə müqayisədə, yəni son 3 ay ərzində MB-nin valyuta ehtiyatları 4 milyard 286,2 milyon dollar və ya 31,1% azalıb. Qeyd edək ki, MB-nin valyuta ehtiyatları ötən ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan – avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra heç vaxt aşağı düşməyib. Ötən ilin avqustunda baş verən azalma dünya bazarlarında xam neftin ucuzlaşması ilə bağlı olub. Lakin ötən ilin dekabr ayından başlayaraq MB-nin valyuta ehtiyatları kəskin azalmağa başlayıb. 2014-cü ilin dekabr ayında valyuta ehtiyatları 1 milyard 238 milyon dollar, 2015-ci ilin yanvar ayında 1 milyard 77,5 milyon, fevralı ayında 1 milyard 676,4 milyon, mart ayında isə qeyd etdiyimiz kimi 1 milyard 532,4 milyon dollar azalıb. Nəticədə son 4 ayda valyuta ehyiyatları 5 milyard 524 milyon dollar aşağı düşüb. Son bir il ərzində isə valyuta ehtiyatları 5 milyard 243,6 milyon dollar və ya 35,6% azalıb. Qeyd edək ki, 2014-cü ilin martın sonunda MB-nin valyuta ehtiyatları 14 milyard 715,7 milyon dollar olub.

Məlumat üçün onu da bildirək ki, MB-nin valyuta ehtiyyatları 2008-ci il ərzində 2 dəfəyə yaxın (45%) artaraq 3 milyard 370,4 milyon dollardan 6 milyard 137 milyon dollara qədər yüksəldiyi halda, 2009-cu ildə 15,9% və ya 976 milyon dollar azalaraq 5 milyard 161 milyon dollara düşüb. Bundan başqa, valyuta ehtiyatları 2010-cu ildə 19,5% və ya 1 milyard 245,9 milyon dollar artaraq 6 milyard 407 milyon dollara, 2011-ci ildə isə 63,5% və ya 4 milyard 73,9 milyon dollar artaraq 10 milyard 481,5 milyon dollara yüksəlib. 2012-ci idə isə 11,5% və 1 milyard 213,3 milyon dollar artaraq 11 milyard 694,8 milyon dollara çatıb. 2013-cü ildə isə artım 35% və ya 3 milyard 670,5 milyon dollar təşkil edib. Ötən il isə qeyd etdiyimiz kimi 2,8% və ya 393,7 milyon dollar azalaraq 13 milyard 758,3 milyon dollara düşüb.

“Devalvasiya istənilən halda baş verəcək: ya indiki templə, ya da daha sürətli”

MB-nin valyuta ehtiyatlarını kəskin azalmasının mart ayında da davam etməsinə münasibət bildirən iqtisadçı-ekspert Samir Əliyev bildrir ki, hətta 34%-lik kəskin devalvasiya valyuta ehtiyatını qoruya bilməyib: “Mərkəzi Bank mart ayında hər gün orta hesabla 50 milyon dollar intervensiya edib. Həmin vəsaitin təxminən yarısı qədər də Neft Fondu dəstək verib. Bu qədər vəsait panikanın qarşısını ala bilməyib. Vəziyyət gözlənildiyindən də pisdir. Mart ayında ehtiyatın azalma sürəti fevral ayındakı qədər olub. Bu onu göstərir ki, ölkədə dollara təlabat tam ödənməyib. Böyük məbləğlərdə vəsaitlərin, xüsusən də qeyri-rəsmi pulların dollarlaşdırılaraq ölkədən çıxarılması da ehtimalı getdikcə artır. Panikanın yaradılmasında da məqsəd ajiotaj “görüntüsü” fonunda böyük həcmli vəsaitlərin dollara çevrilməsi və həmin vəsaitlərin əhalinin ayağına yazılmasıdır. Proseslər göstərir ki, Mərkəzi Bank manatn yumşaq devalvasiyasını davam etdirəcək. Narahatçılıq bundadır ki, manatın ucuzlaşması gözlənildiyindən də sürətli templə davam etdirilə bilər. Mərkəzi Bank uzağı 2-3 ay ehtiyatların bu templə azalmasına imkan verəcək. Sonra sərt addımlar atmalı olacaq. Hadisələr indiki şəkildə davam edərsə, ajiotaj aradan qalxmazsa, Mərkəzi Bank devalvasiyanın tempini artırmaq və ya növbəti kəskin devalvasiya seçimi arasında qala bilər. Seçki amili kəskin devalvasiya seçimini çətinləşdirir. Ancaq büdcənin icrasında problemlərin yaranması hökuməti buna vadar edə bilər. Yumşaq devalvasiya isə istənilən halda baş verəcək: ya indiki templə, ya da daha sürətli”.

Allahverdi Cəfərov